“Hazırda Rusiya-Ermənistan münasibətlərində gərginlik hökm sürür. Xüsusən, 1998-ci ildə Ermənistan parlamentində baş vermiş gülləbaran olayı ilə bağlı araşdırma və verilən yekun rəy İrəvanın Moskva ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Çünki baş vermiş hadisədə Ermənistanda Rusiya Prezidenti Vladimir Putinin adı hallandırılıb”.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı açıqlamasını Teleqraf.com-a şərh edərkən politoloq Elşən Manafov belə deyib.
Ekspert deputat Andranik Köçəryanın Azərbaycana qarşı ittihamlarına da diqqət çəkib:
“Düzdür, parlamentdə çıxış edən deputat Akopyan iddia etdi ki, bununla bağlı fikirlər Azərbaycan KİV-də yayımlanıb. Amma 1998-ci ildə baş vermiş bu hadisələrə görə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi konkret olaraq Rusiyanın xüsusi xidmət orqanlarını və Prezident Vladimir Putini ittiham edib.
Düşünürəm ki, bu hal Ermənistan-Rusiya münasibətləri yaxşı heç nə vəd etmir.
Digər yandan, Kremldə Ermənistan Baş naziri Nikol Paşinyana başqa münasibət formalaşır. Artıq Kreml Paşinyana tamamilə şübhəylə yanaşır. Erməni baş nazirin birmənalı olmayan açıqlamaları, bu açıqlamaları verərkən Qərbə doğru boylanması, Qərbin maliyyə institutları ilə kreditlərin alınması yönündə apardığı danışıqlar, onun komandasında təmsil olunan nazirlərin Corc Sorosla əlaqəsi göstərir ki, Qərb və Rusiya arasında Ermənistan uğrunda gedən mübarizə kəskin fazaya daxil ola bilər.
Rusiya da Ermənistanı itirməmək üçün ya Paşinyana təzyiqi artıracaq, ya da öz maraqlarına uyğun siyasi elitanın hakimiyyətə gəlməsinə can atacaq. Bu mənada, Ermənistan daxilində Paşinyana müxalif mövqedə dayanmış və kifayət qədər maliyyə resurslarına sahib siyasi qüvvələr var.
“Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşmasına baxmayaraq, bu klanın kifayət qədər maliyyə imkanları mövcuddur. O cümlədən, Ermənistanın hərbi strukturlarına təsir imkanları olmamış deyil. Bu amillər Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı məsələdə xeyrimizə işləyə bilər”.
Elşən Manafovun sözlərinə görə, Türkiyə-Rusiya yaxınlaşması da erməniləri narahat edir:
“Əlbəttə, təkcə siyasi-hərbi sahədə deyil, iqtisadi və ticari sektorlarda da yaxınlaşma var. Fərqli baxışlarının olmasına baxmayaraq, Türkiyə və Rusiyanın Cənubi Qafqaza münasibətdə üst-üstə düşən maraqlarının olması Ermənistanı narahat edir. Düşünürəm ki, Sergey Lavrov Rusiya diplomatiyasının birinci şəxsi olaraq, həm də Türkiyə ilə münasibətlərin fərqinə varır. O anlayır ki, Azərbaycanla münasibətlərdə olan problemlərin həlli dolayı yolla Türkiyə-Rusiya münasibətlərinə də xoş təsir göstərəcək.
Bu, eyni zamanda, Ermənistanın küncə sıxışdırılması istiqamətində Rusiyanın hansısa formada ata biləcəyi addımları da ehtiva etməlidir.
Ümumi halda, hazırda Qarabağ münaqişəsinin həlli istiqamətində texniki xarakterli məsələlərdə anlaşmaların əldə edilməsi müşahidə edilir. Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi, təmas xəttinə yaxın ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan mülki əhalinin təhlükəsizliyinin təmini, humanitar əməkdaşlıq kimi məsələlər müzakirə edilir.
Bunlar sevindirici haldır, amma tam şəkildə münaqişənin həlli istiqamətində ciddi irəliləyişin olduğunu müşahidə etmirik”.
Qeyd edək ki, Sergey Lavrov açıqlama verərək, son görüşlərdə Azərbaycan və Ermənistan arasında əldə edilmiş anlaşmaların kağız üzərində qalmayacağını bildirib.