Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovla müsahibəni təqdim edir:
- Fərda müəllim, son dövrlər Yaxın Şərq və Afrika ərəb coğrafiyasında yeni siyasi təlatümlərin, müharibənin şahidi oluruq. Ərəbşünas mütəxəssis olaraq bu coğrafiyada baş verənləri necə qiymətləndirirsiz?
- Birincisi, biz ərəb coğrafiyasında böhran vəziyyətini görürük. İkincisi, ictimai islahatlar, cəmiyyətin yenilənməsi və Qərblə münasibətlərdə yeni mərhələ göz önünə gəlir. Biz bu mərhələnin hansı xüsusiyyətdə olacağını tam və dəqiq təsəvvür etməsək də, hökumətlər qarşısında çağırışları, köklü islahatları, qətiyyətli siyasət aparmaqla yanaşı, ictimaiyyətin həm iqtisadi, həm də ictimai həyata fəal və məsuliyyətli hazırlanması mərhələsinin gəldiyini görürük. Bunu indiyə qədər ənənəvi və dünyəvi diktator rejimləri uğurla həyata keçirə bilmədikləri üçün böyük problemlərlə qarşılaşmalı olublar. Eyni zamanda onlar Qərbin gözündə müəyyən qədər radikal siyasətləri ilə təhlükə yaratdıqları üçün məhdudiyyətlər və sanksiyalarla qarşılaşmalı olublar. Bu quruluşlar islahatlarla bağlı çağırışlara fikir verməyib, bunun nəticəsində də iqtisadi vəziyyət ağırlaşıb. Bu da son nəticədə sosial narazılıqlara, gərginliklərə və sarsıntılara gətirib çıxardı.
- Sizcə, müşahidə etdiklərimiz “Ərəb baharından” sonra yeni dalğadır?
- Xeyr. Biz 2011-ci ildə müşahidə etdiyimiz “Ərəb baharı” dalğasının təkrar təkanlarıdır. İndiki dalğalar böyük miqyaslı, bütövlükdə ərəb dünyasını əhatə etməsə də, ölkədaxili dərin hadisələrdən xəbər verir.
- Sudanda Ömər əl Bəşirin hakimiyyətdən devrilməsi ilə nəticələnən hərbi-siyasi prosesləri qanunauyğunluq hesab edirsiniz?
- Sudanda iqtisadi durum çox acınacaqlı idi. Əhalinin iqtisadi və maddi vəziyyəti təcili tədbirlərin həyata keçirilməsini tələb edirdi. Bu tədbirlərə getmək üçün isə hökumətin daxildə böyük resursları yox idi. Onlar çalışırdılar ki, sosial etirazların qarşısını müəyyən güzəştlərlə, məsələn, çörəyin qiymətinin ucuzlaşdırılması sayəsində dayandırsınlar. Sudanda maliyyə vəziyyəti isə tədricən məhdudlaşırdı, bu ölkəyə qarşı sanksiyalar mövcud idi. Hansısa yeni şərtlərlə kreditlərin alınması isə yuxarıda qeyd etdiyim islahatların aparılması ilə bağlı gerçəkləşə bilərdi. O ayrı məsələdir ki, islahatları aparmaq sosial tərəfdən gərginlik yaradır. Obna görə də Sudanda baş verənlərin qanunauyğunluğu üzə çıxdı. Bu mənada əslində biz bu dəyişiklikləri öncədən gözləməli idik.
- İndi baş verən hakimiyyət dəyişikliyi Sudanı düşdüyü vəziyyətdən və böhrandan çıxara biləcəkmi?
- Əslində mən bunu dəqiq deyə bilmərəm. Həm də Sudan bizim ərəbşünaslıqda o qədər də yaxşı öyrənilməyən sahədir. Hesab edirəm ki, Sudanın iqtisadi sahəsi ilə bağlı təhqiqat aparıb tutarlı fikir ifadə edə bilərik. Başa düşdüyüm qədər orada beynəlxalq maliyyə institutlarının maliyyə yardımı ilə iqtisadi və sosial dəyişikliklər aparmaq mümkün olsaydı, bunu sakit evolyusiya prosesi kimi gözləmək real görünərdi. Ancaq Sudanda korrupsiya, digər tərəfdən daxili etnik ziddiyyətlər var. Güman edirəm ki, bu vəziyyət daha çox üzə çıxarsa, biz Liviyada olan vəziyyətin Sudan timsalında nisbətən zəif təzahürlərini görə bilərik.
- Əlcəzairdə də hakimiyyət dəyişikliyi baş verdi. Bu ölkədə hansı proseslər müşahidə edilir?
- Əlcəzairdə islahatlar və siyasi yenilənmə daha az sürətlə gedirdi, bununla paralel olaraq narazılıq və yeniliyin gözlənmə hissi cəmiyyətdə öz yerini tuturdu. Qeyd edim ki, “Ərəb baharı” mərhələsi Əlcəzairdə özünü sarsıntılı formada ifadə etmədi və ölkəyə böyük zərbə vurmadı. Bu mənada ümid etmək olar ki, indiki siyasi durumun yenilənməsi ola bilsin, siyasi fəallığın artması, partiya quruculuğu daha sakit və islahatlar formasında irəliləsin.
- Liviyada isə faktiki müharibə gedir. Orada baş verənlər vətəndaş müharibəsidir, yoxsa böyük güclərin oyunçuları vasitəsilə qarşıdurması?
- Sözsüz ki, biz bütün böyük oyunçuların iştirakını görürük. Hətta biz Qərbin müəyyən qədər eyni siyasət apardığını müşahidə etmirik. Mənim bildiyim qədər Böyük Britaniya və Avropa ölkələri Tripolidə olan hökuməti dəstəkləyir. Halbuki marşal Haftarın tərəfində başqa siyasi qüvvələr, o cümlədən Səudiyyə Ərəbistanı və yəqin ki, ABŞ-ın olduğunu ehtimal edə bilərik. Bu hadisələrdə sanki bütün oyunçular iştirak edir və həm də fərqli yanaşmalar sərgiləyir. Bir müddət əvvəl İranın nüvə texnologiyasına münasibətdə ABŞ və Avropanın fərqli yanaşmaları olduğu kimi, sanki Liviyada da bu fərq özünü göstərməkdədir. Bu da ondan xəbər verir ki, nə qərbdə bir-birilə əlaqələndirilən siyasətdən danışmaq olar, nə də Avropa ölkələrinin ayrılıqda bir strategiyası var. Burada yeganə hesablanan yanaşma odur ki, bu qədər sarsıntılar Qərb cəmiyyətində öz qüvvələrinə inamı sındırır. Bu da Rusiyanın hadisələrə təsir imkanlarını genişləndirir.
- Rusların bu prosesdə fəallığı hansı dərəcədədir?
- Rusların bölgədə, ələlxüsus Liviyada fəallığı var. Ancaq rusların resurs və imkanları olacaqmı ki, Suriyada olduğu kimi, burada da qəti mövqe tuta bilsinlər? Mən buna şübhə ilə yanaşıram. İndi Rusiyanın nəinki Yaxın Şərqdə, eləcə də dünyanın başqa guşələrində fəallığını görürük. Məsələn, Venesuela məsələsində biz görürük ki, orada qanlı hadisələr baş verməsə də, qarşıdurmalar var və Rusiya bütün resurslarından istifadə edir. Yəqin ki, bu mərhələdən sonra biz Rusiya diplomatiyasının fəallığını müşahidə edəcəyik. Amma gərginlik yaransa və Rusiya qüvvələrinin burada iştirakı nəzərdə tutulsa, bunun mümkün olacağını zənn etmirəm. Yəni Rusiyanın imkan və resursları belə fəaliyyətə şərait yaratmır.