19 Aprel 2019 09:12
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma erməni soyqırımı iddiaları ilə bağlı Avropa və bütövlükdə Qərb dövlətlərindəki fəaliyyətlərin bir neçə motivi var. Bunlardan birincisi bu mövzudan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunmasıdır. Yəni, Türkiyə ilə Qərb dövlətləri arasındakı münasibətlərdə hansısa problem yarananda, ya da heç problem olmayıb, nəsə bazarlıq məsələsi olanda qondarma erməni soyqırımı iddialarını ortaya atırlar, bununla bağlı milli parlamentlərdə müzakirələr keçirirlər. Yəni, birinci istiqamət qondarma soyqırımı məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

O qeyd edib ki, ikinci istiqamət həmin ölkələrdəki erməni lobbisinin fəaliyyətindən qaynaqlanır:

“Erməni lobbisi təəssüf ki, kifayət qədər təşkilatlıdır, resursları çoxdur, sistemli fəaliyyət göstərir və bu məsələləri gündəmdə saxlaya bilir. Üçüncüsü o ölkələrin öz keçmişlərində, tarixlərində insanlıq əleyhinə törədilmiş cinayət halları varsa, o halları gizlətmək, gündəmdən kənarda saxlamaq üçün, ya da bizdən başqa da bu cür işlər görən xalqlar, dövlətlər olub rəyini yaratmaq üçün bu cür addımlar atırlar. Təəssüf ki, son İtaliya və Fransa nümunələrində, xüsusən Fransa nümunəsində bu istiqaməti görə bilirik. İtaliya ilə bağlı başqa problemlər var. Yəni, Türkiyə-İtaliya münasibətlərində birbaşa ikitərəfli münasibətlərdən qaynaqlanan, bir də ABŞ-la Türkiyə münasibətlərindən qaynaqlanan məsələlər əvvəlki illərdə də olub, indi də var. Ümumi olaraq götürdükdə, bunlar təzyiq vasitəsi, yaxud da öz cinayətlərini ört-basdır etmək vasitəsi, həmçinin erməni lobbisinin fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər”.

A.Aslanlı bildirib ki, daha bir məqam da var:

“XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Osmanlı dövlətindəki erməniləri qızışdıran, onları dəstəkləyən, Osmanlı dövlətinə zərər vermək üçün onlara müəyyən vədlər verən dövlətlər olub. Onların vədləri reallaşmayıb. Amma onların dəstəyi, təşviqi ilə müəyyən erməni silahlı qrupları Anadoluda qətliamlar törədib. Bu qətliamlara baxmayaraq, onların niyyətləri reallaşmayıb. Bəzən də onlar erməniləri silahlandırdıqları, Osmanlıya qarşı qiyama təhrik etdikləri üçün bu gün bu istiqamətdə parlamentlərdə müzakirələr aparmağı bir borc kimi hiss edirlər. Fikirləşirlər ki, nəsə etməli, yeni addımlar atmalıdır. O dövrdə erməniləri silahlandırarkən onlara vədlər də vermişdilər. Demişdilər ki, biz sonadək sizin arxanızda dayanacağıq. Amma dayana bilmədilər. Qurtuluş savaşında Türkiyənin ərazi bütövlüyü qorunub saxlanıldı. Yəni, bu motivlərin hamısı var”.

“Bəs buna qarşı nə etmək olar” sualını da cavablandıran A.Aslanlı deyib:

“Təəssüf ki, bizdəki addımların önəmli bir qismi reaksiyadan ibarətdir. Yəni, hansısa dövlətdə erməni lobbisi fəallıq göstərəndə, yaxud o dövlətdə Türkiyə və Azərbaycan əleyhinə xüsusi addım atılanda cavab xarakterli addım atırıq. Yəni, bizim fəaliyyətimi mütəmadi deyil. Sadəcə ermənilər bir şey edirsə, ona qarşı cavab veririk. Əsasən belə olur. Təbii ki, hamısı belə deyil. Son illərdə Azərbaycan və türk diasporu, eləcə də dövlət orqanları, xaricdə oxuyan tələbələrimiz ciddi işlər görürlər. Amma bu erməni lobbisinin fəaliyyəti ilə müqayisədə zəifdir. Təəssüf hissi ilə deyirəm ki, diplomatk cəhətdən ardıcıllığı görmürük. Baxmayaraq ki, son illərdə daha müsbət xarakterli işlər var. Amma ümumi götürdükdə arzu olunan diplomatik ardıcıllıq yoxdur. Arzu olunan sistemli, peşəkar lobbi fəallığı da yoxdur. Hesab edirəm ki, bu istiqamətdə işləri artırmaq lazımdır. Bu istiqamətdə işlər artandan sonra da bu iş bitməyəcək; bu, həmişə olacaq. Amma ən azı diplomatik olaraq Türkiyə və Azərbaycan ciddi zərbə almayacaq, maraqlarımızı daha çox müdafiə etmiş olacağıq və sair”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Fransa təqviminə “erməni soyqırımı” ilə bağlı anım gününün əlavə edilməsi ilə bağlı fərman verib. İtalya parlamenti isə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması haqda qanun qəbul edilməsini müzakirə edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər