ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırması və növbəti sülh danışıqlarının Vaşinqtonda keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu əslində Rusiyanın münaqişənin həllini öz inhisarına almaq cəhdinin qarşısını almaq deməkdir.
Bu fikirləri Teleqraf.com-a ABŞ dövlət katibi Pompoenun Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının növbəti raundunun Vaşinqtonda keçirilməsi təşəbbüsünü şərh edən DİP sədri, deputat Asim Mollazadə bildirib.
Onun fikrincə, əslində Minsk qrupu institutu işləməli, öz diqqətini münaqişənin sürətli həllinə və sülh istiqamətində real addımların həyata keçirilməsinə yönəltməlidir: “Vaşinqtonun bu təşəbbüsünü mən müsbət qiymətləndirir, düşünürəm ki, növbəti danışıqlarda real razılıqlar ortaya çıxa bilər. Ümumiyyətlə bu istiqamətdə Rusiya, Fransa və Amerikanın qarşılıqlı fəaliyyəti beynəlxalq hüquq normalarının bərpasına yönəltməlidir. Çünki hər üç ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür və BMT-də qəbul edilən qətnamələrə bu ölkələr səs verib. Bu qətnamələr də Azərbaycanın işğal edilən ərazilərinin qeyri-şərtsiz azad edilməsini nəzərdə tutur. Məncə, Vaşinqton görüşü etimad mühitini yerinə yetirə, habelə qətnamələri yerinə yetirməklə Ermənistan Azərbaycan tərəfindən real addımlar atmasına səbəb ola bilər. Məncə, Vaşinqtonda təqvim müzakirə edilməli, Ermənistan öz silahlı qüvvələrini hansı təqvim əsasında işğal edilən Azərbaycan torpaqlarından çıxaracağı gündəmə gəlməlidir”.
Asim Mollazadənin qənaətincə ABŞ-ın indiki məqamda belə təşəbbüslə çıxış etməsi təsadüfi deyil: “ABŞ çox narahatdır ki, bu prosesi Rusiya yenidən özünün inhisarına almaq istəyir və bu danışıqlar Moskvanın inhisarında olduqda qısa müddət sonra pozulur. Sözsüz ki, bu təşəbbüslə Amerika həm də öz marağını güdür. Amma eyni zamanda Vaşinqton bu bölgədə sülhün yaranmasında maraqlı tərəfdir. ABŞ-ın regionda silahlı qüvvələri yoxdur və düşünmür ki, münaqişənin hesabına bölgədə öz silahlı qüvvələrini yerləşdirib saxlaya bilsin. Burada ancaq Ermənistan hərbi bazaya çevrilib və münaqişənin həlli üçün addımlar atarsa özünün müstəqilliyinə doğru irəliləyiş də əldə edə bilər”.