ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Vaşinqtonda aparılmasını təklif etməsi Rusiya ilə rəqabətin nəticəsidir. Birləşmiş Ştatların Qarabağ münaqişəsinin həllinə yanaşması ərazi bütövlüyünü özündə ehtiva edir. Sülh qarşılığında ərazilərin qaytarılması Vaşinqtonun düsturudur.
Bunu Teleqraf.coma-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Vaşinqton danışıqlarda substantiv mərhələnin başlanmasına çalışaraq İrəvanı güzəştə getməyə məcbur edə bilər:
“Çünki İrəvanın Qarabağ siyasəti üzündən Vaşinqton Rusiyanın regionda mövqeyini zəiflədə bilmir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun planı da bu xüsusdadır”.
Siyasi şərhçi deyib ki, Azərbaycan tərəfi Vaşinqton görüşünə daha isti yanaşmalıdır:
“Həmsədr dövlətlərdən yalnız bu ölkə münaqişənin həllində maraqlarımıza uyğun mövqe ortaya qoyur. Moskva isə ərazilərin boşaldılmasına çalışmır, işğalı uzatmaq üçün humanitar təşəbbüslər irəli sürür. Zənnimcə, Moskva və Vaşinqton arasındakı bu yarış bizim xeyrimizədir. Ermənistan Vaşinqton görüşündən məmnun deyil. Çünki ərazilərin boşaldılması təklifi Vaşinqton tərəfindən masaya qoyulacaq. Rəsmi Bakı Vaşinqtonun bu təşəbbüsünə dəstək verməli və çalışmalıdır ki, ABŞ prosesdə daha fəal olsun”.
M.Əsədullazadə onu da bildirib ki, Vaşinqton görüşü real nəticələrə söykənən bir proses ola bilər.