Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası mayın 22 və 23-də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda dördüncü Trans-Xəzər Forumunu keçirəcək.
Teleqraf.com xəbər verir ki, 2016-cı ildən ardıcıl olaraq hər il keçirilən forum Birləşmiş Ştatların siyasət və biznes liderlərini və Trans-Xəzər dəhlizi ölkələrinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması, biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirir.
ABŞ Ticarət Palatasının Vaşinqtondakı baş ofisində həyata keçiriləcək növbəti Trans-Xəzər Forumu Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən olan biznes liderləri, xarici siyasət mütəxəssisləri və dövlət rəsmilərini bir araya toplayaraq onlara yeni istiqamətləri araşdırmaq və yeni imkanları müəyyən etmək üçün arena yaradır.
Amerika Birləşmiş Ştatları Bakı-Tbilisi-Ceyhan neft boru xəttini, Bakı-Tbilisi-Qars dəmir yolunu, Cənub Qaz Dəhlizini,Lapis-Lazuri nəqliyyat dəhlizini dəstəkləyərək, Xəzər regionunda əlaqələr yaratmaq üçün həyata keçirilən layihələrdə böyük rol oynayıb. Trans-Xəzər Forumu ABŞ-ın region ölkələrini gücləndirməkdə öz rolunu artırmaq üçün növbəti addımları və konkret tövsiyələri müəyyən etmək üçün hökumət rəsmilərini və biznes liderlərini görüşdürür.
Xəzər Siyasət Mərkəzi Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzidir. Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Xəzər Siyasət Mərkəzinin əsas tədqiqat obyektini təşkil edir.