Teleqraf.com hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədovla müsahibəni təqdim edir:
- Rüstəm müəllim, ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu, İran isə ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Komandanlığını terror təşkilatı elan edib. Bu qarşıdurma hansı həddə qədər inkişaf edə bilər?
- Hesab edirəm ki, beynəlxalq münasibətlərdə bu durum heç də ürəkaçan deyil. Bu, bütövlükdə bütün dünyada çaxnaşmaya gətirib çıxara bilər. Amerika İrana görə rahat deyil. Çünki ABŞ İsrailin təhlükəsizliyi öhdəliyini götürüb. Bu öhdəliyə görə də rahat durmur. İran da rahat durmur, ona qarşı edilən istənilən hücuma cavab verir. Ona görə də indi faktiki olaraq tərəflər arasında əsəb müharibəsi gedir.
- Hazırda ABŞ İrandan neft ixrac edən 8 dövlətdən bu alqı-satqını dayandırmağı tələb edib. Əks təqdirdə onlara sanksiya tətbiq olunacağını elan edib. ABŞ istəyinə nail ola bilərmi?
- Əslində bu da yuxarıda qeyd etdiyimiz oyunun bir hissəsidir. Amerika İrandan əl çəkmir və bu da İsrailin təhriki ilə baş verir. Dünya isə bununla razılaşmır. Digər tərəfdən, hər bir ölkənin özünün maraqları var. Dövlətlər öz maraqlarını qoyub nədən başqa dövlətin, indiki halda Amerikanın maraqlarına tabe olmalıdır? Amerika gücü və imkanlarından istifadə edərək, İrana qarşı onunla bir sırada olmayan ölkələri özünə tabe etmək, ən azı Tehranla əlaqələrinin dayandırılmasına nail olmaq istəyir. Bu da alınmır. Hesab edirəm ki, dünyanı heç də xoş və firavan bir durum gözləmir.
Qarabağ məsələsində də ciddiləşmə gedir, müharibənin ətir-qoxusu hər yerə yayılıb. Bu tərəfdən də Amerika-İran qarşıdurması müşahidə edilir. Mən heç Rusiya-Amerika qarşıdurmasını demirəm. Bunlar yaxşı hal deyil və bu cür gedişatla dünyanı çox ciddi sınaqlar gözləyir. Sizə deyim ki, 1959-1960-cı illərdə Sovet İttifaqı ilə Amerika arasında qarşıdurmanın güclənməsindən sonra ən kəskin qarşıdurma indi yaşanır.
- ABŞ-ın təzyiqi nəticəsində Çin, Hindistan, Türkiyə və digər ölkələr İrandan neft alışını dayandıra bilərmi?
- Dayandıra bilməyəcək. Hesab edirəm ki, ABŞ-ın buna gücü çatmayacaq. Ehtimalım budur ki, indiki mərhələdə Vaşinqton sadəcə, hədə-qorxu gəlir. Həm də adı çəkilən ölkələr İran neftindən imtina etsələr, daxili iqtisadiyyatları batar. Bu halda həmin ölkələr nə etməlidir? Amerikanın sözünə qulaq asıb milli iqtisadiyyatlarını batırmalıdırmı? Onlar buna getməyəcək. ABŞ əslində xox gəlir və həmin ölkələr də başa düşür ki, bu Vaşinqtonun “xox” cəhdidir. ABŞ Türkiyəyə nə edə bilər? Heç nə. O cümlədən də Hindistana və ya Çin dövlətinə. Bu əslində boş söhbətdir. Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər. Tramp siyasəti də bir növ buna bənzəyir. Fikrimcə, o, öz başına oyun açacaq. Məncə, ABŞ-ın qızıl dövrü Barak Obamanın dövrü idi və bunu indi də qiymətləndirə bilmirlər.
- Bu gün bəlli olub ki, ABŞ-ın Hərbi Donanmasının beşinci filosu elan edib ki, əgər İran Hörümüz boğazını bağlamağa cəhd göstərsə, cavab zərbəsi alacaq...
- Müharibə qoxusunun gəldiyi açıq-aydın hiss olunur. Aydındır ki, İran Amerikaya qarşı hansısa tədbirlər görməyə çalışacaq. Bu tədbirlərin nədən ibarət olacağını Allah bilir. İran rahat və sakit dayanacaq dövlət deyil və Amerikaya qarşı düşmənçiliyini hər yerdə nümayiş etdirir. Amerika da bundan qıcıqlanır. Bir daha vurğulayım ki, Vaşinqtonu qızışdıran tərəf İsraildir.
- 2020-ci ildə ABŞ-da prezident seçkiləri olacaq. İkinci dəfə prezident seçilmək istəyən Trampa müharibə lazımdırmı?
- Donald Tramp aranı qarışdırmadan siyasətdən getməyəcək. O başa düşür ki, şahlığı baş tutmur. Baxın, gələndən ancaq hədə-qorxu dili ilə danışır. Odur ki, ikinci bir Hitler kimi aranı qarışdıracaq. Beləcə dünyada oyun çıxaracaq. Amerika onu impiçment etməlidir ki, canı Trampın əlindən qurtarsın.
- Hazırda ABŞ Konqresinin Nümayəndələr Məclisində impiçment haqqında danışmağa başlayıblar...
- Bu, mütləq olacaq. Trampı sonda impiçment edəcəklər. Şəxsən mən bunu gözləyirəm. Vəziyyət dramatik şəkildə inkişaf etməkdə davam etsə, impiçment reallığı ortaya çıxacaq.
- Bu gün Rusiyanın “Starıy Oskar” sualtı qayığı Bosfor boğazını keçərək, Aralıq dənizinə daxil olub. Hazırda Aralıq dənizində ABŞ-ın 6 hərbi gəmisi mövqe tutur. Bu xətt üzrə də Moskva-Vaşinqton kəskinləşməsi yaşana bilərmi?
- Belə bir kəskinləşmə gözləniləndir. Bu irin hansısa anda partlayıb üzə çıxacaq. Ya İranla, ya Rusiya ilə, ya Çinlə, ya da başqa dövlətlə münasibətdə bu irin partlayıb üzə çıxmalıdır.
- ABŞ-ın Moskvadakı səfiri Con Huntsman “Rusiya beynəlxalq miqyasda sabitliyi pozan davranışlardan imtina etməlidir. Hərbi gəmilərimiz 100 min ton beynəlxalq diplomatiya ağırlığındadır” deyərək Rusiyaya sərt xəbərdarlıq edib...
- Bunların hamısı hələlik söz və əsəb davasıdır. Amma günün birində bu irin partlayacaq. Amerika rahat dayana bilmir. Trampın məntiqi əslində Amerikanı uçuruma doğru aparır. Bunun müsbət nəticəsi olmayacaq.
- Ukraynada prezident seçkilərində şoumen Zelenski qalib gəldi. Ukraynanın gələcəyini necə görürsünüz?
- Ukrayna Rusiya ilə yaxınlaşacaq və bununla da problem ortadan qalxacaq. Başqa variant yoxdur.
Qaldı ki, aktyorun prezident seçilməsinə, buna normal yanaşmaq lazımdır. Bu saat dünya şoumenlər dünyasıdır. Bəyəm Donald Tramp şoumen deyil? Bu da həmin seriyadandır. Ukrayna Amerika variantını bir növ təkrar edir. Əgər yeni Ukrayna hakimiyyəti Rusiya ilə yaxınlaşsa, müsbət nəticələr əldə edəcək. Əks təqdirdə aləm qarışacaq və Ukraynanın vəziyyəti xarablaşacaq.
- ABŞ təklif edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti Qarabağ danışıqları Vaşinqtonda keçirilsin. Siz bu təşəbbüsdən nə gözləyirsiniz?
- ABŞ-da görüşün keçirilməsini Rusiya tormozlaya bilər. Rusiya bu işə Amerikanı buraxmaq istəmir. Amerika bura addımını atan kimi Ermənistan başlayacaq bizə qarşı qaynamağa və vəziyyəti gərginləşdirməyə. Bu mənada danışıqlar Rusiya vasitəsilə aparılmalıdır.
- Ancaq son 20 ildə danışıqlar Rusiyanın nəzarəti altında olsa da, nəticə əldə olunmayıb...
- Rusiya nə Ermənistana, nə də Azərbaycana inanır. Ona görə də çalışır ki, ipin ucunu əldən verməsin. Əldən versə, ip getdi. Odur ki, Rusiyanın təsiri ABŞ-la müqayisədə daha güclüdür.
Cavad