Strateji Hücum Silahlarına dair Saziş Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanıb və 5 fevral 2011-ci ildə qüvvəyə minib. Sözsüz ki, iki böyük dövlət arasında belə bir sazişin imzalanması yaxşı haldır. Amma biz başa düşməliyik ki, bu sazişə baxmayaraq, bütün ölkələr gizli işlər aparırdılar və paritet həmişə kiminsə xeyrinə bir balaca pozulurdu.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib.
O qeyd edib ki, bəşəriyyətin özünü nüvə müharibəsindən qoruması üçün dünya ölkələrinin belə bir sazişi olmalıdır:
“Trampın təklifinin real olub-olmayacağını demək çətindir. Bir məsələ də var ki, ilkin saziş bağlanana qədər də iki ölkənin strateji hücum silahlarını çoxaltmasına baxmayaraq, onlar bu silahlardan istifadə etmirdilər. Demək, saziş olmadan da bunu etmək mümkündür. Saziş sadəcə, bu işi daha təhlükəsiz formada etməyə kömək edir”.
A.İsazadə qeyd edib ki, D.Trampın belə bir təkliflə çıxış etməsinə Rusiyanın qoyulan kvotanı aşması səbəb olub:
“Rusiya daha əvvəllər bağlanmış layihələr üzərində işləməyə başlamışdı. Putinin göstərdiyi raketlər köhnə sovet layihələri idi, sadəcə belə deyək, arxivdən çıxarıb onların üzərində iş aparmağa və yeni strateji hücum silahları istehsal etməyə başladılıar”.
Qeyd edək ki, CNN televiziyası ABŞ Prezidenti Donald Trampın Rusiya və Çinlə yeni nüvə razılaşması imzalamaq niyyətində olduğuna dair məlumat yayıb. Məlumata görə, D.Tramp bununla bağlı müvafiq nazirliklərlə iş aparır. Ağ evin bir yüksək rütbəli nümayəndəsi bildirib ki, prezident silahsızlaşdırmaya dair nəzarəti Rusiya və Çinin də həyata keçirməsini istəyir.