29 Aprel 2019 19:27
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri, xanım Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkəsinin Xorvatiya olduğunu bildirib.

Milli Məclis sədri görüş zamanı xatırladıb ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin 25 ili tamam olur: “Bu illər ərzində əməkdaşlıq müstəvisində əldə etdiyimiz uğurlar sevindiricidir. Azərbaycanla Xorvatiya dost ölkə, strateji tərəfdaşdırlar. Bu, siyasi, iqtisadi, humanitar sahələrdə özünü büruzə verməkdədir. Heç də təsadüfi deyil ki, dövlət başçılarımız son 4 ildə 4 dəfə görüşüblər. 2013-cü ildə ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında “Zaqreb Bəyannaməsi” münasibətlərimizin necə yüksək səviyyədə olmasının göstəricisidir.

Biz Xorvatiya ilə iqtisadi sahədə də əlaqələrin genişlənməsinə böyük əhəmiyyət veririk.

Bu gün enerji, turizm, gəmiqayırma, kənd təsərrüfatı kimi bir çox sahələrdə əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 250 milyon ABŞ dollarına yaxın olub. İnanırıq ki, gələcəkdə bu sahədə daha böyük göstəricilər əldə edəcəyik”.

Milli Məclis sədri bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Qafqazın bu bölgəsinə Avropa ölkələrinin diqqətini daha da artırmaqdadır: “Biz Xorvatiyanın NATO-da və Avropa İttifaqında Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda prinsipial məsələlərin müzakirəsi zamanı fikir mübadiləsi aparır, mövqelərini dəqiqləşdirirlər. Sevindirici haldır ki, bu gün hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Onların daim təmasda olması, qarşılıqlı səfərləri münasibətlərimizin dərinləşməsinə öz töhfəsini verir”.

Xanım nazir Mariya Peyçinoviç Buriç ölkəsi haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Xorvatiya Azərbaycanla dostluğa böyük önəm verir və Qafqazın bu bölgəsini özünə strateji tərəfdaş kimi qəbul edir.

Diplomat əlavə edib ki, Xorvatiya tərəfdən təyin olunacaq yeni səfir əlaqələrimizin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, bu gün Oqtay Əsədov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu da qəbul edib.


Müəllif: Cavad

Oxşar xəbərlər