“Keçmiş prezident Robert Köçəryanın həbsi və məhkəməyə çıxarılması, daha çox Ermənistanın daxili ictimai-siyasi reallıqları ilə əlaqədardır”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin fikrincə, “Qarabağ klanı”nın hökumət daxilindəki və parlamentdəki mövqelərinin zəiflədilməsi Baş nazir Nikol Paşinyanın əsas hədəflərindən biridir:
“Köçəryan isə bu klanın liderlərindən biridir və onun Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələri hər kəsə bəllidir. Bu mənada, Paşinyan Robert Köçəryanı həbsdə saxlamaqla həm bu klanın ən güclü nümayəndəsini zərərsizləşdirir, həm də onu Rusiyanın adamı kimi həbs etməklə Qərbin dəstəyini qazanmış olur. Məlumdur ki, Paşinyan Qərbin maliyyə institutlarının maliyyə dəstəyi ilə hakimiyyətə gəlib. Əlbəttə, Qərb qarşısında müəyyən öhdəlikləri var.
Bu gün Ermənistan, ümumən Cənubi Qafqaz uğrunda Rusiya və Qərb arasında gedən geosiyasi mübarizə yeni mərhələyə daxil olub. Paşinyan da bunu başa düşür. Qərbin maliyyə dəstəyini qazanmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Köçəryanın həbsi də Qərbdən müsbət dividentlər qazanmaq baxımından anlaşılandır”.
Elşən Manafovun sözlərinə görə, Nikol Paşinyan seçkiqabağı kampaniya dönəmində ölkədə korrupsiyaya qarşı mübarizə aparacağı vədini vermişdi:
“Korrupsiya halları da keçmiş hakimiyyətlə əlaqələndirilir. Bu baxımdan, Köçəryanla yanaşı, Yuri Xaçaturovun həbsi də təsadüfi deyil. Məlumdur ki, Xaçaturov “Rus NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi idi. Lakin Rusiyanın təhdid və xahişlərinə baxmayaraq, Paşinyan Xaçaturovun da həbs etdirdi. Paşinyan bu həbslərlə özünə xeyir gətirən dividentlər əldə etmək niyyətindədir. Seçicilərin diqqətini ölkənin daxili sosial-iqtisadi problemlərindən yayındırmaq və korrupsiyaya qarşı mübarizədə bir görüntü yaratmaq niyyətini ortaya qoyur.
Eyni zamanda, Robert Köçəryanın həbsi Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması ilə bağlı bir görüntü yaratmağa da xidmət edir. Ermənistan məhkəmələrinin acınacaqlı vəziyyəti göz qabağında idi. Bu mənada, Paşinyan məhkəmə hakimiyyətinin də keçmiş iqtidarın korporativ maraqları müstəvisində qurulduğunu bəyan edib. Düşünürəm ki, Köçəryanın həbsi bu reallıqların qabardılması baxımından Paşinyan üçün önəmlidir”.