Teleqraf.com Gürcü Arzusu Partiyasının deputatı Mahir Dərziyevlə müsahibəni təqdim edir:
- Mahir müəllim, Gürcüstanda Keşikçidağ Alban məbədi ətrafında yaranan durumla bağlı nə deyə bilərsiz?
- Bu məsələnin kökündə Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyanın başa çatmaması dayanır. Təxminən 20 il əvvəl delimitasiya və demarkasiya prosesinə başlanılıb və sərhədlərin böyük bir hissəsi müəyyən edilib. Ancaq sərhədin az bir hissəsində delimitasiya və demarkasiya başa çatmayıb. O cümlədən Azərbaycan tərəfinin Keşikçidağ, Gürcüstan tərəfinin David Qareci adlandırdığı məbədinin yerləşdiyi ərazidə. Gürcüstan və Azərbaycan dost, qardaş ölkə, həmçinin strateji müttəfiq dövlətlərdir. Dostluğun və müttəfiqliyin də alternativi yoxdur. Mən sosial şəbəkələri izləyirəm, təəssüflər olsun ki, siyasətdən uzaq diletant şəxslər, hər iki tərəfdən gənclər qısa müddətdə böyük kampaniyaya başladılar. Qarşılıqlı hücumlar, ittihamlar və s. Fikrimcə, bunun özü bizə təsəvvür etməyə imkan verir ki, bu amildən hər iki ölkənin düşmənləri necə istifadə edə bilər. Azərbaycan və Gürcüstanın yaxın əlaqələrini hər vasitə ilə pozmağa çalışan müəyyən xarici qüvvələr, ölkələr var. Bunu nəzərə almaq lazımdır. Əlbəttə, məsələ həssas məsələdir. Gürcüstan və Azərbaycan tərəfinin özünün dəlilləri var. Gürcüstan tərəfi onu qədim gürcü məbədi hesab edir, Azərbaycan tərəfi isə Alban məbədi adlandırır. Bu cür məsələlərdə emosiyalara qapılmaq olmaz. Məncə, belə halları sakit və qarşılıqlı hörmətə əsaslanan dialoq vasitəsilə müzakirə etmək lazımdır. Hər iki tərəf problemin həlli üçün öz iradəsini ortaya qoyub. Gürcüstan tərəfi ilə yanaşı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü də Azərbaycanın delimitasiya və demarkasiya prosesini başa çatdırmaqda maraqlı olduğunu ifadə edib. Belə şəraitdə ancaq danışıqlar, dialoq yolu və komissiyanın işi ilə məsələni həll etmək lazımdır. Şəxsən mən belə məsələlərdə emosiyaya uymağı zərərli sayıram.
- O halda sual yaranır: nədən məsələ gürcü mediasında qabardılır?
- Əslində sizə deyim ki, məsələnin belə qabardılması heç də bizim iqtidarın xeyrinə deyil. Yəni bundan bizim rəqiblərimiz yetərincə yararlanır, hökuməti fəaliyyətsizlikdə ittiham edirlər. Düzdür, mən onları ciddi siyasətçi saymıram. Leyborist Partiyasının lideri Şalva Natelaşvili və ya sabiq müdafiə naziri Okuraşvili kimi şəxslər gürcü cəmiyyətində reytinqi olmayan siyasətçilərdir. Belə siyasətçilər də çox məsuliyyətsiz bəyanatlar verir, məsələn, Azərbaycanı Gürcüstan ərazisinə təcavüzdə ittiham edir, BMT Təhlükəsizlik Şurasının iclasının dərhal keçirilməsini tələb edirlər. Hansı ki, bu şəxslərin gürcü cəmiyyətində ciddi dayağı yoxdur və məsuliyyətsiz bəyanatlarla vəziyyəti qəlizləşdirirlər. Halbuki iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq məsələ danışıqlar yolu ilə həll edilməlidir. Bir daha təkrar edirəm ki, bu məsələdə emosiyalara uymamaq, müdrik və təmkinli hərəkət etmək lazımdır.
- Bu məsələ Gürcüstan parlamentində müzakirəyə çıxarılıbmı?
- Yox. Bu məsələ parlamentdə müzakirə edilməyib, sadəcə olaraq parlamentin həftəaşırı iclasları olur. Deputatlara çıxış üçün söz verilir. Deputatlar çıxış edərək məsələyə münasibətini bildirir. Mənim həmkarım Savalan Mirzəyev dünən çıxış edərək, mənimlə eyni mövqe ifadə etdi və bildirdi ki, iki ölkənin dostluğunu istəməyən qüvvələr bundan yararlanmağa çalışır, belə məsələlərdə qızğın və tələsik qərar vermək olmaz. Parlamentin müxalifətdən olan deputatı Çiçinadzedə bizim hökuməti qətiyyətsizlikdə günahlandırdı. Yəni deputatlar şəxsi fikirlərini deyir, amma bu məsələ müzakirəyə çıxarılmır.
- Bəs nədən qəfildən Gürcüstanda siyasətçilərin yadına Keşikçidağ məbədi düşdü. Niyə bu məsələ 1 ay əvvəl deyil, məhz bu günlərdə yada düşüb?
- Bunun səbəbini deyim. Aprelin 28-də pravoslav dünyası Pasxa Bayramını qeyd etdi. Hər il Pasxa və digər dini bayramlarda David Qareci məbədini çoxlu zəvvar ziyarət edir. Yəni adi günlərlə müqayisədə dini bayramlarda ora yüz qat çox insan gedir. Bu zaman orada basabas yaranır. Azərbaycan tərəfini də anlamaq olar, yəqin ki, sərhəd rejimi ilə bağlı müəyyən önləmlər alıb, sərhədçilərin sayı artırılıb. Bu da müəyyən anlaşılmazlıqlara, ziyarətçilərin diskomfort halları yaşamasına, yolların bağlı olmasına, hərəkətin dayanmasına səbəb olub. Bundan da bəzi qüvvələr yararlanmaq istəyir. Sizə deyim ki, bu, ilk hadisə deyil, zaman-zaman bu tip məsələlər gündəmə gəlib. Mən Gürcüstanda yaşayıram və gözümü açandan “Azərbaycan sərhədi bağladı, ziyarətə imkan vermir” kimi fikirləri mətbuatda görmüşəm. Gürcüstan xarici işlər naziri də cəmiyyətə açıqlama verib bildirdi ki, azərbaycanlı həmkarı ilə telefon danışığı aparıb və bir neçə saat ərzində problem yoluna qoyulub, zəvvarlarla bağlı çətinlik həll edilib. Bir daha qeyd edirəm ki, bu məsələ zaman-zaman gündəmə gəlib. Bu dəfə məsələnin gündəmə gəlməsi də ziyarətlə əlaqəli olub. Bəzi qüvvələr isə bundan yararlanmaq istəyib.
- Ancaq proses ilk dəfə Gürcüstandan başlandı...
- Xeyr.
- Gürcüstan prezidentinin bəyanatları bunun əyani göstəricisidir. Əslində prezident müvafiq kanallar vasitəsilə mövqeyini Bakıya çatdıra bilərdi...
- Prezident Salome Zurabişvili özünəməxsus siyasətçidir. Onun Yerevanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatı bu günə qədər heç bir gürcü siyasətçisi verməyib. Yerevana rəsmi səfəri zamanı birmənalı olaraq bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. Sözsüz ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, müdafiə edir. Amma bu şəkildə Yerevanda bəyanat verən yalnız xanım Zurabişvili olub. Prezidentin dilindən bu bəyanatın səslənməsinə gəldikdə, açığı gürcü cəmiyyətində də bununla bağlı tələblər, istəklər var.
- Leyboristlər Partiyasının sədrinin azərbaycanlıları təhqir etməsi faktı da göz önündədir...
- Bəli, bu partiyanın sədri siyasi avantüristdir. Gürcüstanda onu ciddiyə alan yoxdur. Bu şəxsin 3 faiz elektoratı var. Əslində guya fəhlə partiyasının sədridir, amma bu adam milliətçi, radikal şüarlarla çıxış edir. Keçmiş müdafiə naziri də bir bəyanat verdi. Gürcüstanda millətçi siyasətçilər var və onların az-çox elektoratı da var. Sizə deyim ki, qarşıdan gələn seçkilərdə şimal qonşumuz da bundan yararlanmaq istəyə bilər. Azərbaycanı düşmən gözündə təqdim etmək istəyən qüvvələr var. Türkiyə ilə münasibətlərin pozulmasında maraqlı olanlar da var. Amma ciddi siyasətçilər, iqtidarda olan qüvvə daim Azərbaycan və Türkiyə ilə olan strateji müttəfiqliyə böyük dəyər verib. Və buna heç bir vasitə ilə xələl gətirməyə yol vermirlər. İndi də mövqe analojidir. Yəni Azərbaycanla olan münasibətlər zədələnməməli, problem danışıqlar masası ətrafında həll olunmalıdır.
- Prezident Salome Zurabişvili “Amerikanın səsi” radiosunun Gürcüstan xidmətinə müsahibəsində Keşikçidağ məbədinə ziyarətini nəzərdə tutaraq, “Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir?” deyə sual verib. Əgər məbəd mübahisəlidirsə, ən azı demarkasiya və delimitasiya başa çatmayıbsa, nədən bunu öz ərazisi saya bilər?
- Delimitasiya və demarkasiya prosesinin gedişində müəyyən ərazi qarşı tərəfə güzəştə gedilir, onun əvəzində müəyyən ərazi verilir. Bunu kim nə bilir? İndi həmin ərazi Azərbaycanın dövlət sərhədləri daxilindədir, amma delimitasiya və demarkasiya olmayıb. Biz deyə bilmərik ki, Azərbaycan Gürcüstana və ya Gürcüstan Azərbaycana ərazi iddiaları edir. Bunu demək üçün nə əsasımız var, nə də başqalarına bunu deməyə əsas verə bilmərik. Amma problem var və onu danmaq olmaz. Hara çəksək, bu tərəfdə ona Devid Qareci, o tərəfdə Keşikçidağ deyilir. Bunda da yeni bir şey yoxdur. Ancaq ortada qəti qərar da yoxdur. Yəni sərhəddin o hissəsində demarkasiya və delimitasiya prosesi başa çatdırılmayıb. Odur ki, məsələni real qiymətləndirmək lazımdır. Uzun illərdir problemin mövcudluğuna baxmayaraq, ölkələrimiz dost və qardaş kimi yaşayıb. Bundan sonra da məsələnin yeganə yolu danışıqlardır. Hər iki tərəfin müvafiq komissiyası var və onlar işləməlidir. Təbii ki, bu, asan proses deyil. Mən siyasətdə olan şəxsəm, Azərbaycanın ictimai rəyinin reaksiyasını təsəvvür edirəm, gürcülərinki də göz qabağındadır.
- Ancaq müzakirə edilmədən hansısa mövqenin ifadə edilməsi nəticəsində ortaya yeni dəlillər çıxa bilər. Məsələn,1938-ci ildə Alazan çayının vadisində Azərbaycana məxsus 20 min hektardan çox əkinə yararlı ərazi 10 il müddətinə Gürcüstana icarəyə verilib və sonrakı dövrlərdə də geri qaytarılmayıb. Hətta bu, SSRİ zamanı xalqlar dostluğunun nümunəsi kimi qeyd olunurdu...
- Siz bunu indi bilirsiniz, sosial şəbəkələrdə kimsə tapıb çıxarıb. Bunlar əgər verilibsə, harada sərhədin demarkasiya və delimitasiyası həyata keçirilibsə, artıq sərhəd dünya tərəfindən tanınmış olur. Hesab edirəm ki, bəzən hər iki tərəfdən gənclərin nələrsə deməsi bizim ikitərəfli münasibətlərin ruhuna yaraşmır. Əksinə, bu kimlərinsə məkrli planlarına rəvac verir. Həm də kimlərsə nələrsə deyə bilər, amma dövlət idarəçiliyi, dövlət idarə etmək başqa şeydir. Dövləti yönəldənlər başqa cür danışa bilməzlər. Sizin, Prezident Zurabişvili haqqında dediyiniz iradlara müəyyən qədər qatılıram. Həssas dönəmlərə diqqət etmək lazımdır. Bu mənada müvafiq komissiya işləyib bu məsələni araşdırmalı, iki qardaş dövlət arasındakı problem öz həllini tapmalıdır.