3 May 2019 18:00
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin humanist addımı nəticəsində azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun son açıqlamalarında qisasçılıq mövqeyindən çıxış etməsi, Azərbaycanın milli məsələləri ilə bağlı dilə gətirdiyi ifadələr bu adamın düşüncəsinin və siyasi mövqeyinin əslində düşmənimiz olan ermənilərin saxta təbliğatına daha yaxın olduğunu göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu keçmiş səhiyyə naziri Əli İnsanovun sonuncu iddialarına münasibət bildirərkən deyib. O qeyd edib ki, siyasət insanları birləşdirmək, uzlaşdırmaq və milli maraqları qorumaq sənətidir:

“Azərbaycan xalqının siyasi yetkinliyi, siyasəti həmişə bu kontekstdə dərk etməsi, xalqın birliyinin və milli maraqlarının qorunmasını özünə ən ümdə vəzifə kimi müəyyənləşdirilməsi onun lider seçimində daim özünü göstərib. Əli İnsanovda isə belə keyfiyyətlər yoxdur, o Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini açıqlayarkən, Azərbaycanın milli davasına xəyanət edir, qisasçılıq hissi ilə çıxış edərək Azərbaycanın milli bütövlüyünü pozan fikirlər səsləndirir. Buna görə də onun siyasi iddia ilə çıxış etməyə mənəvi haqqı çatmır”.

H.Babaoğlunun sözlərinə görə, digər tərəfdən Əli İnsanovun “boğazına kəfən dolayıb” siyasi meydana atılacağı barədə çıxışları əslində Azərbaycana siyasi terror ənənəsi gətirməyə hesablanıb ki, bu da yolverilməzdir:

“Onun səsləndirdiyi fikirlərin hamısının cəmi isə o deməkdir ki, Əli İnsanov ölkənin milli maraqlarına, əldə olunan nailiyyətlərə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşır, həmçinin çıxışlarında yeri gəldi, gəlmədi Qərbin adını çəkməklə, hətta açıq şəkildə qərbyönümlü təşkilat yaradacağını elan etməklə özünə havadar axtarır. Ancaq Qərbdə də dərk edirlər ki, belə radikal mövqedən çıxış edən, rüşvətxorluq və korrupsiyaya görə layiqli cəza alan keçmiş məmurdan siyasətçi düzəltmək olmaz”.

Millət vəkili bildirib ki, Ə.İnsanovun açıqlamaları və anti-milli mövqeyi Azərbaycanın siyasi gündəminə əsla təsir edə bilməz:

“Çünki onun dövlətin icraedici hakimiyyətində yüksək vəzifə tutduğu, nazir vəzifəsində işlədiyi vaxtlardakı fəaliyyəti ilə səhiyyə sahəsini bərbad günə qoyması xalqın yadından çıxmayıb. Eyni zamanda Əli İnsanovun korrupsiya və rüşvətxorluqda ittiham olunaraq törətdiyi cinayətlərə görə həbsxanada cəza çəkməsi xalqa da bəllidir. Çünki bütün bunlar Azərbaycan xalqının gözü qarşısında baş verib və bizim cəmiyyətin ictimai yaddaşı əsla qısa deyil. Ona görə də adı ictimai yaddaşda korrupsiya ilə assosiasiya olunan bir şəxsin siyasətə qayıtması mümkün deyil”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər