Səudiyyə Ərəbistanı Krallığı beynəlxalq münasibətlər sistemində Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir və haqlı davamızda daim ölkəmizin yanında olub. İstər ikitərəfli münasibətlərdə, istərsə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə dərin dostluq və qardaşlıq münasibətlərimiz mövcuddur. Bu ölkə dünyadakı azsaylı ölkələrdən biridir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanı məhz işğalçı ölkə kimi tanıyır və onunla heç bir diplomatik əlaqə qurmur. Bu olduqca ciddi məsələdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Azərbaycan dövləti və xalqı dost və qardaş ölkənin belə prinsipial mövqeyini olduqca yüksək qiymətləndirir:
“İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı ölkə kimi tanıyır. Buna baxmayaraq bəzi ölkələr İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanı işğalçı kimi tanısalar da arxa planda onunla hər cür əməkdaçlıq edirlər. Görünür, Səudiyyə Ərəbistanının dini-mənəvi dəyərlərə, diplomatik etikaya və prinsipial siyasi mövqeyə malik olması bəzi mərkəzləri narahat edir. İki ölkə arasındakı dostluq münasibətlərindən narahat olur və müxtəlif vasitələrlə bu münasibətləri korlamağa çalışırlar. Əslində bu cür fəaliyyətlə Ermənistanın işğalçılıq siyasətinə dəstək vermiş olurlar”.
H.Babaoğlu qeyd edib ki, Azərbaycan ictimaiyyəti bu tip dezinformasiyaların ölkəmizin informasiya məkanına haradan və nə üçün göndərildiyini bilir və ona inanmırlar:
“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi kökləri, ciddi mənəvi əsasları və olduqca yaxşı perspektivləri var. Bunu heç bir güc poza bilməz”.
Qeyd edək ki, mayın 2-də məsələ ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi də açıqlama yayıb. Açıqlamada deyilir:
“Son zamanlar bəzi sosial şəbəkə və etibarsız kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Səudiyyə Ərəbistanı Krallığının ABŞ-dakı səfiri Osmanlı dövləti zamanında “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Konqresindəki qətnamə layihəsinə krallığın dəstək verdiyini bildirib. Səfirlik bildirir ki, qardaş Azərbaycan Respublikasının maraqlandıran məsələlərlə bağlı krallığın mövqeyi dəyişməzdir. Bütün bu deyilənlər həqiqətəuyğun deyil və xanım səfir indiyə kimi Konqresin heç bir üzvü ilə görüşməyib, bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Qeyd olunan saytlar və qəzetlər krallıq və onun mövqeyi barədə yanlış məlumat yaymaqla Səudiyyə Ərəbistanı Krallığı ilə müsəlman dövlətlərin arasını vurmağa çalışaraq, öz şəxsi maraq və məqsədləri üçün onları qızışdırmaq və parçalamaq niyyəti güdürlər”.