5 May 2019 20:58
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Kərimli “Azadlıq Radiosu”na müsahibəsində Qüdrət Həsənquliyevin ona iqtidar adından parlamentin spikeri və 5 (beş) nazir postu təklif etdiyini bildirib və qeyd edib ki, guya bu məsələ AXCP Rəyasət Heyətinin iclasında 17 nəfərin iştirakı ilə müzakirə olunub və iki nəfər istisna olmaqla qurumun digər üzvləri tərəfindən rədd olunub.

BayMedia Əli Kərimlinin iddialarına Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin münasibətini öyrənib.

Qüdrət Həsənquliyev Əli Kərimlinin iddialarının gülməli olduğunu deyib və qeyd edib ki, Kərimli çoxdan ciddiliyini itirib: “2000-ci ilin parlament seçkilərindən sonra Əli Kərimli Milli Məclisə düşə bilməyən digər partiyalarla birlikdə parlamenti boykot etmək barədə sənədi imzalamağa hazırlaşırdı. Nu zaman ona niyyətinin yanlış olduğunu bildirdim və nəticələrinin partiyamız üçün ağır olacağını söylədim. Niyə belə fikrə düşdüyünü soruşduqda o bildridi ki, “Müsavat partiyası seçkidən iki həftə sonraya, noyabrın 19-na mitinq təyin edib. Bizi də Heydər Əliyevə qatıb məhv edəcəklər”. Həmin vaxt onun otağında partiya rəhbərliyində təmsil olunan 23 nəfər var idi.

Onun hazırda baş ideoloqu olan Qənimət Zahid də ciddi şəkildə məni müdafiə etdi. Kərimli bildirdi ki, bu rəsmi iclas deyil, ancaq rəy sorğusu keçirmək istəyir. Soruşdu ki, kim parlamentin boykot edilməsi barədə təklif edilən sənədi imzalamağına razıdır? 12 nəfər məni müdafiə etdi. O da öz növbəsində söz verdi ki, sənədi imzalamayacaq. Amma bir neçə saatdan sonra geri döndü və heç nə deməmiş rəngindən başa düşdüm ki, sənədi imzalayıb. Soruşdum niyə imzaladın? O isə Sabir Rüstəmxanlı barədə ağır ifadə işlədərək dedi ki, mən elə bilirdim o imzalamayacaq, mən də ona istinad edib imzalamayacağam.

Amma daha o da imzalayandan sonra mənim başqa yolum qalmadı. Bu zaman ona dedim ki, qorxaq və sürüşkən siyasət heç kimə uğur gətirməyib və sən tezliklə qərarını ləğv etmək məcburiyyətində qalacaqsan. Elə də oldu. Müsavatın mitinqinə xalq ciddi dəstək vermədi və o da Ali Məclisi çağırıb imzasını ləğv etdirib Milli Məclisə getdi. İclasdan qabaq mənə dedi ki, sən boykotun əleyhinə idin, indi çıxış elə və əsaslandır ki, biz parlamentə getməliyik. Mən imtina etdim və dedim sənədi sən imzalamısan, indi də özün məclis üzvlərini parlamentə getməyin zəruriliyinə inandır.

O da elə etdi. Həmin iclasda mən ümumiyyətlə çıxış etmədim. Bu mənim onunla ilk açıq və ciddi fikir ayrılığımız oldu. Mən onun otağından çıxarkən "Speys" TV-nin müxbirləri ilə qarşılaşdım. Onlar məndən bu barədə soruşanda parlamentə getməməyimiz barədə Əli Kərimlinin qəbul etdiyi qərarın yalnış olduğunu söylədim. Bundan bunlardan sonra bu qədər qeyri-ciddi və sürüşkən adama iqtidar necə belə bir təklif verə bilərdi?! İkincisi, onun iqtidarla ən yüksək səviyyədə, həm parlament, həm də Prezident Administrasiyası səviyyəsində birbaşa ciddi əlaqələrinin olduğu halda iqtidar bu təklifi niyə mənim vasitəmlə ona çatdırmalıydı?! Üçüncüsü, partiyanın Rəyasət Heyətində heç vaxt belə bir müzakirə olmayıb”.

BAXCP sədri bildirib ki, Elçibəy Bakını tərk edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum prezident Heydər Əliyevin yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib: “Amma rədd cavabı aldı. Onun ana müxalifət kimi qalması daha məqsədəuyğun hesab olunmuşdu. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini necə spiker seçə bilər?! Dünya buna gülməzdimi? Bu onun həmin müsahibədə dediyi kimi balaca oğluna özündən düzüb, qoşub danışdığı nağıllardan biridir”
Qüdrət Həsənquliyev Kərimlinin Etibar Məmmədovu müdafiə etməsinin səbəbləri barədə söylədiklərini də cəfəngiyat adlandırıb: “Kərimlinin ən ciddi tərəfdarı, hazırda ABŞ-da yaşayan Qorxmaz Əsgərovun “ Ayının əmisi oğlu” adlı "Azadlıq" qəzetinin internet səhifəsində dərc olunmuş məqaləsini oxuyun və başa düşəcəksiniz ki, Əli Kərimli Milli Demokratiya İnstitutunun diqtəsi ilə eyni iqtidarda təmsil olunduğu İsa Qəmbəri yox, həmin iqtidarın devrilməsində müstəsna xidmətləri olan Etibar Məmmədovu müdafiə edib.

Məqsəd isə iqtidara xidmət etmək üçün İsa Qəmbərin səslərini parçalamaq olub. Yox, seçkidən sonra özünü sığortalamaq üçün qələbə münasibətilə təbrik etdiyi İsa Qəmbərin həmin düşərgənin öncülü olmasını başa düşməyibsə vay bu gün də onun arxasınca gedənlərin halına. Yaxşı olardı Qarabağın itirilməsi hesabına hakimiyyətə gəlmək istəyən Əli Kərimli “Key West”danışıqları ərəfəsində ABŞ səfirinin tövsiyyəsilə AXCP-təyin olunmuş mitinqini niyə təxirə salmasından danışsın?”.
Xatırladaq ki, Qorxmaz Əsgərov “Azadlıq” qəzetinin internet saytında 15 may 2018-ci ildə yayımlanan “Ayının əmisi oğlu” adlı yazısında həmin dövrdə baş verən bir sıra məqamlara qismən də olsa aydınlıq gətirib. Sitat: “Bu arada “köhnə müxalifət” – “yeni müxalifət” söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər.

Həmin il AMİP də onların fikrincə “yeni müxalifət idi”, çünki Amerika hökumətindəkilər İlhamı hakimiyyətdə görmək istəyirdilər. İndi də həmin söhbət gedir, həmin dalğa, həmin koordinatdan”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər