“Martın 31-də Türkiyədə baş tutmuş bələdiyyə seçkiləri qalmaqallı məqamlarla yadda qaldı. Bunlardan ən əsası İstanbul üçün nəticələrin ləğv edilməsi idi. Bundan əvvəlki seçkilərdə də bir sıra kiçik şəhərlər üçün nəticələr ləğv edilmişdi. İkinci paytaxt hesab edilən İstanbul üçün belə bir qərarın verilməsi isə böyük bir qalmaqala səbəb oldu”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin fikrincə, İstanbul bütün növ seçkilərdə iştirak edən siyasi qüvvələr üçün strateji əhəmiyyətə malikdir:
“Türkiyədə “İstanbulu itirən Türkiyəni itirir” kimi məşhur bir ifadə var. Bu baxımdan iqtidarda olan AKP-nin seçkilərdə İstanbulda məğlub olması, bu partiyanın nüfuzuna da ciddi təsir edə bilər. Məlumdur ki, AKP ən böyük sosial-iqtisadi proyektlərini də İstanbul üçün nəzərdə tutub. Böyük bir meqapolis olan İstanbul həm maddi, həm də mənəvi baxımdan siyasi qüvvələr üçün vacibdir. Buna görə də çoxmilyonlu bir şəhəri itirmək AKP üçün böyük zərbə olardı.
Son seçkilərdə CHP-nin namizədi AKP-dən olan rəqibinə 13 min fərqlə qalib gəldi, bu da böyük fərq deyildi. Buna görə də AKP seçkilərin yenidən keçirilməsi üçün Ali Seçki Komissiyasına müraciət etdi. Komissiya iyunun 23-nə seçki təyin edəndən CHP yetkililəri və tərəfdarları küçələrə çıxacaqlarını bəyan ediblər”.
Ramiyə Məmmədovanın sözlərinə görə, AKP-nin İstanbulla bağlı nəhəng sosial-iqtisadi proyektləri var ki, bunlar istər bu şəhərin, istərsə də bütün ölkənin xeyrinə olan layihələrdir:
“Amma seçkilərin təkrar keçirilməsi müxalif siyasi qüvvələri və bəzi iş adamlarını Ərdoğanla üz-üzə qoydu. Bu və digər faktorları da nəzərə alsaq, növbəti seçkilərdə də İstanbulu itirmək AKP üçün problemlər yaradacaq. Bu, qarşıdan gələn prezident seçkilərində AKP-nin uduzmasına yol aça bilər.
Digər yandan, seçkilərin təkrarlanması problemlərlə üzləşmiş Türkiyə iqtisadiyyatı üçün böyük zərbə ola bilər. Artıq seçkilərin keçirilməsi elan olunduqdan sonra dollar lirə qarşısında bahalaşmağa başlayıb, digər yandan xaricdən Türkiyəni təhdid edən mesajlar da verilir. Belə bir vəziyyətdə də ölkənin həm siyasi, həm də iqtisadi problemlərini həll etmək lazımdır. Ümid edirik ki, Türkiyə bu problemlərin öhdəsindən gələcək”.