7 May 2019 20:27
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir.

- Oqtay bəy, Türkiyədə İstanbul bələdiyyə sədri seçkilərinin ləğv edilməsi və yeni seçkilərin təyin olunması haqda qərar ciddi müzakirəyə səbəb olub. Sizin bu qəfil proseslə bağlı düşüncələriniz nədən ibarətdir?

- Əslində bu qəfildən ortaya çıxan vəziyyət deyil. Məlum qərar şəxsən mənə görə sürpriz hadisə olmadı. Çünki seçki prosesi qurtaran gündən, yəni aprelin 1-dən başlayaraq gedən proseslər hadisələrin bu istiqamətdə cərəyan edə biləcəyini göstərirdi. Xüsusilə aprelin 21-dən sonra Ədalət və İnkişaf Partiyasının (AKP) 3 çantalıq sənədləri Yüksək Seçki Kuruluna (YSK) təqdim etməsindən sonra verilən mesajlar da belə idi ki, İstanbulda uduzmaq heç bir halda həzm edilməyəcək. Bu mənada seçkinin nəticələrinin ləğvi haqda qərar mənim üçün gözlənilməz olmadı. Həm də iqtidara yaxın qəzetçi Əbdülkadir Selvinin yazısı çap edilmişdi. Jurnalist ehtimal edirdi ki, İstanbul seçkiləri ilə bağlı YSK üzvləri 8-in 3-ə və ya 7-nin 4 nisbətində qərar verə bilər. Bu jurnalist hakimiyyətə yaxındır və informasiyalı hesab olunur. Hətta bəzi mesajların onun vasitəsilə ictimai rəyə ötürüldüyü deyilir.

Onu da xatırladım ki, dekabr ayında YSK-da səlahiyyət müddəti başa çatan 6 üzvün səlahiyyət müddətinin yenidən uzadılması da seçkilərdə müəyyən problemlər olacağı halda nəticələrə təsir etmək məqsədi daşıyırdı. Bu mənada YSK-nın qərarı gözlənilməz olmadı. Ümumən YSK təzyiq altında saxlanıldı və bu qurumun verdiyi qərar hələ Türkiyə demokratiya tarixində uzun müddət müzakirə ediləcək, birmənalı qiymətləndirilməyən qərar kimi yadda qalacaq.

- Ancaq seçkilərdən sonra Prezident Ərdoğan elan etmişdi ki, seçki bitdi, indi gündəmdə ölkənin problemlərinin həlli olmalıdır. Sizcə, niyə Ərdoğan təkrar İstanbul məsələsinə qayıtmağı vacib saydı?

- Təbii ki, seçki günü Ərdoğan balkon çıxışı zamanı YSK-nın qərarını qəbul etmiş kimi görünürdü. Bundan sonra 4-5 gün susqunluq oldu və cümə namazından çıxdığı zaman onun məşhur açıqlaması oldu. Bəyan etdi ki, İstanbul və Ankarada bələdiyyə məclislərində çoxluq bizim əlimizdədir və onlar bizsiz heç nə edə bilməzlər. Ondan sonra çıxışlarından birində Ərdoğan elan etdi ki, seçkilər bitib və hər kəs Türkiyənin gündəminə uyğunlaşmalı, problemlərin həllinə dəstək olmalıdır. Ancaq Türkiyə ictimaiyyətində belə fikir dartışılır ki, AKP-nin sanballı qurucu şəxsiyyətlərinin fikirləri ilə “Şahinlər” deyilən qrupun arasında rəqabət var və bu qrup prezidentə daha çox təsir etmək istəyir. Bu qrupun da başında gələn AKP sədrinin seçkilər üzrə müavini Əli İnsan Yavuzdur. Bu şəxsin də ziddiyyətli və diqqətçəkən açıqlamaları olub. Məsələn, bir dəfə qeyd etdi ki, İstanbulda bir şey olmasına dair əlimizdə fakt yoxdur, amma dəqiq bir şeylər olub. Türkiyədə seçki qanununa görə YSK-nın hansı hallarda seçkini ləğv edə biləcəyinə dair maddələr var. Qanunlara görə seçkilərin nəticəsinə təsir edib son nəticəni dəyişə biləcək dəlil və sübutlar varsa, YSK bu qərarı verə bilər. Əks təqdirdə belə tələb rədd olunmalıdır. Əslində indi seçkilərlə bağlı mətbuata sızdırlan bilgilər heç bir fakt və dəlilin olmadığını göstərir. Həmi də qəribəsi odur ki, bu seçkilərdə seçicilər yalnız bir səsvermədə iştirak etməyib. Seçicilər bir zərfin içərisində olan bir neçə bülletenlə qəsəbə, rayon və şəhər bələdiyyə sədrləri və məclis üzvlərini seçiblər. Yəni bir nəfər 6-ya yaxın bülletendən istifadə edib. Ancaq burada sual doğuran odur ki, AKP-nin ən çox etirazı seçki komissiyalarının yaradılması ilə bağlı idi. AKP sədrinin müavini Yavuzoğlu isə seçkidən 5 gün əvvəl açıqlamasında bildirmişdi ki, seçki komissiyaları ən mükəmməl şəkildə təşkil edilib və seçkilər güvənli formada keçiriləcək. Amma seçkidən bir həftə sonra fikir dəyişdi. Və sanki elə ab-hava yaradıldı ki, seçkilər və seçki komissiyaları müxalifət tərəfindən təşkil edilib. Hansı ki, Türkiyədə seçkilər YSK, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən təşkil olunur. İndi YSK-nın qərarına əsasən, seçki komissiyalarının tərkibi olduğu kimi qalır. Yəni bu komissiyalar yenidən İstanbul şəhər bələdiyyəsi sədrliyi uğrunda seçki keçirir. Əslində cəmiyyəti də bu sual narahat edir ki, əgər saxtakarlıq olubsa və düzgün seçki prosesi aparılmayıbsa, onda bu seçki bütün səviyyələrdə yenilənməlidir. Yəni bir zərfdə insanların verdiyi bir neçə səs doğrudursa, biri necə yanlış ola bilər? Sual yaradacaq xeyli məqamlar var. Bu ciddi narazılıq və etirazlara səbəb oldu. Avropa İttifaqı da yaranan vəziyyətə mənfi reaksiyasını ifadə etdi. O cümlədən AKP-nin ağır toplarından sayılan Bülənt Arıncın ilginc açıqlaması oldu. O da öz partiyasını və “Cümhuriyyət İttifaqının” rəhbərlərini tənqid etdi, seçkilərin nəticələri ilə məşğul olmadan Türkiyənin problemləri ilə məşğul olmağı vacib saydı. Arınc eyni zamanda YSK-nın təzyiq altında saxlanılmaması və seçkilərin nəticələrinin qəbul edilməsinin vacibliyini qeyd etdi. Bu mənada İstanbulla bağlı verilən qərar uzun illər müzakirəyə səbəb olacaq. Mən də hesab edirəm ki, bu qərar türk seçicisində müəyyən qədər travma yaratdı. Demokratiyanın təməl prinsipi hüququn aliliyi, ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Türkiyə demokratiyası çətin imtahan qarşısındadır. Ümid edək ki, türk cəmiyyəti bu imtahandan çıxa biləcək. Nəzərə almaq lazımdır ki, bu proses həm də Türkiyənin iqtisadi sferasına mənfi təsir göstərir. Məsələn, dünən dolların lirə qarşılığında kursu 5, 98 olduğu halda, bu gün səhər 6,15-ə qalxıb. Yəni türk lirəsi 2 faiz dəyərini itirib. Bunlar ciddi məsələlərdir.

- Sizcə İstanbul uğrunda yeni seçkilərdə nə baş verəcək?

- Öncədən proqnoz vermək çətindir. Fikrimcə, seçkilər iki istiqamətdə gedə bilər. Əgər azad, ədalətli və şəffaf seçkilər keçiriləcəksə və heç bir müdaxilə olmayacaqsa, fərqli nəticə ortaya çıxacaq. Çünki son anket araşdırmaları da bunu göstərir. Yəni 31 martla müqayisədə İmamoğlunun xeyrinə nəticə ortaya çıxacaq. Yox, əgər təzyiq və basqılar olacaqsa, istədikləri nəticəni əldə etməyə çalışacaqlarsa, bu ciddi gərginliyə səbəb ola bilər. Sonunda da Ankara variantı işə düşər.

- Siz, konkret nəyi nəzərdə tutursunuz?

- 2014-cü ildə Ankarada bələdiyyə seçkiləri zamanı Mənsur Yavaşın səsləri fırıldaqla Məlik Göyçəyin adına yazıldı. Növbəti dəfə Mənsur Yavaş seçkiyə qatılanda artıq qalib gələcəyi bəlli idi. Çünki ictimai rəy Mənsur Yavaşın haqqının bir dəfə yeyildiyini qəbul etmişdi. Görünən budur ki, indi də İstanbulla bağlı verilən qərar insanların vicdanına tam yeridilməyib. Çünki konkret hansı səbəblərdən belə qərar verildiyinə dair fakt ortaya qoyulmayıb. Əgər ortaya ciddi fakt qoyulsa və bu cəmiyyəti qane edərsə, bu zaman ortaya fərqli nəticə çıxar. Əks təqdirdə seçici və vətəndaşın içərisində şübhə qalacaq. Bu da iqtidarın xeyrinə olmaya bilər.

- Ancaq şübhə yeri yoxdur ki, Prezident Ərdoğan nəticəni hesablamadan belə bir qərarın çıxmasına razılıq verməzdi...

- Normal seçki keçirilsə və seçkinin ləğvini ilə əlaqədar yaranan şübhə dağıdılmasa, İmamoğlu üstün nəticələrlə qalib gələcək. Yox, əgər şübhələr dağıdılacaqsa və seçkilərdə fırıldaq olduğu ortaya qoyulacaqsa, bu zaman iqtidarın namizədi güclü ola bilər. Onu da qeyd edim ki, YSK-nın qərarına görə, İstanbulda seçkilər eyni yerdən davam edəcək. Namizədlər əvvəlki olacaq və yeni şəxslər namizəd kimi seçkilərə qatıla bilməyəcək. Zorla kimisə bələdiyyə sədri kreslosunda əyləşdirməyə cəhd edilə bilər. Bu isə gələcək üçün anons olar, Əkrəm İmamoğluna 2024-cü il seçkilərində böyük şans qazandırar.


Müəllif: Cavad

Oxşar xəbərlər