Türkiyədə cümhuriyyət elan ediləndən ilk dəfədir ki, İstanbul böyükşəhər bələdiyyəsinə keçirilən seçkinin nəticələri ləğv edilir. Türkiyə qəzetləri və televiziyalarında bəzi şərhçilər bu seçkinin nəticələrinin ləğv edilməsini siyasi çevriliş kimi qiymətləndirirlər. Onlar bildirirlər ki, bu ölkəyə ciddi ziyan vuracaq. Onun Qərblə münasibətini daha da korlayacaq.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, iqtisadiyyatda da xoşagəlməz meyillər nəzərə çarpmağa başlayıb:
“İki gün ərzində dolların qiyməti lirə ilə müqayisədə yüksəlib və yüksəlməyə davam edir. Belə bir fakta diqqət çəkilir ki, qərarın verilməsi Yüksək Seçki Qurumunun (YSK) səlahiyyətində deyildi. Çünki YSK-nın fəaliyyət müddəti bitib. Üstəlik 11 nəfər YSK üzvündən 4-ü uzunmüddətli həbsdədir. Yerdə qalan 7 nəfərdən 1 nəfər uzun müddətdir inad edirmiş ki, seçkinin nəticəsi ləğv edilməsin. Sonda onu da tovlayıb 4 lehinə, 3 əleyhinə olmaqla çox böyük güclə bu qərarı qəbul etdirə biliblər.
Bütün bunlar onu göstərir ki, ölkə əhalisinin böyük əksəriyyəti seçkinin nəticələrinin ləğv edilməsinin əleyhinədir. Hətta televiziyada çıxış edən şərhçilərdən biri dedi ki, bu seçkini ləğv etdirən kimdirsə o, yeni seçkidə CHP namizədinə ən azı 1,5 milyon əlavə səs qazandırdı. Əlbəttə, bunlar ilkin variantlardır. Çünki həm də onu deyirlər ki, Ərdoğanın qafasında qalib gəlmək üçün variantlar olmasaydı, bunu etməzdi. Yəni, Ərdoğan Türkiyə əhalisini necə ələ almağı, necə səs verdirməyi gözəl bilir. Bir tay un, bir kisə kömür seçicilərin “düzgün” səs verməsi üçün rol oynayan amillərdəndir”.
Q.Hüseynli qeyd edib ki, seçkilər Türkiyəni bir xeyli çətinliyə salacaq:
“Türkiyə əhalisinin böyük bir hissəsində məyusluq yaşanmaqdadır. Bu arada keçmiş xarici işlər naziri və baş nazir Əhməd Davudoğlunun rəhbərliyi altında AKP-yə alternativ yeni partiyanın yaradılmasının sürətlə getdiyinə dair xəbərlər yayılır. Hətta 30-dək AKP-çi millət vəkilinin onlar tərəfə keçəcəyi söylənilir. Beləliklə, Türkiyə siyasi gündəmi bir-birini əvəz edən və o qədər də xoş olmayan hadisələrlə dolu olacaq. Nəticə etibarilə siyasi gündəm ağırlaşacaq, siyasi qarşıdurma dərinləşəcək, siyasi nifaq və ittihamlar çox olacaq. Bax, bu seçki zənnimcə, Türkiyəyə nəsə verməyəcək. Əksinə, Türkiyəni xeyli zəiflədəcək. Bu zəifləmədə yəqin ki, AKP-nin də əli olacaq”.
Politoloq YSK-nın bu qərarının siyasi xarakter daşıdığını da vurğulayıb:
“Bu, daha çox siyasi qərardır. Çünki bu qərar ölkənin prezidenti tərəfindən, həm də YSK-ya təzyiq nəticəsində əldə edilib. Bu mənada siyasi xarakter daşıyır. Hüquqi nöqteyi-nəzərdən isə seçkinin nəticəsinin ləğv edilməsi üçün heç bir yetərli dəlil olmayıb. Ölkə əhalisinin həyəcanlandıran və onları bu prosesə qarşı çıxaran da məsələnin bu tərəfidir”.
Politoloq qeyd edib ki, xarici qüvvələr Türkiyəni qarışdırmaq istəyə bilərlər:
“Amma bu, Türkiyə üçün ziyanlı bir haldır. Təkrar seçkidə AKP hansısa yollarla öz namizədini keçirəcəksə bu, seçkinin qeyri-obyektiv keçdiyinə dəlalət edəcək. O zaman məncə, ölkədə siyasi gərginlik və bununla bağlı digər bir sıra hadisələr baş verə bilər. Amma mən inanmıram hansısa formada hiylə işlətməklə, səsləri satın almaqla seçkini udmaq mümkün olacaq. Məncə, CHP qələbəni əldən verməyəcək və beləliklə də hər şey yoluna düşəcək”.