“Son zamanlar ölkəmizdə müşahidə etdiyim ən diqqətçəkən tendensiyalardan biri hökumət-cəmiyyət kommunikasiyasının yaxşılaşması və vətəndaş iştirakçılığının real təzahürü nümunələridir. Xətai rayonunda gecə ilə ağacların kəsilməsi və vətəndaşların etirazı, Molokan kilsəsinin söküləcəyi barədə məlumatlar yayılandan sonra gənclərin başaldığı kampaniya, İçərişəhərin qorunması məsələsində sərgilənən ictimai mövqe göstərdi ki, artıq sıravi vətəndaşlar ictimai iştirakçlığa maraq göstərirlər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan təcrübəsində yeni və çox müsbət nümunələrdir:
“Vətəndaşlar ümumi maraqlara toxunan problemləri aktuallaşdırır, öz mövqelərini orataya qoyur və etirazlarını diqqətə çatdırırlar. Baş verənlər göstərir ki, bu iştirakçılıq mahiyyət etibarı ilə konstruktivdir və Qərb ölkələrinin təcrübəsinə yaxındır.
Vətəndaşlar, ictimai fəallar yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərirlər.
Ölkənin sabit inkişafı, ictimai maraqların qorunması üçün bu yanaşma çox vacib əhəmiyyətə malikdir. İslahatlar üçün yollar məhz bur cür yanaşma ilə açılır, hökumət üçün motivasiyanı bu cür trendlər təmin edir. Hazırda Azərbaycan üçün də ən məqbul yol budur.
Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərir”.