“Müxalifət yeni hərəkatların qurulması yönündə aktivlik nümayiş etdirməyə çalışır. Əgər radikal müxalifət düşərgəsi bununla Azərbaycan iqtidarının apardığı uğurlu siyasətə kölgə salmağa çalışırsa, o zaman niyə hakimiyyəti dəstəkləyən nüfuzlu ictimai-siyasi təşkilatlar, nüfuzlu şəxslər bir hərəkat altında birləşməsin?”.
Bunu Teleqraf.com-a açıqlamasında “Hilal” təşkilatının sədri, siyasi ekspert Arzuman Abdulkərimov deyib.
Təşkilat rəhbərinin fikrincə, ölkədə iqtidarı dəstəkləyən kifayət qədər həm ictimai, həm də siyasi yönümlü təşkilatlar və şəxslər var:
“Mən təklif edirəm ki, bu ictimai-siyasi təşkilatlar və şəxslər arasında əlaqə qurulsun. Düzdür əlaqə var, amma biz bunu ictimai hərəkat formasına sala bilərik. Vaxtilə Azərbaycan iqtidarını dəstəkləyən siyasi təşkilatların Məşvərət Məclisi adlı bir qurumu var idi. Bu qurumda da bir çox ictimai-siyasi təşkilat və nüfuzlu şəxslər birləşmişdi.
Düşünürəm ki, bu formatı yenidən bərpa etmək olar. Burada iqtidarı dəstəkləyən siyasi qurumlarla yanaşı, ictimai təşkilatlar da təmsil oluna bilər”.
Arzuman Abdulkərimov qeyd edib ki, bir neçə QHT-nin iştirakı ilə keçirilən tədbirlərdə bu məsələ müzakirə edilib:
“Bunlardan biri Azərbaycanda tolerantlıqla bağlı tədbir idi. Habelə gələn həftə cənab prezidentin apardığı iqtisadi, siyasi və sosial islahatlarla bağlı geniş formatda tədbirimiz olacaq. Tədbirin adı “Azərbaycanda gedən siyasi, iqtisadi və sosial islahatlar və buna mane olan qüvvələr”dir. Artıq biz bu format üzərindən birgə tədbirlər keçirməyə başlamışıq.
Düşünürəm ki, bu format bir az da geniş olsa, Azərbaycan iqtidarının gördüyü müsbət işləri daha geniş vətəndaş auditoriyasına çatdıra bilərik. Müxalifət cameəsində formalaşan hərəkatların “qarayaxma kampaniyası”na cavab vermək üçün iqtidarı dəstəkləyən təşkilatların bir hərəkat halında birləşməsinə sevinərdik. Əlimizdə olan imkanlarla buna dəstək verməyə hazırıq”.