13 May 2019 11:35
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin Qarabağ üzərindən oynadıqları bütün havalar Azərbaycan adlanan məmləkətə azacıq könül bağı olan hər kəsin sümüklərini sızlada bilir. Şuşada konyak içib yallı getməkdən tutmuş, Kəlbəcərdə bizi lağlağı atəşənə tutan meyxana teatrına qədər hər bir addımın arxasında bir ruh düşkünlüyü yaratmaq niyyəti özünü açıqca göstərir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Deputat bu görüntülərin sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən kütləvi şəkildə tirajlanmasının faydalı və zərərli tərəflərinə də diqqət çəkib:

“Bəri başdan bu tezisin altını cızaq ki, gözümüzü yumub üzərindən laqeydliklə keçmək də çıxış yolu sayılmaz, onsuz da müasir texnologiya məkanı hansısa formada bu kadrları gətirib gözümüzə soxacaq. Burada, əlbəttə, firkirlər, yanaşmalar monoton olmayacaq və hər kəsin arqument avantajına yetərincə imkan tanınır.

Fikrimcə, ermənilərin Qarabağ üzərindən görülən tədbirlərin təbliği vasitəsilə Azərbaycan sosial şəbəkə auditoriyasına girişi bizim üçün zərərli deyil. Sözü uzatmadan deyə bilərəm ki, bu, bizim Vətənə, torpağa, millətə, həm də Qarabağın azad olunmasına aid duyarlılıq dinamizmimizi qoruyacaq bəlkə də yeganə vasitələrdən biridir. Əslində son otuz ilin siyasi və sosial palitrasına diqqət yetirsək rahatlıqla sezə bilərik ki, bizim toplumumuzun alt yapısında dinamikliyi körükləyən dəyər və ya dəyərlərin yoxluğu məhz erməni sindromuna qarşı həssaslığımız hesabına doldurula bilir.

Ona görə də bizim Qarabağ sevgimizin də, Vətən sevgimizin də, az-çox təhlükə barədə düşüncə havasına girişimizin də alt qatında düşmənimiz, işğalçımız, qatilimiz olan ermənilərin bu davranışları önəmli rol oynayır”.

Fazil Mustafa hesab edir ki, bizi ruhdan salmaq, torpaqları azad etmək üçün iradəmizi sındırmaq niyyəti ilə bu təbliğatı aparırlar:

“Ancaq həm də bizi diri tuturlar, dinamik tuturlar, hissiyatımızı oyaq saxlayırlar, hədəfsiz, biganə bir toplum olmağa qoymurlar. İndi eyni prosesi gürcülər bizə qarşı başladırlar. Həmişə bəhanə etmişik ki, biz Qarabağ məsələsinə hazırlıqsız yaxalandıq, guya Gürcüstanın iddialarına bunca fəlakətlər yaşamış bir toplum hazırlıqlı yaxalanıb?

Bütün tarix boyu bizim özümüzü qoruma addımımız nəsihətdən sonra deyil, müsibətdən sonra atılıb və indi də ənənəvi durumumuzda dəyişən heç nə yox! Bu halımız nə qədər davam edəcək, doğrusu proqnozlaşdıra bilmirəm.

Bildiyim odur ki, düşmən bizə yalnız hərbi üstünlüklə qalib gəlməyib, yalnız rusun, farsın, fransızın dəstəyi ilə qalib gəlməyib, həm də ağılından doğru istifadə etməklə, doğru təşkilatlanma qabiliyyəti ilə qalib gəlib. Bu gün bizi təşkilatlandıracaq mühərrik isə təəssüf ki, erməninin və başqa düşmənlərimizin canımızda yaratdığı qıcıqla işə düşür.

Əvvəl Topxana qıcığı, sonra Laçın qıcığı, indi də Şuşa, Kəlbəcər qıcığı! Bu isə daimi yanacaq sayılmaz, keçici hissi mahiyyət daşıyır və istənilən anda sönüb-soyuma risqinə tabedir.

Odur ki, millət olaraq doğru və qalıcı dəyərlər təməlində təşkilatlanma qabiliyyətini və məsuliyyətini qazanmaq üçün fədakarlıq etməyənə qədər düşmənin hər bir davranışı həm Qarabağda, həm də Keşikçi dağda heç olmazsa bizə içimizə bunca müsibətlərdən sonra da otura bilməmiş Vətən torpağına ağalıq keyfiyyəti yerinə keşikçi xarakterini aşılayırsa, buna faydalı proses kimi yanaşmaq olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər