Böyük Britaniya Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. İlk növbədə, bu obyektiv deyil və Böyük Britaniya-Azərbaycan münasibətlərinin ruhuna uyğun gəlmir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, Qərb də daxil olmaqla, bütün dünya ilə müqayisədə Azərbaycan kriminal vəziyyətə görə ən sabit ölkələrdən biridir:
“Böyük Britaniya XİN-in bəyanatında adı çəkilən oğurluq, dələduzluq halları Azərbaycanda çox azdır və etik davranışla bağlı problem yoxdur. Düşünürəm ki, bu məsələdə siyasi köklərə enmək lazımdır. Anti-azərbaycançı qüvvələrin dəst-xətti burada aydın şəkildə görünür. Azərbaycanda həmişə mühüm beynəlxalq tədbirlər keçirilən zaman və yaxud belə tədbirlər ərəfəsində bu və ya digər qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayırlar. Diqqət etsək görəcəyik ki, bu cür kampaniyalar qərəzlidir və heç bir əsası yoxdur. Məsələn, Londonla Bakıda baş verən kriminal hadisələri rəsmi statistikaya əsaslanaraq müqayisə etməyə çalışsaq görəcəyik ki, vəziyyət heç də Böyük Briyaniya XİN-in bəyanatında olduğu kimi deyil, tam əksinədir. Bu ölkənin paytaxtında baş verən cinayətlər hər min nəfər adam payına düşən rəqəmlərə görə Bakıdan ən azı on dəfə çoxdur. Belə olduqda rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır”.
H.Babaoğlu daha sonra deyib:
“London polisinin rəsmi veb səhifəsində bildirilir ki, Londonda 2017-ci ildə 824 min 704 cinayət faktı qeydə alınıb ki, onların da 225 min 247-i oğurluqla bağlı cinayətlərdir. Bakıda isə bu göstərici 7898 təşkil edir. Bununla yanaşı, Londonda 175 min 348 dələduzluq, 103 min 918 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Bakıda isə həmin ildə 3856 dələduzluq, 1753 yol-nəqliyyat hadisəsi cinayəti baş verib. Bu halda Böyük Britaniya Xarici İşlər Nazirliyi hansı əsasla Azərbaycanı kriminal və dələduzluq hadisələrinin çox olması ilə ittiham edə bilər? Mən bunu dövlətin rəsmi məlumatı kimi təqdim etmək istəmirəm. Amma bütün hallarda bu, obyektiv deyil”.
Ölkəmizə gələn turistlərin qarşılaşdığı kriminal vəziyyətlərlə bağlı statistika aparılması ilə bağlı təklif irəli sürən deputat həmin göstəricilərin çox aşağı olcağını əminliklə söyləyib:
“Statistikada da gördüyümüz kimi, kriminal halların sayı 10 dəfə azdır. Heç şübhəsiz ki, idman yarışlarına gələn azarkeşlərin təhlükəsizliyi və sabitliyi tam şəkildə qorunacaq. Biz bilirik ki, davranışlarına görə ən mədəni azarkeşlər sırasında Azərbaycan azarkeşləri yer alır. Lakin ən aqressiv azarkeşlər dedikdə ilk ağıla ingilis azarkeşləri gəlir. Britaniyalıların özləri də bunu yaxşı bilirlər. Dəfələrlə bir çox kütləvi yarışlarda onların aqressivliklərinin də şahidi olmuşuq. Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Azərbaycan dünyanın ən multikultural cəmiyyətlərindən biridir. Bu gün Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda Azərbaycan bu dəyərləri yenidən təbliğ edərək Avropaya qaytarır. Nəticədə Avropa da bundan bəhrələnməyə çalışır. Məsələnin hüquqi kontekstdə qiymətləndirilməsinə gəldikdə isə burada da heç bir problem yoxdur. “Arsenal” klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik təmin olunması ilə bağlı bəyanat da verilib. Çünki o, Azərbaycana idmançı kimi gəlir. Göründüyü kimi burada da bir məhdudlaşdırma yoxdur. O cümlədən, hazırda AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. İddia olunduğu kimi burada maddi baxımından hüquqların məhdudlaşdırılmasından söhbət belə gedə bilməz”.
H.Babaoğlunun sözlərinə görə, bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar:
“Düşünürəm ki, bu bəyanata rekorrektə olmalıdır ki, bu, Böyük Britaniya-Azərbaycan dostluğuna xələl gətirməsin. Ümid edirik ki, bizim tərəfdaşlarımız da, dost ölkələr də növbəti belə məqamlarda daha diqqətli olacaqlar”.