13 May 2019 20:55
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasət riyaziyyatdan dəqiq olsa da, bir sıra hallarda verilənlərdə edilən yanlışlıqlar ucbatından səhv addımlar atıla bilər.

Bugünlərdə “Meydan” TV-nin keçmiş direktoru Emin Milli (Abdullayev) özünün "Facebook" səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən üzr istədiyi barədə yazıb.

O, dövlət başçısından, hökumət nümayəndələrindən və digərlərindən üzrü nifrət ifadə etdiyinə görə istədiyini bildirib: “İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu, qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər”.

Üzr istəmək.... Bu addımı atanı bağışlamaq da olar. Üzr istəmək və üzr istəyəni bağışlamaq, adətən, ayrı-ayrılıqda təqdir edilir. Belə davranışla bağlı bizdə atalar sözləri də var: “Qul xətasız, ağa mərhəmətsiz olmaz”, “Bağışlamaq böyüklükdür”.

Bu baxımdan, Emin Millinin atdığı addımı 3 baxımdan dəyərləndirmək olar:

- doğrudan da indiyədək nifrət yaydığını, tənqidlə təhqirin fərqini bilməyib;

- özünə baxmaq üçün onun zamana ehtiyacı olub;

- o, Azərbaycanın dövlət maraqlarına xidmət etmək istəyir.

Bu nəticəyə Emin Millinin sosial şəbəkədə paylaşdığı əvvəlki statuslara əsasən gəlmək olar.

Bu il oktyabrın 19-da Emin Millinin 40 yaşı tamam olur. Görünür o, ötən illərdə bəzi addımları gənclik emosiyası ilə atıb. “Bir insan gəncliyində olduğu kimi yetkinliyində də inqilabçı olursa, deməli, həyat ona heç nə öyrətməyib” deyimi də bu məsələdə yerinə düşür.

Hələ 2010-cu il sentyabrın 20-də Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən Emin Milli ilə bağlı yayılan informasiyalara münasibət bildirmiş, bunu “Azərbaycan əleyhinə kampaniyanın bir hissəsi” adlandırmışdı.

Onun üzr istəməsi dövlət başçısının haqlı olduğunu təsdiqlədi. O, statuslarından birində Prezidentin islahat apardığını yazmaqla səhvlərini etiraf edib.

Belə hesab etmək olar ki, xarici ölkələri gəzib, müxtəlif mənşəli insanlarla görüşü və başqa amillər onun səhvlərinin etiraf edib üzr istəməsinə stimul verib.

İndi əsas suallar budur: Emin Millinin üzrünü qəbul etmək olarmı? Onun üzrü günahından betər deyil ki?

Fikrimizcə, burada bir məsələyə diqqət yetirilsə problemin həlli daha asan olar. Belə qəbul edək ki, o, bu səhvləri Azərbaycanın daha qüdrətli olması üçün edib. Yəni Azərbaycan üçün çalışmaq istəyib, daha yaxşı olmasına can atıb. Bu zaman yanlışlıqlara yol verib. Yazdıqlarından belə qənaətə gəlmək olar ki, o, Azərbaycan dövlətinin maraqlarına xidmət etmək niyyətindədir. Odur ki, Emin Millini Azərbaycana xidmət edəcəyi üçün bağışlamaq daha məqbul sayılar.

Azərbaycanın maraqlarına, təhlükəsizliyinə, qüdrətli, demokratik olmasına xidmət isə vətəndaşlarımızın ortaq məxrəcidir.

“Siyasətçilər bir çox hallarda bir-birini qəbul etmirlər”

"Münasibətlər plüralizm prinsiplərinə söykənməlidir".

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Report”a açıqlamasında deyib ki, Azərbaycan siyasətində gərginlik həmişə artan xətt üzrə gedib: “Yəni siyasətçilər bir çox hallarda bir-birlərini qəbul etmirlər. Başa düşürəm, ölkədə müxalifət də, iqtidar olmalıdır və rəqabət aparmalıdırlar. Amma münasibətlər sistemi düşmənçilik səviyyəsinə çatdırılmamalıdır, normal formada olmalıdır”.

O, təəssüflə qeyd edib ki, siyasi qüvvələr arasındakı düşmənçilik mətbuata da, vətəndaş cəmiyyətinə də transfer olunur: “Buna yol vermək olmaz. Düşmənçilik əhval-ruhiyyəsinin olması inkişafa gətirib çıxara bilməz. Ölkənin gələcəyi hər şeydən əvvəl münasibətlərin qarşılıqlı formasından asılıdır. Münasibətlər plüralizm prinsiplərinə söykənməlidir. Belə olan halda uğurlara nail olmaq olar. Emin Millinin üzr istəməsini normal qiymətləndirirəm. Bəziləri bundan nümunə götürməlidir. Nifrət varsa, deməli, münasibətlər normadan kənara çıxıb. Bu, cəmiyyətin əhval-ruhiyyəsinə də təsir göstərir”.

Ə.Nuriyev bildirib ki, Prezident dövlətin atributudur, simvoludur: “Kimsə onun siyasətini sevə də bilər, sevməyə də bilər, amma bu, nifrətə söykənməməlidir. Biz bu ənənələri yaratmalıyıq. Bilirsiniz ki, Azərbaycanın dövlətçilik ənənələri yeni yaranır. Tarixi təcrübə var, amma bu dayanıqlı ənənəyə söykənmir. Hökumətə qarşı müxalifətdə olmaq olar, amma dövlətə qarşı deyil. Dövlətin atributlarına hər zaman hörmət olunmalıdır”.

O, siyasi düşmənçiliyin əleyhinə olduğunu qeyd edib: “Siyasi münasibətlərdə düşmənçiliyin əleyhinə olmuşam. İndi aktiv siyasətlə məşğul deyiləm, amma ictimai fəaliyyətlə məşğulam. Hər zaman da münasibətlər sistemində ənənəyə sadiq qalıram. Biz təkliflərimizlə böyük işlər görmək imkanına malik ola bilərik. Düşmənçilik etməklə nəsə əldə etmək olmaz”.

“Emin Milli sağ olsun, düzgün addım atıb”

"Ölkə daxilində olanlar heç də onlardan əskik mübarizə aparmırlar".

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu “Report”a açıqlamasında mühacirətdə olan bəzi şəxsləri tənqid edib.

Onun sözlərinə görə, mühacirətdə olan bəziləri fəaliyyətlərini Azərbaycana qarşı yönəldir: “Onlar xaricdə oturub, bizə yol göstərməyə çalışırlar. Belə olmamalıdır, ölkədə olanlar fədakarlıq göstərirlər. Xaricdəkilər də xalq üçün çalışmalıdır. Ermənidən pisik? Mühacirətdə olan ermənilər Ermənistana qarşı təbliğat aparmırlar. Nə qədər haqsızlıq görsələr də... Bizimkilər isə elə deyil, millət sözü onlar üçün yad anlayışdır. Emin Milli sağ olsun, düzgün addım atıb. Başa düşürəm ki, onlar istəyir ki, ölkədə demokratiya olsun. Demokratiya üçün mübarizə aparanlar ölkə daxilində də var. Ölkə daxilində olanlar heç də onlardan əskik mübarizə aparmırlar, xaricə getmirlər. Biz özümüz sözümüzü də deyirik, təklifimizi də veririk.

Tövsiyəm odur ki, harda olurlar-olsunlar, Azərbaycan üçün işləsinlər. Ölkəmizi pisləməsinlər, gözdən salmasınlar. Bunları deməyə haqqım var, haqsızlıqla üzləşən adamam, bu yolu keçmişəm. Amma ölkəni tərk etməmişəm. Baxmayaraq ki, övladlarım, həyat yoldaşım İsraildədir, amma ora getmədim. Getsəydim, orada məni gözəl həyat gözləyirdi, amma Bakıda qalası oldum. Qohumlarım bu yaxınlarda İsraildən gəlmişdilər. Ölkəmizə valeh oldular. Hətta həkim qohumlarımdan biri Azərbaycanda qalmaq istədiyini dedi. Görün Azərbaycan necə onun xoşuna gəlib...”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər