“Paşinyanın Şuşada yallı oynaması bizim üçün, şübhəsiz ki, gözdağıdır. Amma Paşinyan üçün də Şuşada yallı oynamaq rahat məsələ deyil. Qarabağdakı ermənilər birbaşa Moskavaya tabedir, Rusiya onları Paşinyana qarşı istifadə edə bilər. Məsələn, Ermənistanda daha bir hərbi çevrilişə əl ata bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Ekspertin fikrincə, bunu başa düşən Paşinyan Qarabağdakı ermənilərlə ehtiyatla davranır:
“Öz oğlunu Qarabağa hərbi xidmətə göndərməklə onu orta əsrlərin qaydalarına uyğun, çəkindiyi bölgəyə girov verib. Şuşadakı yallıdan sonra da deyib ki, biriləri Qarabağda əks-inqilab etməyə girişsə, qarabağlılar özləri inqilab edərlər. Bunu nədən söyləməsini güman etmək olar.
Paşinyanın mövqeləri yetərincə güclü deyil. KTMT-nin keçmiş baş katibi Xaçaturovu həbs edə bilmədi, aprel döyüşlərində rüsvay olmuş və Sərkisyan tərəfindən vəzifəsindən çıxarılmış Baş Qəragahın kəşfiyyat idarəsinin rəisi Karapetyanı özünə müşavir təyin etdi.
Korrupsiyaya qarşı mübarizəyə girişsə də, mafioz Qagik Çarukyana əlavə iqtisadi imtiyazlar verməli oldu, Köçəryanı həbs etsə də, Sərkisyan və Ohanyan azadlıqdadır, Moskvayla əlaqədədirlər.
İndi də Şuşadan qayıdandan sonra Qarabağda əks-inqilab ehtimalından danışdı”.