“Rusiya azərbaycanlılarının Bakının yanında olması bizim üçün hava və su kimi vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, bir dövlətin xaricdə milyonlarla soydaşı yaşayırsa, bu xarici siyasətdə həmin ölkənin resursudur:
“İkitərəfli münasibətlərdəki inkişaf və problemli vaxtlarda və ya Qarabağ münaqişəsinin müharibə fazasına keçməsi halında bu “ordu”dan istifadə etmək olduqca vacibdir. Son zamanlar Gürcüstanla aramızda baş verənlər bu istiqamətdəki problemləri ortaya çıxarmış oldu.
Vahid Rusiya azərbaycanlıları təşkilatının qurulması uğrunda bir neçə ildir müxtəlif cəhdlərin olmasına baxmayaraq bu alınmırdı . Son iki həftədir ki, deyəsən, bir qrup həmyerlimiz vahid təşkilat yaratmaq uğrunda nəticələr əldə edib”.
Zaur Məmmədov qeyd edib ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və bu çox böyük resursdur:
“Orada yaşayan soydaşlarımız potensiallı, intelektual, iqtisadi elita olmağı bacarmış şəxslərdir. Onların lazım gələrdə Bakıya qarşı deyil, Bakının “silahı” olmaları vacibdir. Moskvada qurulacaq istənilən təşkilat qarşısında seçim olacaq. Bu seçimdən üzüağ çıxmaq məharəti isə, bizdən asılıdır”.