14 May 2019 18:45
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla, Belçikalıların Kralı Filiplə görüşdü. Hər iki görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı.

Bunu Teleqraf.com-a açqılamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirilib:

“Bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətidə atılan mühüm addımlar kimi qiymətləndirilməlidir. Ancaq milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar antiazərbaycançı mərkəzləri narahat edir və təəssüf ki, bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər. Özünü azərbaycanlı hesab edən heç bir kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdır. Çünki Azərbaycan Prezidentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə deyil, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşıdır”.

H.Babaoğlu qeyd edib ki, belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir:

“Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, öz beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Ancaq təəssüf ki, vətəndaşlıq məsuliyyəti və milli təəssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. Bu, yolverilməzdir. Bu, milli davamıza, Qarabağ davamıza xəyanətdr. Bu cür insanların azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur. Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız bu həqiqəti birdəfəlik bilməli və milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq”.


Müəllif: Səxavət Həmid