14 May 2019 21:25
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı yubiley toplantısı keçirildi. İlk başda proqramın təşəbbüskarı olan Polşa və İsveç keçmiş SSRİ respublikalarının Avropa ilə daha sıx inteqrasiyasını və Rusiyanın təsirindən uzaq durmasını qarşılarına məqsəd qoymuşdular. Bu 10 ildə Şərq Tərəfdaşlığı Proqramı fərqli formatlara keçdi. Avropa İttifaqı bəzi dövlətlərlə assosiativ sazişlər imzaladı (bu saziş Ukraynada “Maydan” hadisələrinə səbəb oldu ki, nəticədə Rusiya Krımı ilhaq etdi, Donbasda separatçı bölgə yarandı), digərləri, o cümlədən Azərbaycanla fərqli saziş üzərində çalışmalar başladı. Çünki Azərbaycan o biri dövlətlərdən fərqli olaraq həm də Avopanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Avropa İttifaqı ölkələrinin və Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmaması Azərbaycanın maraqlarına uyğun deyil:

“Birincisi, ərazi bütövlüyü prinsipi Avropa dövlətləri üçün başlıca prinsiplərdən sayılır. Məsələn Avropa Parlamenti bu illər ərzində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamələr qəbul edib. Demək, Avropa Komissiyası ən azı Avropa Parlamentinin qətnamələrinə uyğun bəyannamə hazırlamalı idi. Bunun nəticəsində Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina etdi. Etiraza baxmayaraq, bəyannamənin mətni dəyişdirilməyib və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

İkincisi, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransın açılışında özü deyib ki, dondurulmuş münaqişələrin həlli Avropa üçün prioritet məsələlərdəndir. Demək, əvvəlcədən bəyannamə ilə tanış olan Jan Klod Yunker öz prinsiplərini əsas tutaraq ərazi bütövlüyü bəndinə lazımınca diqqət yetirməli idi. Ərazi bütövlüyü prinsipi vurğulanmadan Jan Klod Yunkerin dediyi kimi “Avropanın sülh içində olması mühümdür” yanaşmasının reallaşması mümkün deyil.
Üçüncüsü, Gürcüstan və Ukraynanın mövqeyi maraq doğurur. Gələn xəbərlərə görə, bu iki ölkənin nümayəndə heyəti ərazi bütövlüyünün bəyannaməyə salınmasında Azərbaycan nümayəndə heyəti qədər israrlı olmayıb. Ukrayna və Gürcüstan bəyannamədə Şərq Tərəfdaşlığının əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər. Onları əsas narahat edən məsələ sənəddə Brüssel tərəfindən Şərq Tərəfaşlığına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səylərinin tanınmaması olub. Açıq demək lazımdır ki, bu bənd də Azərbaycanı az narahat edir. Çünki, Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycan Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoymayıb.

Dördüncüsü, Rumıniya hazırda Avropa İttifaqına rəhbərliyi həyata keçirir. Azərbaycanın Avropa ölkələri arasında stateji tərəfdaşlıq qurduğu ölkələrdən biri də Rumıniyadır. İki ölkə arasında strateji saziş imzalanıb. Bu baxımdan Rumıniyanın bəyannamənin mətninə təsir imkanı olduğu halda ərazi bütövlüyü məsələsinə həssas yanaşmaması sual doğurur. Ancaq məsələnin başqa tərəfi də var. Belə bir bəyannamənin hazırlanacağı əvvəlcədən bəlli idisə, sənəddə ərazi bütövlüyü ilə bağlı bəndin salınması üçün Azərbaycan XİN-in diplomatik çalışmaları olubmu, yoxsa nazir Elmar Məmmədyarov qəbul etmədiyi bəyannaməni yalnız son gün – mayın 13-də görüb? Əlbəttə, ərazi bütövlüyü ilə bağlı bəyannamələrin, bəndlərin qəbulu bizim üçün vacibdir, ancaq həmin bəndi vurğulayan qətnamələr belə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Yəni bu məsələni faciəyə çevirməyə də ehtiyac yoxdur”.

E.Şahinoğlu qeyd edib ki, Brüsseldəki xoşagılməz hadisəyə baxmayaraq, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə gərginlik gözlənilmir:

“Azərbaycan rəsmilərinin də söylədikləri kimi Avropa İttifaqı ölkələri Azərbaycanın əsas tərəfdaşları arasında yer alıb. Azərbaycanın ticarət apardığı ölkələr sırasında da Avropa dövlətləri ilk sıralarda qərar tutublar. Tikintisi başa çatmaqda olan TAP boru xətti ilə daşınacaq qazımızın da son ünvanı Avropadır”.

Politoloq bildirib ki, Brüssel görüşü ilə bağlı ərazi bütövlüyü bəndi müzakirə predmetinə çevrilsə də, aylardır əsas mövzu Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanmasıdır:

“Bu mövzu indi də aktualdır. Milli Məclisin sədri Oqtay Əsədov sazişin məhz mayın 13-də imzalanacağını bildirmişdi. Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Milli Məclis sədrinin sözlərini təkzib etmişdi. Görünür, Oqtay Əsədov Prezident İlham Əliyevin mayın 13-də Brüsseldə olacağını düşünərək sazişin imzalanacağını düşünürdü. Ancaq XİN-in proqnozu düz çıxdı. Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov eyni gündə Brüsseldə olsalar da, saziş hələ imzalanmayıb. Ancaq narahat olmağa dəyməz. Saziş üzərində son tamamlama işləri gedir və Şərq Tərəfdaşlığı Proqramının bəyannaməsindən fərqli olaraq sazişdə Azərbaycanın ərazi bütövlüyü vurğulanacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər