“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni jurnalistə doğru irad bildirib, düzgün sual verib ki, Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?”
Teleqraf.com xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyası (REAL) sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi nazirin erməni jurnalistə ünvanladığı sualda 3 nəticə olduğunu bildirib:
“Birincisi budur ki, Ermənistan torpaqları müvəqqəti işğal edib, əvvəl-axır o torpaqlardan qovulacaq, bunu indiki hökumət edə bilməsə, sonra qurulacaq demokratik hökumət edəcək - nəticədə indi “qazanc” kimi görünən bütün üstünlükləri itirəcəklər.
İkincisi, əgər Ermənistan Rusiyanın oyununa gəlib işğalçı siyasətə başlamasaydı bu gün neft-qaz kəmərləri Ermənistandan keçəcəkdi, onlar daha varlı, Rusiyanın altında olmayan dövlət olacaqdılar. Ermənilər işğalçılıq etməsəydilər indi bütün Cənubi Qafqaz Avropa İttifaqı və NATO üzvü idi.
Üçüncüsü, ermənilər müvəqqəti olaraq Qarabağ və ətrafını işğal etdilər, əvəzində Bakıda, Sumqayıtda, Gəncədə yaşamaq hüququnu itirdilər. Əgər münaqişə olmasaydı, bu gün erməni əsilli Azərbaycan vətəndaşları BP-də, bank sektorunda, biznesdə ciddi vəzifələr tutub pul qazanacaqdılar, Milli Məclisdə təmsil olunacaqdılar”.
Natiq Cəfərli buna oxşar sualı 10 il əvvəl Parisdə Ermənistan rəsmilərinə ünvanladığını bildirib: “Həmin vaxt öz axmaq işğalçı siyasətlərinə görə nələri itirdiklərini izah etmişdim”.