15 May 2019 21:57
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir:

- Rasim müəllim, İran-ABŞ münasibətlərində gərginlik və Tehran ətrafında yaranan vəziyyəti nə dərəcədə təhlükəli hesab edirsiniz?

- Vəziyyət olduqca gərgindir. Hiss edilir ki, Donald Tramp hökuməti İrana təzyiqlərini bütün istiqamətlər üzrə artırmaq niyyətindədir. Biz ancaq iqtisadi-siyasi təzyiqi deyil, bununla paralel olaraq İrana açıq hərbi hədəni görürük. Bu, olduqca təhlükəlidir. Söhbət ondan getmir ki, bu saat Tramp müharibənin başlaması haqqında qərar verəcək. Heç müharibə olmasın, ancaq nəzərə alınsa ki, hazırda ABŞ-ın iki donanması körfəzdə durub, İran da öz qüvvələrini səfərbər etməkdədir. Belə qüvvələr bir-birinin qarşısında olduğu halda öncədən nəzərdə tutulmayan hansısa kəşfiyyat və ya təxribat xarakterli hərəkət zəncirvari geniş toqquşmalara gətirib çıxara bilər. Bax, bu, təhlükəlidir. Heç kəs təminat verə bilməz ki, anidən belə bir hadisə baş verməyəcək.

- Ancaq indiyə qədər də tərəflər arasında belə həddə qədər qarşıdurma olub...

- Bəli, sizinlə razıyam və hazırda bəzi analitiklər də qeyd edirlər ki, əvvəllər də donanmanı təzyiq kimi gətiriblər, sonra geri çəkiblər, hədə və təhdidlər olub və s. Ancaq məndə heç nəyin olmayacağına və ola bilməyəcəyinə dair əminlik yoxdur. Bir daha vurğulayıram ki, indiki vəziyyət olduqca təhlükəlidir. Mənim düşüncəmə görə, yaxşını düşünməli və istəməlisən, ancaq pis variantlara da hazır olmalısan.

- Rasim müəllim, ABŞ məqsədlərinə nə dərəcədə nail ola, İran neftinin ixracatının qarşısını ala, Tehranı faktiki olaraq nüvə sınağından imtina etdirə bilər?

- Neftin ixracatını sıfır həddə gətirib çatdıra biləcəklərinə əsla inanmıram. Çünki qaçaqmalçılıq var, üstəlik indi elə imkanlar var ki, İran neftini sata bilər. Məsələn, İraq istiqamətində neftini çıxara və qaçaqmalçılıq xətti ilə bazara çatdıra bilər. Nəzərə alaq ki, dünyada “boz bazar” və “qara bazar” anlayışları da var. İndiki halda İran “boz bazar”dan istifadə edə bilər. Həmçinin Rusiyaya neft ötürə bilər və ruslar da bunun qarşılığında İrana müəyyən imkanlar yaradar. Yəni, İran neft ixracatının tam sıfıra endirilməsinə inanmıram. Ancaq tamamilə aydındır ki, indiki həyata keçirilən tədbirlər İranın neft satışını 60-70 faiz azaldıb. Bu da İran üçün ağır iqtisadi təzyiqdir. Üstəlik, bununla yanaşı İranın metallurgiya sahəsinə də sanksiyalar tətbiq edilib. Bütün bunlar İran rejimi üçün çətin vəziyyət yaradır. İranın buna cavab olaraq ağır suyun, uranın zənginləşdirməsi ilə bağlı işləri yenidən bərpa edəcəyi təqdirdə istisna etmirəm ki, ABŞ və müttəfiqləri bu müəssisələrə raket zərbəsi endirə bilər. Bu da heç kəsin istəmədiyi hərbi toqquşmalara gətirib çıxara bilər. Hiss olunur ki, Tramp bu məsələdə geri addım atmaq niyyətində deyil.

- İranın geri addım atmaq imkanı varmı?

- İran deyir ki, sazişdə qalan ölkələr 2 ay müddətinə problemləri yoluna qoymasa, yenidən uranı daha dərin şəkildə zəninləşdirməyə başlayacaq. Amma nəzərə alın ki, deyilən sözlə edilən hərəkət fərqlidir. Hazırda Avropa Birliyi İrana deyir ki, ABŞ-ın özünü belə aparmasına baxmayaraq, sən sazişdən çıxma. Avropa Birliyi İranla əlaqələri saxlamağa çalışır və Amerikanın addımlarını heç də dəstəkləmir.

- Avropanın hərəkətləri də qəribədir. Özü İranı daha çox dəstəkləyir, amma şirkətləri İrandan qaçır...

- Çünki Avropa şirkətləri üçün Amerika bazarı İran bazarından 200 dəfə çox əhəmiyyətlidir. Avropa ölkələri deyir ki, şirkətlərinin İrandakı fəaliyyətinə qadağa qoymur. Ancaq bu şirkətlər gedib İranda iş gördüyü təqdirdə Amerika ərazisində əl-ayağı bağlanır. Onlar üçünsə Amerika bazarı çox vacibdir. Söhbət ancaq Avropa şirkətlərindən getmir, bütün şirkətlərdən gedir.

- Hətta Çin şirkətlərindən də?

- Bəli. Hansı səbəbdən Çin şirkəti Amerikadan çəkilməli və İran neftindən imtina etməməlidir? Bu şirkətlər İranla əlaqəyə girsə, ABŞ-da sanksiya altına düşəcək və əmlakları, bank hesabları dondurulacaq. Heç bir Çin şirkəti də bunu istəmir. Amerika bazarı öz-özlüyündə hamı üçün əhəmiyyətlidir. Nəzərə alın ki, dünyada dollarla hesablaşmalar bütövlükdə hesablaşmaların 70 faizini təşkil edir. Bunların hamısı ABŞ vasitəsilə olur.

- İndi də xəbər yayılıb ki, Çin İran neftini almaqdan imtina etməyə hazırlaşır. Sizcə, bu mümkündürmü?

- Mümkündür. Amerika deyir ki, İran neftindən imtina et və gəl mənim neftimi al. Bu gün Amerika niyə özünü belə aparır? Çünki artıq öz daxili tələbatını neft və qazla təmin edib, üstəlik ixrac potensialı da var.

- ABŞ Dövlət katibi Pompeonun Rusiyaya səfərini nəzərə alaraq sizcə, Moskvanın İran ətrafında baş verənlərə münasibəti necədir?

- Sözsüz ki, dövlət katibinin Soçidə keçirilən görüşlərində İran məsələsi müzakirə edilib. Ancaq Rusiya lap tutaq ki, İran neftinin bir hissəsini almağa razı oldu. Axı bu nefti Rusiyaya çatdırmaq çətindir. Körfəzdən çıxarılan neft tankerlərə vurulur, amma bu tankerlər izlənir. Yəni onları gizli çıxarmaq qeyri-mümkündür. Yalnız İran neftini borular vasitəsilə İraq və Türkiyəyə çıxarmaq mümkündür. Ancaq ABŞ-ın İraq və Türkiyədə nəzarəti, mövqelərinin güclü olduğunu nəzərə alsaq, bunun qarşısını tam almasa da, məhdudiyyətlər tətbiq etməsi mümkündür. Bu mənada İranın vəziyyəti heç də xoşagələn deyil. Əksinə olduqca mürəkkəb bir durumdur. Və ən pisi də odur ki, zaman keçdikcə vəziyyət bir qədər də xatalı hal alır. Biz arzu edirik ki, yaranan problem dialoq və sülh yolu ilə həllini tapsın.


Müəllif: Cavad