Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Brüsseldəki toplantısından sonra Bakıya qayıtmayaraq Fransaya səfər etməsinin və Parisdə görüşlərə ehtiyac duymasının bir neçə səbəbi ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Fransa Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarındandır:
“Fransa şirkətlərinin Azərbaycanda investisiyaları var. Rəsmi Bakı bu investisiyaların artırılmasında maraqlıdır. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir. Rəsmi Bakı Fransanın münaqişənin həllində hansı yeni təşəbbüsləri ola biləcəyini müəyyənləşdirmək istəyir. Bundan başqa Azərbaycan Fransa ilə hərbi əməkdaşlığa da başlamaq istəyir. Təşəbbüslər var, sadəcə bunları reallaşdırmaq lazımdır”.
E.Şahinoğlu qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron keçən il Azərbaycana səfərə gəlmədi. Halbuki belə bir səfər planlaşdırılırdı və iki dəfə təxirə salındı:
“Azərbaycan səfərin bu il reallaşmasını istəyir. Makron keçən il Bakıya deyil, İrəvana getdi. Bundan sonra Makron “erməni soyqırımı”nın hər il aprelin 24-də Fransada qeyd olunacağı haqqında fərman verdi.
Keçmiş prezident Nikol Sarkozinin də Ermənistana və ermənilərə rəğbəti var idi, ancaq o heç olmazsa Azərbaycana da gəlirdi və Bakı ilə dialoqdan qopmurdu. Əgər Makron bu il də Azərbaycana gəlməsə bu iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək”.