16 May 2019 17:14
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeonun Rusiyaya səfərini belə izah edənlər tapıldı ki, İran məsələsində Vaşinqtonla Moskva arasında razılıq mümkündür. Həqiqətən Rusiya Prezidenti Vladimir Putin son çıxışında Amerika ilə yanaşı İranı da tənqid etdi. Putin dedi ki, Rusiya hər zaman İranı müdafiə edə bilməz. Putin hətta belə bir ifadə də işlətdi: “Rusiya yanğınsöndürən deyil ki, hər yerə özünü çatdırsın”.

Teleqraf.com xəbər bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb.

Yazıda bildirilir ki, Putin hardasa haqlıdır:

“Suriyada təhlükə yaranır, Bəşər Əsəd rejimi Rusiyanı köməyə çağırır, Venesuelada çevrilişə cəhd olunur, Prezident Nikolas Maduro Rusiyanı köməyə çağırır, indi də Tehran Rusiyadan dəstək istəyir. Putin demək istəyir ki, Rusiya hər yerdə ABŞ və digər ölkələrlə toqquşmadan yorulub. Çünki bu halda həm Rusiyaya qarşı sanksiyalar sərtləşir, həm də Rusiya enerjisini və pulunu kənarda xərcləmək məcburiyyətində qalır, halbuki bu enerjinin və pulun daxildə xərclənməsinə, dərin iqtisadi və sosial problemlərin həllinə ehtiyac var”.

Analizdə qeyd olunur ki, Rusiya Prezidenti İranın nüvə anlaşmasından çıxmamasının vacibliyini bildirdi:

“Halbuki İran Prezidenti Həsən Ruhani deyib ki, Amerikanın siyasəti dəyişməsə İran iki ay ərzində nüvə anlaşmasından çıxacaq. Bu yanaşma Avropa ilə yanaşı Rusiyanı da narahat edir. Çünki İranla nüvə anlaşmasına Amerika ilə yanaşı Avropa dövlətləri və Rusiya da imza atıb.

Buna baxmayaraq, Rusiya Amerikanın İrana qarşı sanksiya siyasətini də qəbul etmir. ABŞ-ın İranı vurması üçün Rusiyanın razılığına ehtiyacı yoxdur. Çünki Kreml heç zaman İranın vurulması üçün Amerika ilə açıq və ya gizli razılaşmaya getməz. Rusiya Bəşər Əsədə vaxtilə məhz ona görə hərbi dəstək verdi ki, bu ölkədə hakimiyyət dəyişikliyi Amerikanın istədiyi şəkildə baş verməsin. ABŞ-la Rusiyanın maraqları fərqlidir. Ona görə də bütün digər məsələlərdə olduğu kimi İran mövzusunda da Vaşinqtonla Moskva arasında razılaşma mümkün deyil.

İrana qonşu olan heç bir ölkə bölgədə təlatüm və müharibə istəməz. Rusiya da bu mövqedən çıxış edir.

Digər tərəfdən İranda hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına cavab vermir. Bir anlığa təsəvvür edək ki, İranda şah rejimi bərpa edildi, keçmişdə olduğu kimi indi də Pəhləvi sülaləsi Amerikanın bütün tapşırıqlarını yerinə yetirməyə başladı. Rusiya qonşuluğunda Amerikaya müttəfiq dövlətin formalaşmasına razılaşarmı?! Əlbəttə, razılaşmaz”.


Müəllif: Səxavət

Oxşar xəbərlər