18 May 2019 20:27
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın apardığı xarici siyasət həm məzmunlu, həm də çoxvektorludur. Məzmunu etibarilə Azərbaycanın xarici siyasəti ölkəmizin, xalqımızın, dövlətimizin milli maraqlarını üstün tutmaq şərtilə aparılır. Başqa sözlə desək, aparılan xarici siyasətin məzmunu elə qurulur ki, dövlətimizin və milli maraqlarımızın üstünlüyü təmin olunur. Burada bir məsələni də qeyd etmək xüsusilə vacibdir. Xarici siyasətimizin əsas hədəflərindən biri milli mənafelərlə başqa xalqların, başqa dövlətlərin mənafeləri arasında Azərbaycanın maraqlarının üstünlüyünün təmin olunmasından ibarətdir. Eyni zamanda dövlət və milli maraqlarımızla bizim qonşularımızın, eləcə də Azərbaycanla yaxşı münasibətdə olan digər uzaq dövlətlərin milli, dövlət maraqları arasında Azərbaycan üçün çox vacib olan balans, səviyyə saxlanıla bilir.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xarici siyasətimiz başqa dövlətlərin mənafeləri arasında elə gözəl balans yarada bilir ki, həm ölkəmizin dünya miqyasında dostları artır, həm düşmənlərin pis niyyətlərini neytrallaşdırmaq mümkün olur, həm də dövlətimiz üçün sərfəli əməkdaşlıq münasibətləri qurula bilir:

"Azərbaycanın xarici siyasəti qeyd etdiyimiz kimi həm də çoxvektorludur. Bu, beynəlxalq təşkilatlar istiqamətində, region dövlətlərinə münasibətdə və dünya miqyasında Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərlə aparılan xarici siyasətdir. Bunların hər biri istiqamətində çox böyük nəticələr var. Elə bunun nəticəsidir ki, bu gün ölkəmiz çox maraqlı və böyük gəlir gətirən regional iqtisadi layihələrin fəal iştirakçısı və aparıcısıdır. Məhz bunların sayəsində ölkəmiz böyük əməkdaşlıq layihələri həyata keçirir. Müxtəlif beynəlxalq təşkilatlarda əlaqələrimiz Azərbaycanın dövlət maraqlarının müdafiəsinə və həyata keçirilməsinə hesablanıb”.

A.Quliyevin sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində də Azərbaycan olduqca əlverişli mövqeyə çıxıb:

“Bu gün elə bir nüfuzlu beynəlxalq təşkilat yoxdur ki, onun çərçivəsində Azərbaycanın ərazi bütövlüyü qəbul olunmasın və Qarabağ probleminin əsl mahiyyəti başa düşülməsin. Bu, sözsüz ki, Azərbaycan diplomatiyasının və ilk növbədə cənab prezidentin həyata keçirdiyi siyasətin olduqca böyük və unikal nəticəsidir. Qarabağ münaqişəsinin həlli sahəsində bu gün Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə çox uduşlu mövqelərə gəlib çıxıb. Hətta, dünyada Ermənistanın strateji müttəfiqləri kimi qəbul olunan bəzi ölkələr, o cümlədən Fransa da bu gün Azərbaycanla hərbi sahədə çox yüksək əməkdaşlıq edir. Bütün bunlar Azərbaycan xarici siyasətinin ortaya qoyduğu nəticələrdir. Bir sözlə, Azərbaycanın xarici siyasəti bizim milli maraqlarımız üzərində qurulub, milli maraqların həyata keçirilməsi məqsədinə, Azərbaycanın iqtisadi inkişafına və ölkə vətəndaşlarının hüquqlarının və rifahının qorunmasına xidmət edir. Xarici siyasətin ən böyük nəticələrindən biri də ölkədə sabitliyə və təhlükəsizliyə nail olmaqdır. Çünki xarici siyasət elə məzmunda və istiqamətdə qurulub ki, ölkəmizdəki sabitliyə və təhlükəsizliyə xələl gətirə biləcək çox güclü beynəlxalq faktorlar əmələ gələ bilmir. Bu, olduqca əhəmiyyətli məsələdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər