20 May 2019 10:27
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə fəaliyyət göstərən məhkəmələrin binalarına girişin bağlanılması fikrindən imtina etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyanın özü məlumat verib.

Erməni baş nazir səhərin erkən saatlarında rəsmi Feysbuk səhifəsində bunları yazıb: “Xalqım, utancaq olma! Evdən çıxarkən çətirləri unutma, hamınızı sevirəm”.

Qeyd edək ki, Nikol Paşinyan ilk dəfə olaraq dünən insanları ölkədəki bütün məhkəmələri bağlamağa çağırıb.

O, bu gün saat 12:00-da canlı yayımda xalq qarşısında çıxış edəcəyini və inqilabın ikinci mərhələsini elan edəcəyini açıqlayıb.

Baş nazir Ermənistanın həbs edilmiş ikinci prezidenti Robert Köçəryanın azad edilməsinə görə məhkəmələri ittiham edib.

Eyni zamanda , Ermənistan Prezidenti Armen Sərkisyan ölkədə məhkəmələrə girişin bağlanılması ilə bağlı fövqəladə bəyanat verib.

Dövlət başçısı insanları sakitləşməyə və Konstitusiyaya hörmət etməyə çağırıb. O, məhkəmələrin də şəffaf fəaliyyət göstərməsinin vacib olduğunu da deyib.

***

10:14

“Respublikanın bütün məhkəmələrinin giriş və çıxışlarına maneə törətmək barədə Ermənistan baş nazirinin çağırışı və ya bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ombudsman aparatının rəhbəri Arman Tatoyan deyib.

Ombudsman Nikol Paşinyanın bu çağırışını məhkəmələrin işinə müdaxilə adlandırıb və onu ölkədə sabitliyi pozmaqda ittiham edib:

“Mən Ermənistan vətəndaşlarını məhkəmələrin binalarını bloklayan tədbirlərdən çəkinməyə çağırıram, əks halda hansısa bir gərginliyin baş verəcəyini istisna etməməliyik. Sosial şəbəkələrin monitorinqi göstərir ki, vətəndaşlar bir-birlərinə qarşı ən yüksək dərəcədə dözümsüzlük nümayiş etdirirlər, bir-birlərini təhqir və bir-birini təhdid edirlər. Bu, ölkənin insan haqlarının müdafiəsi baxımından təhlükəlidir”.

Xatırladaq ki, keçmiş prezident Robert Köçəryanın həbsdən azad edilməsinə etiraz edən Paşinyan xalqı küçələrə çıxmağa çağırıb.

O, ölkədə inqilabın ikinci mərhələsinin başladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər