“Ermənistan Baş naziri Nikol Paşinyan ikinci inqilab anonsu verməklə, özünə qarşı hazırlanmış əks-inqilab ssenarisinin qarşısını almaq istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, həbsdən azad edilən ikinci prezident Robert Köçəryan Moskvanın təlimatı ilə “Qarabağ klanı”nı yenidən öz ətrafında sıx birləşdirib Paşinyana qarşı hərəkətə keçəcək:
“Paşinyanın hakimiyyətə gəlməsindən sonra Köçəryanın Rusiyaya getməməsi yeni planla bağlı idi. Proseslər baş nazirin əleyhinə işləyir, “Qarabağ klanı” ciddi-cəhdlə ona qarşı əks-inqilaba hazırlaşır. Lakin indiki vəziyyətdə “Qarabağ klanı”nın qalib gəlmək şansı azdır, çünki hələlik Paşinyanın cəmiyyət daxilindəki reytinqi yüksəkdir. Köçəryanın klanı isə yalnız ordu vasitəsilə hakimiyyəti ələ keçirə bilər. Bu da Ermənistanda qanlı vətəndaş qarşıdurmasına yol aça bilər.
Göründüyü kimi Paşinyanın “Qarabağ klanı” qarşısında əli zəifdir. Paşinyanın hakimiyyətə gələr-gəlməz üz tutduğu yanlış siyasət onun devrilməsi məsələsini aktuallaşdırıb”.
Məhəmməd Əsədullazadə hesab edir ki, İrəvandakı son gəlişmə Kremldən idarə olunur: “Paşinyan üçün siyasi gərginlik dövrü başlayır”.