20 May 2019 18:28
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yaranan problemin bir səbəbi var: inqilabdan sonra Ermənistanda hakimiyyətə gələn qüvvə ölkəyə nəzarəti tam olaraq ələ ala bilməyib. İnqilabdan sonrakı bir il müddətində Paşinyan iqtidarda otura bilsə də? hər şeyə nəzarəti təmin edə bilməyib. Sadəcə olaraq, indi Paşinyan xalqı küçələrə dəvət edir, məhkəmə strukturlarının girişini bağlamağa çağırır. İlk növbədə elə təəssürat yaranır ki, Paşinyan bununla xalqın məhkəmələrə inanmadığını və Robert Köçəryanı azad etdiyi üçün məhkəmələri boykot etdiyini göstərir. Ancaq nəzərə almaq lazımdır ki, Paşinyan xalqı küçələrə səsləməklə bəlkə də Ermənistanda hakimiyyətin ələ keçirilməsinin qarşısını alır və öz iqtidarını möhkəmləndirir.

Bu fikirləri Teleqraf.com-a Ermənistandakı son durum, ələlxüsus sabiq prezident Robert Köçəryanın həbsxanadan azadlığa buraxılmasından sonra yaranan yeni siyasi şərait haqqında danışan təhlilçi Elçin Şıxlı bildirib.

Müsahibəmiz qeyd edib ki, Köçəryanın həbsxanadan azadlığa buraxılması Nikol Paşinyan hökuməti üçün son dərəcə təhlükə və təhdiddir: “Çünki Köçəryan kimi fiqur sakit oturmayacaq. Üstəlik, Paşinyan ölkəsindəki demokratiyanın oturuşmasına inanmadığı, hakimiyyətini tam bərkitmədiyini bildiyi üçün erməniləri küçələrə səsləyir. Paşinyan təhlükə görən kimi xalqı küçələrə dəvət edir, çünki təhlükələrin qarşısını başqa formada almağın yollarını hələlik bilmir. İndi nəticə haqqında bir şey söyləmək çətindir. Ermənistanda insanlar başa düşürlər ki, konstitusiya, qanunlarla heç nəyi dəyişmək mümkün olmur, millət öz istəyini yerinə yetirə bilmir. Ancaq küçəyə çıxaraq nəsə tələb edəndə buna nail olmaq olur. Erməni beynində belə ab-hava var. Normalda istənilən cəmiyyətdə ictimaiyyətin fikri dövlətə sivil formada çatdırılmalı və hökumətin buna ciddi reaksiyası olmalıdır”.

“Ayna-Zerkalo” qəzetinin təsisçisinin fikrincə, bundan sonra Ermənistanda Köçəryan-Paşinyan qarşıdurması başlaya bilər. Elə ona görə də Paşinyan xalqı küçələrə səsləyir: “Bilir ki, Köçəryan azadlığa çıxdıqdan sonra Rusiya ilə mövcud olan əlaqələr aktivləşəcək və Ermənistanın Paşinyan yolundan çıxarılması üçün ssenarilər gündəmə gələ bilər. Bir ölkənin sərhədlərini başqa ölkə qoruyursa, orada rus bazaları varsa, özü-özünü iqtisadi baxımdan idarə edə bilmirsə, deməli Köçəryanın azadlıqda olması indiki erməni hakimiyyəti üçün böyük təhlükə mənbəyidir. Aydındır ki, Paşinyanın hakimiyyətdən devrilməsi kimi qəti məsələ yoxdur. Sadəcə olaraq, ruslar özlərinə sərf edən vəziyyətin yaranması, erməni hökumətinin bunu qəbul etməsini təmin etmək məqsədilə Köçəryan vasitəsilə Paşinyana təzyiq edəcəklər. Beləcə bir oyun gedəcək. Əlbəttə, bu oyunda bleflər də olacaq. Zorla öz istəklərini Paşinyana qəbul etdirməyə çalışacaqlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər