20 May 2019 18:41
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Zelenskinin andiçmə mərasimində gözlənilməz hal ondan ibarətdir ki, Ali Radanı buraxdığını açıqladı. Amma bu indiki vəziyyətdə mümkün deyil. Çünki koalisiya dağılıb və 30 gün ərzində hökmən yeni koalisya qurulmalıdır. Ukrayna qanunvericiliyinə görə yeni parlament çoxluğu formalaşdırmaq üçün deputatların 30 gün vaxtı var. Həmin vaxt başa çatdıqdan sonra isə parlament seçkisinin müddətinə 6 aydan az vaxt qalmış olacaq. Bu müddət başa çatdıqda isə artıq Vladimir Zelenskinin parlamenti buraxmaq səlahiyyəti olmayacaq. Prezident parlamenti buraxmaqla bağlı qətiyyətini ortaya qoysa partiyalar bu qərarı Ali Məhkəmədə mübahisələndirəcəklər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, andiçmə mərasimində V.Zelenski başqa məsələlərə də toxunub:

“Mən hiss etdim ki, sanki Moskva ilə danışıqlara hazır olduğunu nümayiş etdirir. Bu isə Ukraynada müəyyən millətçi qüvvələrin ona etiraz etməsinə səbəb olar. Üstəlik, Zelenski xalqdan aldığı 73 faiz dəstəklə siyasi elitanı dəyişmək istəyir. Amma mənə elə gəlir ki, Ukrayna kimi çətin ölkədə bunları etmək mümkün olmayacaq. Çünki Ukraynada illərdir oturuşmuş oliqarxik sistem var. Onu aradan qaldırmaq elə də asan məsələ deyil. Düşünürəm ki, yaxın aylarda Zelenskinin problemləri daha da artacaq. Düzdür, korrupsiya ilə mübarizə aparacağını, hazırkı elitanı dəyişmək lazım olduğu deyir. Əlbəttə, bunlar qulağa xoş gələn fikirlərdir. Amma reallaşdırmaq problemdir. Yəni, o, mövcud oyunçularla müəyyən ortaq məxrəcə gəlməyə də məcburdur”.

E.Şahinoğlu qeyd edib ki, V.Zelenski Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı da ciddi fikir söyləməyib:

“Əsas fikri o oldu ki, Radanı buraxmaq lazımdır. Bir daha qeyd edirəm, bu fikir birmənalı qəbul olunmayacaq və siyasi elitanın ona qarşı mübarizəsini sərtləşdirəcək. Andiçmədən sonra fəaliyyətə başlayır, baxacağıq. Bir daha qeyd etmək istəyirəm ki, qarşıdakı aylar onun üçün xeyli çətin olacaq. Çünki Ukraynanın xeyli problemi var; müharibə, iqtisadi vəziyyət, dağılmış sosial durum, ukraynalıların ölkəni tərk etməsi... Bu problemləri necə həll edəcəyi mənim üçün böyük sual altındadır. Çünki Ukraynanın ciddi resursları yoxdur. Rusiya da digər tərəfdən təzyiq edir. Amma hər halda Zelenski deyir ki, problemləri həll etməyə çalışacaq, maaşları qaldıracaq, müharibəni dayandıracaq. Əslində bu sözləri Petro Poroşenko da seçiləndə deyirdi. Amma Poroşenko obyektiv və subyektiv səbəblərdən bu dediklərinin hamısını yerinə yetirə bilmədi. Düşünürəm ki, bir neçə aydan sonra Zelenski bu məsələləri həll edə bilmədiyi halda reytinqi aşağı düşməyə başlayacaq”.


Müəllif: Səxavət Həmid