22 May 2019 14:32
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Prezidenti Vladimir Zelenski parlamenti buraxdığını və növbədənkənar seçkinin iyulun 21-də keçiriləcəyini elan etdi. Ancaq bu elanın üstündən bir gün keçmiş parlamentin sədri Andrey Parubiy prezidentin qərarının Konstitusiyaya zidd olduğunu bəyan etdi. Bu saatlarda Ukrayna parlamentində müzakirələr başlayıb. Prezident fəaliyyətə başladığı ilk gündən Konstitusiya böhranı ilə üzləşə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, Zelenski anlayır ki, bu parlamentlə birgə çalışa bilməyəcək, çünki çoxluq ona müxalifdir:

“Zelenski yüksək reytinqindən istifadə edərək erkən seçkidə rəhbəri olduğu “Xalqın xidmətçisi” partiyasını parlament çoxluğuna çevirmək istəyir. Rəy sorğuları göstərir ki, seçki iyulda keçirilsə “Xalqın xidmətçisi” ən azı 30 faiz səs toplaya bilər. Ukrayna şəraitində bu yüksək rəqəmdir.

Qarşıduran tərəfi də anlamaq olar. Parlamentdəki çoxluq (“Pyort Poroşenko Bloku” və “Xalq Cəbhəsi” Partiyası ) anlayır ki, erkən seçkidə mövqelərini itirəcəklər. Ona görə də hakim koalisiya vaxtı uzadıb seçkini əvvəlcədən planlaşdırıldığı kimi oktyabrda keçirmək istəyir. Parlamentdəki hakim koalisya oktyabra qədərki 5 ay ərzində Zelenskinin reytinqinin aşağı düşəcəyini proqnozlaşdırır”.

Elxan Şahinoğlu Rusiyanın yeni prezidentə münasibətinə də toxunub:

“Moskva Vladimir Zelenskinin yüksək reytinqindən narahatdır. Halbuki, Zelenski deyir ki, Donbasda müharibə istəmir və əsirləri “hamının hamıya” prinsipi ilə azad etməyə hazırdır. Kreml bunu Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodan tələb edirdi. Poroşenkonun yanaşması fərqli idi. Ancaq Zelenski faktiki Kremlin istəyini müzakirə etməyə hazırdır. Bu dəfə isə Kreml məsələni uzatmağa üstünlük verir.

Kreml düşünür ki, Zelenski ilə əldə olunacaq razılıq yeni prezidentin Ukraynadakı mövqelərini daha da gücləndirəcək, bu isə Moskvaya lazım deyil. Kreml Ukraynada zəif prezidentin olmasını istəyir ki, bu ölkə inkişaf etməsin, dağılma təhlükəsindən qurtulmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu