22 May 2019 15:12
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verənlərə Rusiyanın oyunu kimi baxmaq lazımdır. Hakimiyyətin demokratik yolla Paşinyana ötürülməsi, sonradan Köçəryanın həbsi və korrupsiyada ittiham olunması, nəhayət, azadlığa çıxması Rusiyanın ssenarisidir.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, əslində Ermənistanda baş verən hadisələrin mahiyyətini beynəlxalq ictimaiyyətdən gizlətmək cəhdi var: “Aydın məsələdir ki, Ermənistanda hər şey Rusiyanın nəzarəti altındadır, Moskva oradakı siyasi prosesləri nəzarətə alıb. Köçəryanın azadlığa buraxılması da Moskvanın nəzarəti altında baş verib.

Ermənistanda klanlararası müharibənin getməsi, rusların Qarabağ klanını müdafiə etməsi haqda fikirlər səslənir. Əslində ruslar Qarabağ klanını deyil, Rusiyanın maraqlarını müdafiə edirlər. Bu maraqların təminatçısı isə Ermənistanda olan rus qoşunlarıdır”.

Partiya sədri əlavə edib ki, Ermənistana yerləşdirilən rus qoşunları faktiki bu ölkənin müstəqil siyasət aparması qarşısında ən böyük maneədir: “Bu mənada erməni siyasətçilər daxildə bir-birinin ətini yesələr də, Rusiyanın maraqlarına qarşı heç bir addım ata bilməzlər”.

ADP sədrinin fikrincə, Nikol Paşinyan Rusiyanın maraqlarına zidd addım atacağı təqdirdə hakimiyyətdən devrilə və ya öldürülə bilər: “Bunu Paşinyan çox gözəl anlayır, bu səbəbdən də Rusiya xəttindən çıxmır. Əksinə, Rusiya nə deyirsə, onu da həyata keçirir. Bir sözlə, Paşinyan Rusiyanın əmrindən çıxmayacaq.

Düzdür, ermənilər çalışırlar ki, özlərini müstəqil dövlət kimi təqdim etsinlər, amma Ermənistan faktiki Rusiya tərəfindən idarə edilir və hər hansı bir müstəqillikdən söhbət gedə bilməz. Zamanında Ermənistan parlamentində Dəmirçyan anti-Rusiya addımı atdı və nəticədə də onu öldürdülər. Bunu erməni siyasətçilər bilir. Rusiya üçün Paşinyanı aradan götürmək nə böyük məsələdir ki?”


Müəllif: Cavad

Oxşar xəbərlər