Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının “Arsenal”-"Çelsi” final oyununda “Arsenal”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı məsələnin həll olunduğu bir zamanda Beynəlxalq Əfv Təşkilatının (Amnesty İnternational) final oyununun Azərbaycanda keçirilməsini pisləməsi qeyri-adi görünür. Yəni, əgər bu məsələlər həllini tapıbsa, o zaman yenidən süni bir kampaniya başlatmağa nə ehtiyac vardı?! Ancaq bu, hardasa təbiidir, anlaşılandır. O baxımdan ki, tarixi təcrübə var.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.
O qeyd edib ki, 2012-ci ildə keçirilən “Avroviziya” müsabiqəsi, 2015-ci ildə keçirilən I Avropa Oyunları və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları vaxtı Beynəlxalq Əfv Təşkilatı hansı mövqeni sərgiləmişdisə, yenə də həmin mövqeni sərgiləyib Azərbaycana qarşı qərəzli kampaniya aparır:
“Bunun da səbəbləri var. Yəni, bu, bir xalq və dövlət olaraq bizə qarşı yönəlmiş məsələ deyil. Beynəlxalq Əfv Təşkilatı artıq dünyada ifşa olunmuş bir qurumdur. Onun bütün maraqları deşifrə olunub. Bu təşkilat iki məqam üzərində qurulub. Birincisi, artıq kifayət qədər isbat olunub ki, bu təşkilat bəzi dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəlidir. Bu cür yaramaz əməlləri təkcə Azərbaycana deyil, dünyanın bir sıra digər ölkələrinə qarşı da edir və cavabını alır. Konkret olaraq 2012-ci ildə İsrail hökuməti ilə bu təşkilat arasında çox ciddi konfliktlər yaranıb və onlara qarşı ümumiyyətlə ölkəyə girişləri qadağan ediləcək qədər sərt tədbirlər görüblər. 2016-cı ildə Hindistan hökuməti ilə onların arasında ciddi konfliktlər yaşanıb. Hindistan hökuməti iddia edirdi ki, Beynəlxalq Əfv Təşkilatı insan hüquqlarını bəhanə edərək ölkədəki separatçı qurumlarla danışıqlara gedir və ölkənin ərazi bütövlüyü ilə bağlı ciddi problemlər yaradır. Digər bir sıra ölkələrlə, o cümlədən katolik kilsəsi ilə də onların arasında ciddi münaqişə olub. Kilsə iddia edirdi ki, bunlar dünyada mənəviyyatsızlığı yaymaqla məşğuldurlar və çox açıq mətnlə bunu bildirirdilər. Yəni, Beynəlxalq Əfv Təşkilatının nümayəndələri harada varsa, orada problem, orada bunların dışlanması, rədd olunması var. Çünki iş-gücləri yalnız dünyadakı dəyərləri dağıtmaq və ayrı-ayrı kəşfiyyat qurumları ilə əməkdaşlıq edib oradan pul qazanmaqdır. Hətta Hindistan hökuməti bunların ayrı-ayrı terrorçu qruplarla danışıqlara gedərək müəyyən maraqlarını güddüklərini ifşa etmişdi. Yəni, onlar bu səviyyəyə qədər deşifrə olunublar”.
M.Ələsgərli qeyd edib ki, eyni zamanda Beynəlxalq Əfv Təşkilatının Azərbaycana münasibəti də bəllidir:
“Təhlillərə əsasən demək olar ki, Beynəlxalq Əfv Təşkilatı o ölkələrdə aktivləşir, o ölkələrdə bu cür kampaniyalar aparır ki, ya orada bunun xidmət etdiyi kəşfiyyat qurumlarının marağı olur, ya da həmin ölkə yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olur. Bunların kampaniya apardığı ölkələrin əksəriyyəti yeraltı və yerüstü təbii sərvətlərlə zəngin ölkələrdir. Yəni, o ölkələrdə ki, təbii sərvətlər var, o ölkələrdə ki, insan haqları məsələsini manipulyasiya edib ölkələrə təzyiq edib, pul qazanmaq mümkündür, Beynəlxalq Əfv Təşkilatı ordadır. Onun insan hüquqlarının müdafiəsi təşkilatı olması barədə deyilənlər fiksiyadır, yalandır və ötən illərdə göstərdiyi fəaliyyət də sübut edir ki, Beynəlxalq Əfv Təşkilatı hüquq-müdafiə təşkilatı yox, özlərinin iqtisadi-siyasi maraqlarını həyata keçirən bir təşkilatdır. Və kifayət qədər faktlarla sübut olunub ki, bunlar müxtəlif ölkələrin kəşfiyyat qurumları ilə əlbirdirlər, onların vasitəsilə maxinasiyalarda iştirak edərək həm öz siyasi maraqlarını realizə edirlər, həm də müəyyən maddi vəsait əldə edirlər. İndi Azərbaycana qarşı baş verənlər də bu qəbildəndir. Çünki artıq hətta bütün transmilli KİV-lərin Mxitaryanla bağlı məsələnin – əslində kampaniyanın iflasa uğradığını, ortada problem qalmadığını, Azərbaycanın Avropa Liqasının final oyununu keçirməyə kifayət qədər hazır olduğunu bildirdikləri bir vaxtda onların ortaya çıxaraq belə bir bəyanat verməsi çox yersiz görünür və burada xüsusi maraqlarının olduğunu, qərəzli olduqlarını göstərir”.