“Azərbaycan islamafobiya və ksenofobiyaya, dini və irqi ayrıseçkiliyə qarşı açıq şəkildə çağırışlar edən, bununla yanaşı dünyaya milli mədəniyyətin əsas göstəricilərindən sayılan tolerantlıq nümayiş etdirməyi bacaran azsaylı ölkələrdən biri və bəlkə də birincisidir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanın təqdimatında İslam həmrəyliyi daha bəşəri və islamın gerçək dəyərlərinin, mahiyyətinin, İslam mədəniyyətinin bütün rənglərinin ifadəsi kimi görünür:
“Çünki bizim üçün həmrəylik həmrəng olmaq anlamına gəlmir. Çağdaş Azərbaycan mədəniyyətinin gözəlliyinin, yüksək estetik dəyərlərə sahib olmasının əsas səbəblərindən biri də onun müxtəlifliyində, çeşidli rənglərə malik olmasındadır.
Biz İslam dünyasına da öz baxış bucağımızı, yüzillərin sınağından keçərək cilalanmış birgəyaşayış mədəniyyətimizi təqdim edirik. Bizim fərqimiz müxtəlifliklərin vəhdətindədir, rənglərin harmoniyasındadır. Bizi birləşdirən dəyərlərin dini və milli mənsubiyyəti yoxdur. Onlar milli və dini olduqları qədər bəşəridirlər və yaxud əksinə bəşəri olduqları qədər dini və millidirlər.
Gerçək bir azərbaycanlının düşüncəsində İslam həmrəyliyi həm də bəşəri həmrəylikdir. Əslində bu amil islam dininin öz fəlsəfi mahiyyətindən qaynaqlanır. Çünki mərhəmətli olmaq həm də daha çox tolerant olmaq deməkdir”.
Elçin Mirzəbəyli xatırladıb ki, müqəddəs “Qurani-Kərim” “Mərhəmətli və Rəhimli Allahın adı ilə” başlayır:
“Bu sözlər İslam dəyərlərinin qapılarını açmaq üçün açar sözlərdir. Hər şey bu sözlərdən, bu dəyərlərdən və bu sifətlərdən başlayır – Bu isə mərhəmətdə həmrəylik, humanizmdə həmrəylik, insanlıqda həmrəylik deməkdir.
Azərbaycan təkcə öz dəyərlərinə deyil, həm də bütövlükdə bəşəri dəyərlərin ayrılmaz bir parçası olan İslam mədəniyyətinə sahib çıxmağı və bu dəyərləri olduğu kimi, humanizm prinsipləri müstəvisində təqdim etməyi bacarır. Biz öz milli və dini dəyərlərimizin təəssübünü çəkməyi və hətta bu təəssübün necə ləyaqətlə, gerçək müsəlmanlara xas bir təvazökarlıqla çəkilməli olduğunun örnəyini yaratmağı hər kəsdən yaxşı bacarırıq”.