Çinin xarici İşlər naziri Van Yin Bakıdan sonra İrəvana getdi. Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında iqtisadi əlaqələrin perspektivindən ağız dolusu danışıdıqdan sonra belə bir cümlə işlətdi: “Dağlıq Qarabağ məsələsində balanslı mövqeyinə görə Çinə minnətdarlığımı bildirirəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert çinli diplomatın Bakı səfərindəki çıxışını da xatırladıb:
“Çinin xarici işlər naziri bir neçə gün əvvəl Bakıda Prezident İlham Əliyevlə görüşdə bunu demişdi: “Çin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”. Çinli nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə isə ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğulamışdı. Yəni hardan baxsaq Pekin Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır.
Çinin başqa cür yanaşması sual doğurardı, çünki özünün də oxşar problem var və Pekin Tibet və uyğur bölgəsinin ona aid olduğunu mübahisə predmeti saymır.
Buna baxmayaraq, Paşinyanın tam haqsız olmadığını da söyləmək mümkündür. Çin “Bir kəmər, bir yol“ layihəsində Azərbaycandan faydalanmaq istəyir. Bu məqsədlə dövlət başçısı İlham Əliyev Pekindəki beynəlxalq konfransa dəvət olunmuşdu. İlham Əliyev ayrıca Çinin müxtəlif şirkətləri ilə 850 milyon dəyərində müxtəlif müqavilələr imzaladı. Həmin konfransa Paşinyan dəvət olunmamışdı.
Ancaq Pekin daha sonra Paşinyanı “Asiya sivilizasiyaları dialoqu” konfransına dəvət etdi. Doğrudur, İlham Əliyevin səfərindən fərqli olaraq Paşinyan Çində hansısa iqtisadi müqavilə imzalamadı. Çinli nazirin İrəvana səfəri zamanı o da məlum oldu ki, Pekin Ermənistanın iştirakçısı olduğu “şimal-cənub” avtomagistralına maraq göstərir. İrəvan Çinin bu layihədə iştirakını “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi kimi qələmə verir və Pekin buna etiraz etmir”.
Elxan Şahinoğlu Ermənistanın iştirakını nəzərdə tutan “şimal-cənib” avtomagistralının yenidən qurulmasında Çinin maraqlarına toxunub:
“Bu layihənin iqtisadi dəyəri haqqında müsbət rəy yoxdur. Magistral Rusiya və İranı Ermənistan yolu üzərindən birləşdirməlidir. Görünür, İrəvan bu layihəni Azərbaycanın iştirakçısı olduğu “şimal-cənub” dəmiryol layihəsinə alternativ kimi görür. Azərbaycanın iştirakçısı olduğu layihə hazırdır. Ermənistan isə öz layihəsini hələ reallığa çevirməlidir.
Pekinin xəyali layihəyə marağının arxasında Rusiya amili dayanır. Ermənistan bölgədə Rusiyanın hərbi-strateji müttəfiqidir. Pekin də Moskva ilə strateji münasibətlər qurub. Ona görə də Pekin Moskvanın Cənubi Qafqazdakı maraqlarını nəzərə almamış deyil və bu mənada Ermənistana da əl uzatmaq istəyir. Doğrudur, Çin-Azərbaycan iqtisadi əməkdaşlığı Çin-Ermənistan əməkdaşlığını bütün parametrlə üzrə üstələyəcək. Ancaq Pekin Moskvanın xətrinə Ermənistanı da unutmayacaq”.