“Futbol üzrə Avro Liqanın final oynunun Bakıda keçirilməsi kontekstində “Mxitaryan məsələsi”ni çox böyütdülər. Ermənistanın bu işdə fəallığı təəccüblü deyil, amma maraqlısı odur ki, Britaniya mediasında ölkəmizə qarşı biri-birindən düşük yazılar çıxdı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Ekspert bu yazıların arxasında siyasi məqsədlərin olduğunu istisna etməyib:
“Yazıların Britaniya mediasında çıxması bizi çaşdırmamalıdır. Onların arxasında kimlərin durduğunu, belə yazıların hansı ölkənin marağında olduğunu anlamaq lazımdır. Ölkəmizə qarşı düşük yazıların çoxusu “The İndependent” internet qəzetində çıxıb. “The İnependent”in sahibi, Putinin yaxın adamlarından biri, SSRİ-nin və Rusiyanın xüsusi xidmət orqanlarında (KQB, SVR) xarici kəşfiyyat yönündə işləmiş (polkovnik rütbəsinə çatmış) Aleksandr Lebedevdir. Bu, önəmli gümanlara yol açan bir faktdır”.
Erkin Qədirli qeyd edib ki, ölkəmizin Avropayla yaxınlaşmasına qarşı metodik və sistematik çalışan ölkələrdən biri və birincisi Rusiyadır:
“Ermənistan, İran və başqaları da öz oynunu oynayırlar, amma onların heç birisi Rusiya qədər təsirli deyil. Üstəlik, bəziləri Rusiyanın əlində və əlinə oynayırlar, ayıq olmalıyıq”.