28 May 2019 13:38
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəsüflər olun ki, biz hələ də öz tariximizə düzgün qiyməti verməyi bacarmırıq. Biz bəzən özümüzə qiymət verməyi belə bacarmırıq. Bu boyda zəngin tariximiz ola-ola bundan maksimum şəkildə təbliğatda istifadə edə bilmirik. Biz heç özümüz tariximizi kifayət qədər bilmirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

Ekspert xatırladıb ki, 1813-1828-ci illərdə Rusiya və İran arasında deyil, faktiki olaraq Rusiya və Qacarlar arasında region iki yerə parçalanıb:

“Qacarlar deyərək biz azərbaycanlılar faktorunu qabartmış oluruq. Çünki X əsrdən 1925-ci ilə qədər İran coğrafiyasının idarəçiliyi ancaq türklərə məxsus olub. Qacarlar ilə Rusiya arasında müharibə Azərbaycanın iki hissəyə parçalanmasına gətirib çıxardı.

Digər yandan, Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, biz Şimali Qafqaz xalqları kimi dövlətsiz SSRİ-nin tərkibinə daxil ola, daha sonra isə Rusiya tərkibində muxtar respublika ola bilərdik. Məhz AXC-nin varlığı bizim SSRİ-yə respublika kimi daxil olmağımıza, 1991-ci ildə isə müstəqil olmağımıza gətirib çıxardı”.

Zaur Məmmədov qeyd edib ki, 1918-ci ilədək bizi dünya müxtəlif cür çağırır, biz özümüzə müxtəlif adlar verirdik:

“AXC vahid Azərbaycan xalqının formalaşmasını sürətləndirdi. XX əsrin xüsusiyyətlərindən biri monarxiyaların respublikalarla əvəz olunması idi. 1918-ci ildə bizim nəinki respublikamız, hətta parlamentli respublikamız var idi. Bu gün faktiki olaraq Yaxın Şərqdə respublika quruluşlu dövlət barmaqla sayılası qədərdir.

Parlamentli respublika Qərbin qabaqcıl dövlətlərinə xas olan bir quruluşdur. Düzdür, zənnimcə, parlametli respublika bizim coğrafiyamız üçün o zaman xas olan idarəçilik forması deyildi. Tarixə düzgün qiymət vermək lazımdır ki, gələcək nəsillər irsimizdən maksimum dərəcədə milli maraqların reallaşması üçün istifadə edə bilsinlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər