“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli ilə bağlı ayrı-ayrılıqda “nəticə var kimi mesaj veririlər. İlk olaraq, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində bu haqda danışmışdı. Bundan sonra erməni həmkarı Zöhrab Mnatsakanyan Vyana və Moskva görüşlərində əldə edilmiş anlaşmaların bəzi nəticələrin olacağı anonsunu verdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, son açıqlamalar indiyədək aparılmış danışıqlar kontekstində müəyyən irəliləyişin olacağı ehtimalını yaradır:
“Amma hesab edirəm ki, Paşinyanın hazırda ərazilərin boşaldılmasına gedəcəyi real deyil. Çünki ölkə daxilində siyasi vəziyyət qeyri-stabildir və “Qarabağ klanı” revanş üçün məqam gözləyir. Buna görə də, Paşinyandan geri addım gözləmirəm.
Burada Rusiya faktoru da mühüm amildir. Paşinyan yalnız Moskvadan “yaşıl işıq” yandırılacağı halda geri addım atıb işğal altındakı ərazilərin boşaldılmasına göstəriş verə bilər. Moskva da bunu istəyirdisə, “Qarabağ klanı” vasitəsi ilə edərdi, demək ki, nəticələr hələlik humanitar məsələləri əhatə edir. Bu baxımdan, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması reallaşa bilər. Erməni tərəfi ilk gündən Diqəmlə Şahbazın azad olunmasını qəbul etmirdi. Görünür, fikrini dəyişən Paşinyan əsirlərin azad olunmasına razılaşmaq üzrədir”.
Politoloq qeyd edib ki, bundan əvvəl Azərbaycanın əsirlərin dəyişdirilməsi üzrə prinsipləri vasitəçi ölkələr tərəfindən dəstəklənirdi: “Buna görə də, həmsədrlərin bu baxımdan Ermənistana təzyiq edəcəyini düşünürəm”.