Çox təəssüf edirəm ki, UEFA Avropa Liqasının final oyunu öncəsi idmanı siyasiləşdirməyə çalışan qüvvələr oldu və bu istiqamətdə xeyli cəhdlər göstərildi. Amma sevindirici haldır ki, həmişə olduğu kimi bu dəfə də belə qüvvələrin təxribat xarakterli fikirləri, təbliğatları sabun köpüyü kimi puç oldu.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
O qeyd edib ki, dünənki “Çelsi”-“Arsenal” oyunu çox yüksək səviyyədə təşkil olunmuşdu və Azərbaycan dövləti UEFA qarşısında öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi:
”Belə hesab edirəm ki, ölkəyə gələn minlərlə azarkeş reallığı öz gözləri ilə görə bildilər. Eyni zamanda hesab edirəm ki, oyunda iştirak etmək üçün ölkəmizə gələn futbolçular və onların məşqçi heyəti ilə yanaşı azarkeşlər də Azərbaycan haqqında xoş təəssüratlarla yola düşürlər. Bu proses hazırda da davam edir”.
Ç.Qənizadə qeyd edib ki, bu belə də olmalı idi:
“Yəni, Azərbaycana qarşı haqsız təbliğatların, şər-böhtan kampaniyalarının aparılmasının tərkibində, başında təbii ki, erməni lobbisi dururdu. Onlar çox məharətlə bu idman yarışından istifadə etməyə cəhdlər göstərdilər. Amma qeyd etdiyim kimi bu cəhdlər həmişə olduğu kimi bu dəfə də uğursuz oldu. Mən belə də gözləyirdim.
Hesab edirəm ki, ataların dediyi kimi yalan ayaq tutar, yeriməz. Azərbaycana qarşı atılan qərəzli qarayaxma kampaniyalarının sonluğu Azərbaycanın xeyrinə həll olunur. Azərbaycan dövləti, Azərbaycan vətəndaşları bir daha göstərdilər ki, onlar idmana bağlı, idmanı sevən bir dövlət və xalqdır. Eyni zamanda qonaqpərvərlik də nümayiş etdirdik.
Ölkəmizə gəlmiş azarkeşlərin hamısı yüksək səviyyədə, böyük qonaqpərvərliklə qarşılandı. Hər halda bu, Azərbaycan reallığıdır və belə hesab edirəm ki, bütün tədbirlər zamanı belə olub, gələcəkdə də belə olacaq”.