“Gürcü kilsəsinin patriarxı deyib ki, Gürcüstan-Azərbaycan sərhəddindəki gərginlik bu iki ölkə arasında münasibətləri pozmaq istəyən başqa qüvvələrin işinə oxşayır. Nə demək istədiyi tam aydın olmasa da, güman ki, bir yandan qarşıdurmanın dini məcraya düşməsininin, o biri yandan da Gürcüstanın rəsmi hakimiyyət qurumlarının gedişat üzərində nəzarəti itirə biləcəyinin qarşısını almağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Ekspertin fikrincə, patriarxın işin içində doğrudan da üçüncü tərəfin (Rusiyanın) olduğunu güman etməyə əsası ola bilər:
“Unutmayaq ki, Gürcüstanda Patriarx çox nüfuzlu şəxsdir.
Anaklia dərin limanının tikintisində problem yaranmaqdadır. Bu günlərdə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi Potidə dərin liman tikmək planını açıqlayıb. Anaklia limanını tikməyə hazırlaşan konsorsium bununla bağlı Gürcüstan hökumətinə bildirib ki, bu şərtlər altında Anaklia limanı üzrə anlaşma pozula bilər. Burası çox maraqlıdır. Bir yandan Anaklia limanı Rusiyanın nəzarətində olan Abxaziyaya çox yaxındır, o biri yandan da bu limanın tikilməsi bizim ölkə üçün əlavə problemlər yarada bilər. Poti limanında isə SOCAR-ın təsiri güclüdür. Gürcüstan hökuməti Anakliada dərin liman tikmək yerinə Potidəki limanı dərinləşdirməyə üstünlük verərsə, bu, ölkəmiz üçün daha yaxşı olar”.