31 May 2019 11:52
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq birliyə inteqrasiyası istiqamətində çox böyük işlər görülüb. Bu işlər çərçivəsində həm də nüfuzlu idman tədbirlərinin ölkəmizə təyin olunması, Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. UEFA Avropa Liqasının final oyununun hələ 2017-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də bu mənada təsadüfi deyildi.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.

O qeyd edib ki, eyni zamanda bu idman yarışlarında bir diqqətçəkən məqam da var. Bu da həmin yarışlarda Azərbaycan idmançılarının iştirak edərək, yüksək yerlər tutmasıdır:

“Biz 2015-ci ildə keçirilən ilk Avropa Oyunları və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları zamanı bunun bir daha şahidi olduq. Yəni, bu yarışlar Azərbaycan üçün iqtisadi fayda, beynəlxalq nüfuzun yüksəldilməsi ilə yanaşı idmançıların qalibiyyəti ilə də yadda qalır. Əlbəttə, burada məqsəd odur ki, dünya həm də Azərbaycanın bu gününü, bu yönünü görmüş olsun”.

A.Həsrət qeyd edib ki, Azərbaycan bu oyunun çox yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün şəraiti yaratdı:

“Müəyyən qüvvələr Azərbaycanı gözdən salmağa çalışdılar, qaralamaq üçün müəyyən addımlar atdılar, təbliğat kampaniyası qurdular. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan əlindən gələn hər şeyi etdi və hətta, avropalıların özləri belə təəccübləndilər ki, Azərbaycan bu qədər yüksək səviyyədə ev sahibliyi edə bilir. Sözsüz ki, ölkəmizin qazandığı digər uğurlar kimi bu uğurun da əsasında cənab İlham Əliyevin yürütdüyü düzgün, düşünülmüş və prinsipial siyasət dayanır. Mən düşünürəm ki, biz azərbaycanlı olaraq bununla fəxr etməli, qürur duymalıyıq. Çünki həqiqətən də Azərbaycan dövlətinin bu qədər yüksək səviyyəli təşkilatçılığı futbolçular, onların məşqçi heyəti və azarkeşlər tərəfindən də alqışlarla qarşılandı. Biz də bir vətəndaş olaraq buna sevinirik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər