3 İyun 2019 20:24
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, T.Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

E.Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib. Daha sonra nazir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib. Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb.

Öz növbəsində, T.Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqləyib və Aİ-nin əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər