1994-cü il iyunun 4-də Gəncədə baş verən qiyamdan 26 il keçməsinə baxmayaraq, onu unutmaq mümkün deyil. Bu, bir başlanğıc nöqtəsi idi və sonradan bu illər bizim həyat tərzimizə çevrildi. Bu mənada 4 iyunu unutmaq mümkün deyil. Bu gün nə varsa, hamısı 4 iyun 1993-cü ildə baş verənlərin meyvəsidir.
Bu fikirləri Teleqraf.com-a KXCP sədri Mirmahmud Mirəlioğlu 1993-cü ilin 4 iyununda Gəncədə AXC hökumətinə qarşı başlanan hərbi qiyam haqqında danışarkən deyib.
Gəncədə qiyamçı polkovnik Sürət Hüseynovun qaldırdığı qiyamın daxili və xarici səbəblərlə əlaqəli olduğunu bildirən Mirmahmud Mirəlioğlunun fikrincə, onda onlar istəklərinə çata bilib:
“Bu prosesdəmüstəqilliyimiz və bunu istəməyən xarici düşmənlər vardı. Daxildə isə elə adamlarda vardı ki, qiyamdan istifadə etdilər. Sürət Hüseynov 4 iyunda baş rolda çıxış etsə də, əslində vasitəçi, peşka idi. 4 iyun qiyamında iştirak etməyən xarici dövlət yox idi. Təkcə bizim qonşu dövlətlərimiz deyil, həm də bu gün Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərindən tutmuş onların mənsub olduğu dövlətlərə qədər hər kəs bu qiyamda iştirak edib. 4 iyun Gəncə qiyamında İranın iştirakı olub. Yəni bu qarşısıalınmaz bir proses idi. Ancaq Gəncədə başlanan qiyamdan cəmi 10 gün əvvəl Azərbaycan ərazilərindən rus ordusu çıxarıldı. Əslində bu, Əbülfəz Elçibəyin uzaqgörənliyi idi. Yəni məsələlər bitirdi, qiyam da olacaqdı, amma Rusiya ordusunun ölkədən çıxarılması Azərbaycan dövlət maraqlarına uyğun idi”.
Mirmahmud Mirəlioğlu xatırladıb ki, bu günlərdə məşhur Jirinovski böyük və bütöv Azərbaycandan danışıb: “Hətta 1941-ci ildə SSRİ ordusunun Təbrizə getməsi, 1946-cı ildə Təbrizi tərk etməsi, Pişəvəri hakimiyyətinin süqutu haqqında danışıb. Əslində 4 iyun Gəncə qiyamı baş verməyə bilməzdi. Bu zərurət idi və mütləq baş verəcəkdi. Azərbaycanı cəzalandırmaq istəyənlər, antimilli qüvvələr və türk əleyhdarları birləşərək bunu etdilər. Qiyam 4 iyunda olmasa, başqa bir gündə və tarixdə olacaqdı. Təəssüf ki, Elçibəy komandasında olan bəzi şəxslər iyunun 5-nə mitinq təyin etmişdi. Qiyam bizim daxili və xarici düşmənlərimizin iştirak etdiyi böyük bir hadisə idi. Mən bu fikirlərimi qiyamla bağlı Ali Sovetdə yaradılan Deputat İstintaq Komissiyasının üzvü kimi xüsusi rəyimdə qeyd etmişəm”.
M. Mirəlioğlu qeyd edib ki, 4 iyuna görə günahkar olanlar cəzalarını çəkməkdədir: “Qiyam zamanı hadisələri sadəcə, seyr edənlər də cəza çəkirlər. Dünyasını dəyişənlər var. Bu hadisə zamanı şəhid olanlar var, onların ruhu şad olsun. Xüsusi cəzalarını çəkənlər də var. Ən pisi odur ki, bu hadisədən ibrət alanlar azdır”.