4 İyun 2019 19:23
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam oldu. Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək.

Lakin Ermənistanın hakim dairələrinin cəmiyyətin radikal-millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəl oldu. Bütün bu illər ərzində regionda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də Cənubi Qafqaz ölkələrinin tamdəyərli əməkdaşlığına maneə yaradır.

Siyasi ekspertlərin fikrincə, bu gün dünyamızda gözlənilən hadisələrin proqnozlaşdırılması getdikcə çətinləşir, planetin çox hissələrində risklər, təhdidlər, qanlı münaqişələr artır, barışmaz qarşıdurmalar kəskin xarakter alır və bu vəziyyətin sonu görünmür. Bir sözlə, birqütblü dünya nizamı gözümüzün qarşısında pozulur. Dünya və regional miqyaslı aktorlar arasında qarşıdurma kəskinləşir, beynəlxalq hüququn əsas prinsipləri pozulur, sülhə və təhlükəsizliyə görə cavabdeh olan beynəlxalq strukturlar fəaliyyət göstərmirlər. Bu mürəkkəb şəraitdə dövlətlər milli maraqların müdafiəsinə yönəlmiş müxtəlif strategiyalardan istifadə edirlər. Məsələn, Azərbaycan Qoşulmama Hərəkatının tamhüquqlu üzvü kimi, bütün dövlətlərlə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş ölçülüb-biçilmiş və müstəqil xarici siyasət kursu yürüdür.

Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosialyönümlü daxili siyasət onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir. Bu münaqişənin mənbələrinin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün bu münaqişəni, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır.

Məlum olduğu kimi, Cənubi Qafqaz ərazisi on səkkizinci əsrin əvvəlindən etibarən bu regiondakı üç iri imperiya – Osmanlı İmperiyası, İran və çar Rusiyası arasında amansız mübarizə arenasına çevrilib. Rusiya tərəfindən Cənubi Qafqazın işğal edilməsi prosesi I Pyotrun Xəzər yürüşündən başlandı və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi ilə (1722-1723) başa çatdı. Lakin Nadir şah hakimiyyətə gələndən sonra Rusiya bu əraziləri tərk etməyə məcbur oldu. Yalnız 1747-ci ildə Nadir şahın ölümündən sonra Rusiya I Pyotrun Cənubi Qafqazı fəth etmək planına yenidən qayıtdı. Bu halda xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda xristian bufer dövləti yaradılmasına yönəlmiş köçürmə siyasəti həmin planın mühüm elementi idi. İmperatriça II Yekaterina I Pyotrun strategiyasını rəhbər tutaraq bu siyasəti səylə davam etdirirdi. Bu planın tamdəyərli reallaşması yalnız rus-İran müharibələri (1804-1813; 1826-1828-ci illər) başa çatandan və Rusiya Cənubi Qafqazı tamamilə işğal edəndən sonra mümkün oldu.

1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürülməsinin birinci dalğasını həyata keçirdi. Bu əməliyyata Rusiyanın İrandakı səfiri şair Aleksandr Qriboyedov rəhbərlik edirdi. O, “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” qeydlərində yazırdı: “Ermənilərin çoxu müsəlman mülkədarların torpaqlarında məskunlaşıb. Yay vaxtı bunu hələ qəbul etmək olardı. Həmin torpaqların sahibləri olan müsəlmanların çoxu köçəri həyat sürür və başqa dinə mənsub olan gəlmələrlə az ünsiyyətdə olurdular”. Bu zaman Qriboyedov gəlmə ermənilərlə yerli müsəlmanlar arasında gələcəkdə baş verə biləcək münaqişələr haqqında xəbərdarlıq edirdi (Kameral Təsvirin statistikasından görünür ki, müsəlmanlar əsasən türklər, yəni, azərbaycanlılar idi): “Biz onunla (knyaz Arqutinski ilə - R.M.) həm də bu haqda xeyli mühakimə yürüdürdük: müsəlmanlara təlqin etmək lazımdır ki, onlar indiki sıxıntılı vəziyyətlə barışsınlar, bu vəziyyət çox davam etməyəcək və ermənilərin ilk dəfə buraxıldığı torpaqlara həmişəlik sahib olacaqları barədə narahatlığa son qoyulacaq”.1

Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi rus yazıçısı və tarixçisi S.N.Qlinkanın 1831-ci ildə Moskvada nəşr edilmiş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (“Описание переселения армян аддербиджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении”) əsərində ətraflı təsvir olunub. 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni, üç ay yarım ərzində İrandan buraya 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülüb.2 Sonrakı bir neçə ildə Osmanlı İmperiyasından bu üç keçmiş xanlığa daha 90 min erməni köçürülüb.3

1911-ci ildə daha bir rus müəllif, N.Şavrov yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdən köçürülənlərdir”. “Ermənilər əsasən Yelizavetpol və İrəvan quberniyalarının bərəkətli torpaqlarında yerləşdirilirdi. Orada ermənilərin sayı çox cüzi idi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göyçə gölünün sahillərində məskunlaşmışdı”.4

1829-cu ildə Rusiya ilə Osmanlı İmperiyası arasında 1828-1829-cu illər rus-türk müharibəsinə son qoymuş Adrianopol sülh müqaviləsi imzalanandan sonra köçürmənin ikinci dalğası başlandı. Həmin sazişin şərtlərinə əsasən Rusiya Osmanlı İmperiyasının ərazisində yaşayan çoxsaylı erməni ailələrini də yuxarıda göstərilən ərazilərə köçürdü.

Beləliklə, bu köçürmələr hesabına regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbəti süni şəkildə dəyişdirildi. Bu proses üçün əlverişli zəmin yaradan obyektiv və subyektiv şəraitin mahiyyəti isə ondan ibarət idi ki, monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu.

Çar Rusiyasının ermənipərəst siyasətini davam etdirən sovet rəhbərliyi də azərbaycanlılara münasibətdə etnik zəmində ayrı-seçkilik siyasəti yürüdürdü. Faciəyə səbəb olmuş başlıca amil sovet dövlətinin bəzi rəhbərlərinin şüurunda kök salmış antitürk əhval-ruhiyyədən və Türkiyə ilə bağlı təşvişdən qaynaqlanırdı. Sovet ideologiyasının gizli tərkib hissəsi olan bu düşmənçilik, bir tərəfdən, dərin tarixi köklərə malik idi və Rusiya ilə Osmanlı İmperiyası arasında çoxəsrlik qarşıdurma ilə bağlı idi, digər tərəfdən isə Moskvadakı erməni lobbisi və ermənipərəst dairələr tərəfindən daim və məqsədyönlü şəkildə qızışdırılırdı. Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər. Beləliklə, 1920-ci ilin may ayında Azərbaycan Respublikasının Versal sülh konfransı tərəfindən tanınmış ərazisi 114 min kvadratkilometr idisə, sovet hakimiyyəti illərində, xüsusən 1920-ci illərdə onun ərazilərinin bir hissəsinin Ermənistana verilməsi hesabına bu ərazi azalaraq 86,6 min kvadratkilometrə bərabər oldu. Nəticədə Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqları Ermənistanın tərkibinə qatıldı, Azərbaycanı onun tarixi Naxçıvan regionu ilə birləşdirən və həlledici əhəmiyyət kəsb edən geniş ərazilər ondan qoparıldı və beləliklə, Naxçıvan anklava çevrildi.

Azərbaycanın əzəli torpaqlarında süni dövlət qurumu yaradılarkən Ermənistanın özünün ərazisi 9,6 min kvadratkilometrə bərabər idi. Bu gün isə onun ərazisi Sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına genişlənərək 29,7 min kvadratkilometrə çatıb. Qondarma “dənizdən-dənizə” ideyasını reallaşdırmağa çalışan Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır.

Onu da qeyd etmək lazımdır ki, ermənilərin fəaliyyəti təkcə ərazi dəyişiklikləri ilə məhdudlaşmırdı. Onlar həm də Ermənistan SSR ərazisində yaşayan əhalinin etnik tərkibinin dəyişdirilməsinə yönəlmiş ardıcıl siyasət yürüdürdülər. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” Qərarına5 uyğun olaraq bu siyasət çərçivəsində 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və 1946-1949-cu illərdə ermənilərin xaricdən repatriasiyası həyata keçirildi.

Beləliklə, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxardı. Bu prosesin son akkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu. Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır. Erməni milli ideyasının tərkib hissəsi olan bu iyrənc siyasət Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələrdən sonra bu torpaqları Ermənistana birləşdirməyə yönəlmişdi.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyev 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətlərinin birində deyib: “Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “böyük Ermənistan” dövləti yaratmaq idi” .6

1980-ci illərin axırlarında SSRİ-də “yenidənqurma” adı altında baş verən hadisələrə və dağıdıcı proseslərə diqqətlə nəzər saldıqda, qondarma “Dağlıq Qarabağ problemi”nin tamamilə süni mahiyyət daşıdığı aydın olur. Həmin dövrdə SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana inteqrasiya edilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. M.Qorbaçov başqa olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyi öz konstitusion borcunu və vəzifələrini yerinə yetirmək, qanunçuluğu müdafiə etmək əvəzinə erməni millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçdi.

1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələri məhz bu baxımdan təhlil etmək lazımdır. Erməni tərəfi artıq 30 ildən çoxdur ki, həmin hadisələri öz interpretasiyasında təqdim etməyə çalışır və keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi və Prokurorluğu tərəfindən aparılmış təhqiqatın nəticələrini qəbul etməkdən imtina edir. Hərçənd, bu nəticələr mübahisəsiz və inandırıcı şəkildə sübut edir ki, Sumqayıt hadisələrinin əsl təşkilatçıları Kremldə hakimiyyət başında duranların “susqun razılığı” ilə ermənilər özləri olub.
Məsələn, istintaq materiallarından aydın olur ki, kütləni qızışdıran əsas şəxs əvvəllər üç dəfə məhkum olmuş və üst-üstə 9 il iki ay 13 gün həbsxanada qalmış Eduard Robertoviç Qriqoryan idi. O, əsasən yetkinlik yaşına çatmamış şəxslərdən və müxtəlif kriminal elementlərdən ibarət qruplaşmaları separatçı “Qarabağ” komitəsinə və “Krunk” cəmiyyətinə pul ödəməkdən imtina edən ermənilərin yaşadığı ünvanlara göndərirdi. İstintaq, həmçinin müəyyən edib ki, E.Qriqoryan qarətlərdə və digər cinayətlərdə fəal iştirak etməklə bərabər, şəxsən özü altı ermənini qətlə yetirib. Təsadüfən şahid qismində saxlanılmış Qriqoryanı bir erməni ailəsinin üzvləri – Marina və Karina Mejlumyan bacıları və onların anası Roza Mejlumyan tanıyıblar. Sonradan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq nəticəsində birmənalı şəkildə müəyyən edilib ki, E.Qriqoryanla bərabər, onun iki qardaşı da iğtişaşlarda fəal iştirak edib.7

Lakin Sumqayıt hadisələrindən sonra E.Qriqoryan həbsxanada çox qalmadı. 1991-ci ildə Rusiya onu cəzasının çəkilməmiş hissəsini çəkmək üçün Ermənistanın hakimiyyət orqanlarına verdi, lakin Yerevana gətiriləndən sonra E.Qriqoryan həbsdən azad edildi və “tarixi vətənində” bir qədər qalandan sonra Rusiyaya köçdü. “Azərbaycanın hüquq-mühafizə orqanları Rusiya Federasiyasının müvafiq qurumlarına dəfələrlə müraciət edib, sorğular göndərib, yazıblar ki, E.Qriqoryan haqlı cəzadan yaxa qurtararaq Sergiyev Posadda yaşayır”, lakin “rəsmi Moskva bu sorğuya indiyə qədər aydın cavab verməyib və bəşəriyyət əleyhinə cinayət törətmiş canini gizlətməkdə davam edir”.8

Eyni zamanda, istintaq tərəfindən müəyyən edilib ki, Sumqayıtda iğtişaşların təşkilində SSRİ xüsusi xidmətlərinin də əli olub. Məsələn, 1989-1990-cı illərdə aparılmış istintaq tədbirləri nəticəsində aşkar edilmiş materiallar bu cinayətdə SSRİ hüquq-mühafizə orqanlarının iştirakını təsdiq edir, lakin “SSRİ prokurorluğunun istintaq qrupu bu informasiyanı təhqiq etmədi, əksinə, iğtişaşların həqiqi təşkilatçılarını ifşa edə biləcək bütün materialları və faktları gizlətdi. Bundan əlavə, Sumqayıt hadisələri zamanı saxlanılmış erməni soyadlı bütün şəxslər zərərçəkmişlərə aid edildi və azadlığa buraxıldı, nəticədə çoxlu sayda təqsirkar şəxs cəzadan yaxa qurtardı”.9

Beləliklə, M.Qorbaçovun və onun ətrafındakıların cinayətkar hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tədricən genişlənərək iki xalq arasında tammiqyaslı silahlı qarşıdurmaya çevrildi və sonradan Sovet İttifaqının dağılması prosesinin katalizatorlarından biri oldu.

Təəssüf ki, bu faciəli hadisələr başlanan dövrdə Azərbaycanın ovaxtkı kommunist rəhbərləri (K.Bağırov, Ə.Vəzirov, A.Mütəllibov) və Xalq Cəbhəsinin liderləri (Ə.Əliyev (Elçibəy) və başqaları) mövqesizlik, məsuliyyətsizlik və qeyri-peşəkarlıq nümayiş etdirdilər. Dağlıq Qarabağın taleyi unuduldu, daxili çəkişmələr, Azərbaycanda hakimiyyət uğrunda mübarizə ümummilli maraqlardan üstün tutuldu, bu da sonradan Azərbaycan ərazilərinin işğalına xeyli kömək etdi.

Məlum olduğu kimi, 1988-ci ilin fevralından 1991-ci ilin sonuna qədərki dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin daxili problemi hesab edilirdi. Lakin SSRİ-nin dezinteqrasiyasından, Azərbaycan və Ermənistan müstəqilliyini bərpa edəndən sonra bu münaqişə sürətlə beynəlmiləlləşdi və dövlətlərarası münaqişəyə çevrildi. Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu.

Bununla bərabər, qeyd etmək istərdik ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini tapdı. Həmin sazişin 5-ci maddəsinə uyğun olaraq “Razılığa Gələn Ali Tərəflər bir-birinin ərazi bütövlüyünü və Birlik çərçivəsində mövcud sərhədlərin toxunulmazlığını tanıyır və buna hörmət edirlər”.10 Bununla əlaqədar xatırlatmaq lazımdır ki, həmin Saziş 1991-ci il dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib. 11

1992-ci il yanvarın 30-da Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, 1995-ci il yanvarın 1-dən onun adı dəyişdirilərək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırıldı) üzvü, 1992-ci il martın 2-dən isə Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü oldu. 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinki əlavə görüşündə Minsk prosesinin əsası qoyuldu, o cümlədən ATƏM-in himayəsi altında mümkün qədər tezliklə Dağlıq Qarabağa dair konfrans çağırmaq qərara alındı. Bu konfrans böhranın dinc yolla, ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında tənzimlənməsi məqsədilə danışıqlar aparılması üçün daimi fəaliyyətdə olan foruma çevrilməli idi.12 Sənəddə, eyni zamanda, göstərilirdi: “Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən sonra maraqlı tərəflər kimi konfransa onun Sədri tərəfindən dəvət ediləcəklər”.13 Burada göstərilən “Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri” dedikdə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının nümayəndələri nəzərdə tutulurdu. Sənəddə maraqlı tərəflər qismində məhz bu icmalar nəzərdə tutulurdu. Eyni zamanda, müvafiq razılıq əldə edilərsə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılandan sonra çağırılması nəzərdə tutulan Minsk konfransına Dağlıq Qarabağ regionunun hər iki icmasının maraqlı tərəflər kimi dəvət edilməsinə baxıla bilər.14

1 А.С.Грибоедов. Записка о переселении армян из Персии в наши области. 1828, стр. 267. Фундаментальная электронная библиотека «Русская литература и фольклор» - http://feb-web.ru/feb/griboed/texts/piks3/3_4_v3.htm (дата обращения: 27 мая 2019 г.)

2 С.Н.Глинка. Описание переселения армян аддербиджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении». Москва, 1831, с. 131.
3 Акты Кавказской Археографической Комиссии (АКАК), т. VII, док. 829. Тифлис, 1878, с. 845.
4 Н.И.Шавров. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, Санкт-Петербург: СПб, 1911, сс. 59-61.
5 SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 №-li “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” Qərarı.
6 İlham Əliyev. İnkişaf məqsədimizdir. XXIII kitab. s. 158.
7 Э.Алыоглу. Сумгайытский палач Григорян найден - Расследование - Фото. Day.az, 16 февраля 2016 - https://news.day.az/politics/749949.html (дата обращения: 27 мая 2019 г.).
8 Yenə orada.
9 Yenə orada.
10 «Соглашение о создании Содружества Независимых Государств», 8 декабря 1991 / «Внешняя политика и безопасность современной России».1991–2002. Хрестоматия. Том 4, Москва, 2002, стр.14 - http://window.edu.ru/resource/986/46986/files/mion-ino-center09.pdf (дата обращения- 27 мая 2019 г.).
11 Yenə orada, s.17.
12 Резюме выводов. Хельсинкская дополнительная встреча Совета СБСЕ, 24 марта 1992 год, с. 54 - https://www.osce.org/ru/mc/29125?download=true (дата обращения: 27 мая 2019 г.).
13 Yenə orada, s.55.
14 МИД Азербайджана: Однозначная позиция мирового сообщества, отображающая неизменность формата переговорного процесса, служит серьезным посылом для Армении. Тrend.az, 21 марта 2019. - https://www.trend.az/azerbaijan/politics/3035966.html (дата обращения: 27 мая 2019 г.).

Onu da qeyd etmək lazımdır ki, hələ 1992-ci ildə Minsk qrupunun sədri Ermənistanın bəzi əsassız iddialarına cavab olaraq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərliyi haqqında bəyanatla çıxış etdi: “İtaliyadan olan Sədr onun apardığı məsləhətləşmələrin gedişində Ermənistanın tezisi barədə Minsk qrupunun qalan üzv ölkələri arasında konsensus aşkar etmədi. Həmin tezisə görə, 24 mart tarixli mandat Dağlıq Qarabağın erməni tərəfini Azərbaycan tərəfindən üstün tutmağa və ya hətta birinci tərəfi “seçilmiş nümayəndələr” adlandırmağa imkan verir (ATƏM-in 279 nömrəli informasiya məktubu, Praqa, 15 sentyabr 1992-ci il). Aşkardır ki, bu məsələyə hələ 1992-ci ildə, Minsk qrupunun yaranmasının başlanğıc mərhələsində aydınlıq gətirilmiş, bildirilmişdi ki, Dağlıq Qarabağın hər iki icması bərabər hüquqlara malikdir”. 15
Beləliklə, 1992-ci ilin əvvəlində baş vermiş hadisələrə qayıdaraq xatırlatmaq olar ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minskdə sülh konfransı çağırılması hərbi əməliyyatların fəallaşması və erməni silahlı dəstələri tərəfindən 1992-ci ilin mayında Şuşanın və Laçının işğalı nəticəsində pozuldu. “Azərbaycanlı əhalinin hələ yaşadığı Şuşanın süqut etməsi ilə keçmiş DQMV-nin etnik təmizlənməsi başa çatdırıldı, Azərbaycanın keçmiş DQMV ilə həmsərhəd olan Laçın rayonu işğal ediləndən sonra isə hərbi əməliyyatlar keçmiş muxtar vilayətin ərazi hüdudlarından kənara çıxdı. 1993-cü ilin sonuna qədər Azərbaycanın keçmiş DQMV ilə həmsərhəd olan daha 6 rayonu (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edildi, bu rayonların azərbaycanlı əhalisi isə daimi yaşayış yerlərindən qovuldu. Beləliklə, 1994-cü il mayın 12-də atəşkəs haqqında saziş qüvvəyə minəndə keçmiş DQMV-nin və onun ətrafındakı yeddi rayonun ərazisi Azərbaycan tərəfinin nəzarəti altında deyildi”.16

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana çox böyük maddi və mənəvi ziyan vuruldu. “1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb”. Bu münaqişə nəticəsində hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər şikəst olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb, 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb. 17

Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd (822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli) qətnamə qəbul edib.18 Bu qətnamələrdə Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olması birmənalı şəkildə təsbit edilib. Eyni zamanda, bu sənədlər Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü, onun beynəlxalq sərhədlərinin toxunulmazlığını və ərazilər əldə olunması üçün güc tətbiq edilməsinin yolverilməzliyini təsdiq edir. Bu qətnamələrdə təsbit olunmuş tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması barədədir. Eyni zamanda, qətnamələrin demək olar ki, hamısında münaqişədən zərərçəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsi, habelə qaçqınların və köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması məsələsində onlara kömək edilməsi barədə Baş katibə və müvafiq beynəlxalq təsisatlara müraciət var.
Xüsusi qeyd etmək lazımdır ki, həmin qətnamələr bu gün də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hüquqi əsasını təşkil edir. Bu qətnamələrə ümummilli lider Heydər Əliyev də böyük əhəmiyyət verirdi. 1993-cü ilin iyununda hakimiyyətə qayıdandan sonra Heydər Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanması işində qəti addımlar atmağa başladı. İlk növbədə, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, vahid plan əsasında döyüş qabiliyyətli nizami ordu quruculuğu başlandı, tarazlaşdırılmış xarici siyasət həyata keçirildi. İri enerji layihələrinin reallaşdırılması başlandı. Məsələn, 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının istismarı ilə bağlı “Əsrin Müqaviləsi” imzalandı. Azərbaycan həm də cəsarətli iqtisadi islahatlar və sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoydu.

1994-cü ilin dekabrında ATƏM-in Budapeşt sammitində münaqişənin nizamlanması yolunda ciddi irəliləyiş əldə edildi. O cümlədən Minsk qrupunda həmsədrlik məsələsi müəyyənləşdirildi, ilk dəfə olaraq, ATƏM-in sülhyaratma qüvvələrinin yaradılması və razılıq əldə ediləcəyi təqdirdə həmin qüvvələrin regionda yerləşdirilməsi barədə qərar qəbul edildi. Eyni zamanda, “atəşkəs haqqında sazişə əsasən, həmin sazişə xüsusi əlavə kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması vaxtının qrafiki hazırlandı. Bu qrafikə uyğun olaraq Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması təmin edilməli idi”.19

ATƏT-in 1996-cı il Lissabon sammiti danışıqlar prosesində növbəti mühüm mərhələ oldu. Həmin sammitdə Minsk qrupunun həmsədrlərinin tövsiyə etdiyi üç prinsip Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi olmalı idi: 1) Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 2) Dağlıq Qarabağın Azərbaycanın tərkibində öz müqəddəratını təyin etməsinə əsaslanan sazişdə müəyyən edilmiş, ona ən yüksək muxtariyyət verən hüquqi statusu və 3) Dağlıq Qarabağ və onun bütün əhalisi üçün təhlükəsizliyə zəmanət, o cümlədən nizamlama müddəalarına bütün tərəflərin riayət etməsinin təmin olunması üzrə qarşılıqlı öhdəliklər.20 Bu prinsiplər ATƏT-in Lissabon sammitində iştirak edən bütün üzv dövlətlər tərəfindən Ermənistan istisna olmaqla, bəyənildi. Buna baxmayaraq, həmin prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatında qeyd olundu və ATƏT-in Lissabon sammitinin sənədlərinə daxil edildi.

1997-ci ilin əvvəlindən ATƏT-də üçtərəfli həmsədrlik (Rusiya-Fransa-ABŞ) təsisatı yaradıldı və qarşıdurma vəziyyətində olan tərəflərə 1997-2001-ci illər ərzində münaqişənin nizamlanmasının bir neçə variantı təqdim edildi. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin 1997-ci ilin sentyabrında tərəflərə təqdim etdiyi “Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında” Sazişi nəzərdən keçirmək üçün qəbul etməyə razılaşdı.

Bu sazişin əsası kimi, silahlı münaqişə nəticələrinin tədricən aradan qaldırılmasına və Minsk konfransı prosesində Dağlıq Qarabağın statusunun müəyyən olunmasına yönəlmiş və “mərhələli” nizamlama adlandırılan yanaşma qəbul edildi. Həmin plana əsasən, birinci mərhələdə Dağlıq Qarabağın ətrafındakı altı rayon azad edilməli, regionda ATƏT-in sülhü dəstəkləmə əməliyyatı aparılmalı, köçkünlər işğaldan azad olunmuş ərazilərə qaytarılmalı və münaqişə zonasındakı əsas kommunikasiyalar normallaşdırılmalı idi.
İkinci mərhələdə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, habelə Laçın və Şuşa rayonları ətrafında vəziyyətin nizamlanması nəzərdə tutulurdu. Ermənistanın ovaxtkı prezidenti L.Ter-Petrosyan da nizamlamanın bu variantı ilə bağlı ilkin razılığını bildirmişdi. 21 O, həmin planın qəbul edilməsinin məqsədəuyğunluğu məsələsində öz siyasi opponentləri tərəfindən kəskin tənqid edilməsinə baxmayaraq, “Respublika Armeniya” qəzetində “Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” 22 adlı proqram xarakterli məqalə dərc etdirmiş, orada problemə öz münasibətinin əsas tezislərini şərh etmişdi. Həmin məqalənin tezisləri bu gün də öz aktuallığını itirməyib.

L.Ter-Petrosyan xüsusi vurğulayırdı ki, Dağlıq Qarabağ münaqişəsi yalnız dinc danışıqlar yolu ilə nizamlanmalıdır; status-kvonu uzun müddət saxlamaq mümkün deyil, çünki buna nə dünya birliyi imkan verər, nə də Ermənistanın iqtisadi potensialı; münaqişənin nizamlanmamış vəziyyəti Qarabağa və Ermənistana sərfəli deyil, çünki bu, Ermənistanın və deməli, Qarabağın da iqtisadi inkişafına ciddi əngəl törədir, beynəlxalq birliklə və xüsusən qonşu ölkələrlə münasibətlərdə isə qarşısıalınmaz nəticələrə gətirib çıxara biləcək fəsadlar yaradır; Qarabağ münaqişəsinin həllinin yeganə variantı kompromisdir, bu, tərəflərdən birinin qələbəsi və digərinin məğlubiyyəti deyil, münaqişədən bezmək şəraitində razılığa nail olmaq imkanıdır. 23
L.Ter-Petrosyan opponentlərinin yanılması məsələsinə toxunaraq bildirirdi ki, onlar “Qarabağın düşməninin asanlıqla diz çökdürülə biləcək Azərbaycan olmasını” güman etməkdə yanılırlar, əslində Qarabağın düşməni ermənilər tərəfindən meydan oxunan beynəlxalq birlikdir. “Qarabağ müharibəni udub, deməli, hər hansı kompromisə getməyə ehtiyac yoxdur” fikrini əsassız hesab edən L.Ter-Petrosyan qeyd edirdi ki, “Qarabağ müharibəni yox, döyüşü udub”, “müharibəni yalnız o vaxt udurlar ki, düşmən təslim olsun”. 24
Münaqişənin nizamlanmasına yanaşmalarına görə sərt tənqidlə üzləşən L.Ter-Petrosyan 1998-ci il yanvarın 8-də Ermənistan Milli Təhlükəsizlik Şurasının sessiyasındakı bəyanatında status-kvonun saxlanması məsələsinə yenidən qayıtdı, çünki onun siyasi opponentlərinin əksəriyyəti status-kvonun saxlanması variantına üstünlük verir, ümid edirdilər ki, zaman onların xeyrinə işləyəcək və Qarabağ məsələsi öz-özünə həll olunacaq, dünya isə baş vermiş fakt ilə gec-tez barışacaq.25 L.Ter-Petrosyan status-kvonun saxlanmasının nəzəri cəhətdən ən yaxşı variant ola bilməsini inkar etmədən bildirirdi ki, bu yolu seçməzdən əvvəl bir suala cavab vermək lazımdır: Qarabağın mövcudluğunun yeganə qarantı olan Ermənistan status-kvonu uzun müddət saxlaya biləcəkmi, özünün həyat qabiliyyətini, iqtisadi rifahını və hərbi qüdrətini saxlamağı və eyni zamanda, blokada ilə bağlı məhrumiyyətləri aradan qaldırmağı, artmaqda olan beynəlxalq təzyiqə davam gətirməyi bacaracaqmı? 26

Onun fikrincə, Qarabağ münaqişəsinin həll edilməməsi bir sıra cəhətlərdən Ermənistanın iqtisadi inkişafına mənfi təsir göstərir, o cümlədən:
• blokada nəticəsində Ermənistana və Ermənistandan yükdaşımaların dəyəri təqribən 30 faiz artır;
• münaqişə ölkəyə sanballı xarici investisiyalar axınını məhdudlaşdırır, çünki Qarabağda hərbi əməliyyatların yenidən başlanması ehtimalı Ermənistanı risk zonasına çevirir. Eyni zamanda, Ermənistanın 3,5 milyon nəfərlik bazarı əcnəbi investorlar üçün özlüyündə cəlbedici deyil. Münaqişənin nizamlanacağı halda isə bir konkret ölkədə həyata keçirilən investisiyalarla müqayisədə xarici kapital üçün qat-qat cəlbedici olan irimiqyaslı regional layihələrin həyata keçirilməsi üçün şərait yarana bilər, çünki dolayısı ilə regional təhlükəsizliyə və sabitliyə imkan verən layihələr siyasi cəhətdən daha əhəmiyyətli, iqtisadi cəhətdən daha məqsədəuyğundur;
• mövcud münaqişə Ermənistanı bilavasitə qonşularından, yəni, Avropaya və ərəb ölkələrinə, İrana, Rusiyaya və Mərkəzi Asiyaya ən qısa tranzit marşrutlar kimi xüsusi əhəmiyyət kəsb edən təbii və ən münasib iqtisadi tərəfdaşları olan Azərbaycandan və Türkiyədən təcrid edir. 27

Təəssüf ki, Ermənistanın digər rəhbərləri münaqişə­nin nizamlanmasına L.Ter-­­Pet­rosyanın realist yanaşmaları ilə razılaşmadılar və 1998-ci ilin fevralında faktiki olaraq onu istefa verməyə məcbur etdilər. Bunun nəticəsində Ermənistan münaqişənin mərhələli nizamlanması təkliflərindən rəsmən imtina etdiyini bildirdi və beləliklə, münaqişənin həlli üçün iyirmi il bundan əvvəl yaranmış nadir imkan əldən buraxıldı.

Məlum olduğu kimi, 2000-ci illərin axırlarından etibarən danışıqlar prosesi qarşıdurma vəziyyətində olan tərəflərə 2007-ci ildə Madriddə ATƏT-in konfransında təqdim edilmiş Madrid prinsipləri əsasında aparılır. Minsk qrupunun həmsədrləri tərəfindən yenilənmiş bu prinsiplər ilk dəfə 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatında elan edildi. Bu prinsiplərin təməlini Helsinki Yekun Aktının üç əsas prinsipi təşkil edir: güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək; dövlətlərin ərazi bütövlüyünə hörmət; xalqların hüquq bərabərliyi və öz müqəddəratını müəyyən etmək hüququ .28

Eyni zamanda, qeyd etmək lazımdır ki, erməni tərəfi Azərbaycanı çox vaxt “güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək” və “xalqların hüquq bərabərliyi və öz müqəddəratını müəyyən etmək hüququ” prinsiplərinə “etinasızlıq göstərməkdə” ittiham edir. Bu əsassız ittihamlara cavab olaraq, bir daha Yekun Aktının mətninə müraciət edək. “Güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək” prinsipi barədə maddənin birinci cümləsi belədir: “İştirakçı dövlətlər onların qarşılıqlı münasibətlərindən və ümumiyyətlə beynəlxalq münasibətlərdə həm istənilən dövlətin ərazi bütövlüyünə qarşı (fərqləndirmə mənimdir – R.M.) və ya siyasi müstəqilliyinə qarşı, həm də Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə və bu Bəyannaməyə zidd olan hər hansı başqa şəkildə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər.29
Bununla əlaqədar qeyd edək ki, 1991-ci ildə müstəqil dövlət olmuş Ermənistan Respublikası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında əvvəlki çağırışlarından formal baxımdan imtina etdi, bu çağırışları Azərbaycan SSR-in keçmiş DQMV ərazisində özü-özünü elan etmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın (DQR) tam suverenliyinin tanınması haqqında tələblə əvəz etdi. Ermənistan bu qanunsuz quruma hərtərəfli, o cümlədən öz silahlı qüvvələrinin birbaşa iştirakı ilə kömək göstərərək Azərbaycanın keçmiş DQMV-yə bitişik yeddi inzibati rayonunu işğal etdi və orada etnik təmizləmələr apardı, nəticədə yüz minlərlə dinc sakin öz evlərindən və doğma yerlərindən qovuldu, bir neçə min insan həlak oldu. Bu gün isə Ermənistan “güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək” prinsipinə istinad edir və unudur ki, vaxtilə o özü bu prinsipə məhəl qoymadan güc tətbiq edib və öz qonşusu Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozub. Bu baxımdan, Helsinki Yekun Aktının “sərhədlərin toxunulmazlığı” prinsipini də xatırlatmaq lazımdır. Həmin prinsipə əsasən iştirakçı dövlətlər bir-birinin bütün sərhədlərini toxunulmaz hesab etməli, “indi və gələcəkdə bu sərhədlərə hər hansı qəsblərdən”, habelə “hər hansı iştirakçı dövlətin ərazisinin bir hissəsini və ya bütün ərazisini işğal və qəsb etməyə yönəlmiş hər hansı tələblərdən və ya hərəkətlərdən çəkinməlidirlər”.30
“Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququ” prinsipinə gəldikdə isə, Helsinki Yekun Aktında qeyd edildiyi kimi, “iştirakçı dövlətlər daim BMT Nizamnaməsinin məqsədlərinə və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə (fərqləndirmə mənimdir – R.M.) uyğun hərəkət etməklə xalqların hüquq bərabərliyinə və öz müqəddəratını təyin etmək hüququna hörmət edəcəklər.31 Söhbət ondan gedir ki, müasir dünyada dinc yanaşı yaşamanın hərtərəfli işlənib hazırlanmış formaları mövcuddur.

Bu formalar çərçivəsində “xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququ” prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etmir. Məsələn, vaxtilə Kvebekdə (Kanada), Şimali İrlandiyada və Şotlandiyada (Böyük Britaniya) keçirilmiş referendumlar (Kataloniyadakı qondarma “referendum”dan fərqli olaraq) həmin dövlətlərin mərkəzi hökumətləri tərəfindən işlənib hazırlanmış və qəbul edilmiş müəyyən normativ aktlara əsaslanırdı. Aşkardır ki, güc tətbiq edilməsi və ərazilərin qoparılması, habelə dinc əhalinin etnik təmizlənməsi ilə müşayiət olunan təcavüzkar separatizm Helsinki Yekun Aktının “xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququ” prinsipinin məzmununa uyğun gəlmir.
Madrid prinsiplərinə qayıdaraq qeyd edək ki, həmin prinsiplərdə Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən 2009-2012-ci illərdə təklif edilmiş altı element də nəzərdə tutulur: 1) Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması; 2) Dağlıq Qarabağa onun təhlükəsizliyinə zəmanəti və özünüidarəni təmin edən aralıq status verilməsi; 3) Ermənistanı Dağlıq Qarabağ ilə əlaqələndirən dəhlizin təmin edilməsi; 4) Zəruri hüquqi qüvvəyə malik olan iradəsini bildirmək yolu ilə Dağlıq Qarabağın gələcək qəti hüquqi statusunun müəyyən edilməsi; 5) Bütün daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılması və 6) Təhlükəsizliyə beynəlxalq zəmanətlər və sülhyaratma əməliyyatlarının aparılması.32 Madrid prinsipləri mahiyyət etibarilə münaqişənin nizamlanmasına doğru mərhələli hərəkət – bir növ “yol xəritəsi”dir.

Bu prinsiplər razılaşdırılandan sonra tərəflər sülh müqaviləsi üzərində işə başlaya bilərlər.

Madrid prinsipləri çərçivəsində Azərbaycan tərəfinin konstruktiv yanaşması birinci mərhələdə münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların tədricən azad edilməsi və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması deməkdir. Təbii ki, işğal olunmuş ərazilərin azad edilməsi ilə eyni vaxtda Dağlıq Qarabağın erməni icması üçün və işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar üçün təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görülməlidir. Azərbaycan Naxçıvana kommunikasiyaların açılması ilə birlikdə Dağlıq Qarabağın Ermənistanla yerüstü əlaqəsinin təmin edilməsi problemini də konstruktiv və beynəlxalq normalar ruhunda nəzərdən keçirməyə hazırdır. Üstəlik, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsinə başlanması sərhədlərin açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Ermənistanın regional infrastruktur layihələrinə cəlb edilməsi ilə bağlı digər proseslər üçün də katalizator ola bilər.

Rəsmi Bakının yanaşmasında yalnız bu proseslər başa çatandan və qarşıdurmanın kəskinliyi azalandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu dialoqu çərçivəsində regionun gələcək statusunun müəyyən edilməsi üzrə siyasi-hüquqi proses başlana və yalnız bu proses nəticəsində qəbul edilmiş qərarlar həm Ermənistanda, həm də Azərbaycanda legitim hesab edilə bilər.

Bu baxımdan, son dərəcə vacib hesab edirik ki, həmsədrlər müvafiq təhlükəsizlik tədbirləri görülməsi müqabilində Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qeyd-şərtsiz qaytarılmasının zəruriliyini rəsmən etiraf etsinlər. Yeri gəlmişkən, bu məsələ ATƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarında öz əksini tapıb. Bu aşkar faktın ABŞ, Rusiya və Fransa tərəfindən birgə tanınması Ermənistan tərəfindən qeyri-konstruktiv manevrlər məkanını xeyli məhdudlaşdırar və heç şübhəsiz, danışıqlar prosesinin intensivləşməsinə şərait yaradardı.

Bununla əlaqədar, qanuni bir sual yaranır: beynəlxalq vasitəçilər nəyə görə bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir, amma digər tərəfdən, Ermənistan barəsində heç bir təsirli tədbir görmür, yalnız bunu bəyan edirlər ki, Azərbaycan və Ermənistan müstəqil surətdə qarşılıqlı məqbul kompromislərə nail olacağı halda beynəlxalq vasitəçilər münaqişənin dinc yolla nizamlanmasının qarantları olmağa hazırdırlar. Bəzi ekspertlər bu suala cavab verməyə çalışaraq ATƏT-də (bu gün həmin münaqişənin nizamlanması üçün mandata malik olan yeganə beynəlxalq təşkilatda) qərarlar qəbul edilməsinin konsensus xarakterinə istinad edirlər, bu isə münaqişənin nizamlanmasına qarşıdurma vəziyyətində olan tərəflərə vasitəçilərin “qəbul etdirməyə” cəhd göstərə biləcəyi vahid yanaşma hazırlanmasını faktiki olaraq qeyri-mümkün edir.

Lakin qeyd etmək lazımdır ki, ATƏT-in çətinlikləri qərarlar qəbul edilməsinin konsensus xarakterindən daha çox, Helsinki Yekun Aktının və ATƏT-in digər əsas sənədlərinin müddəalarının şərhi məsələlərində aparıcı aktorların qarşılıqlı anlaşmaya nail ola bilməməsi ilə bağlıdır. Məsələn, Müdriklər Qrupunun Ukrayna böhranı haqqında aralıq məruzəsində qeyd edilir ki, ATƏT-in üzvü olan ölkələrin orada baş verən hadisələr haqqında ziddiyyətli təsəvvürləri təhlükəsizliyin bölünməzliyi ideyasını sarsıdır, təhlükəsizlik və əməkdaşlıq məsələlərində konsensusun olmaması ATƏT-i bir təşkilat kimi zəiflədir.33 Təəssüflə qeyd etməliyik ki, Avropa dövlətləri ərazi bütövlüyünün prioritetinə birmənalı şəkildə riayət olunmasının zəruriliyini qəbul etmək üçün Ukrayna hadisələrini gözləməli olub.

Digər tərəfdən, məhz Qərb ölkələrinin, ilk növbədə, ABŞ-ın mövqeyi “Kosovodan sonrakı dünya”nın yaranmasına imkan verib, burada “ikili standartlar” faktiki olaraq, istisna deyil, beynəlxalq münasibətlərin əsas qaydasına çevrilib. Mən postsovet məkanında münaqişələrə münasibətdə ərazi bütövlüyü prinsipinin tətbiq edilməsi kontekstində Qərbin ikili mövqeyi barədə yazmışam.34 Bəzi Avropa ölkələrində, xüsusən İspaniyanın Kataloniya bölgəsindəki hadisələrdən sonra təcavüzkar etnik separatizm təzahürləri ilə bağlı təhlükəni yaxşı başa düşürlər, “Qərb dövlətləri dünya miqyaslı məsələlərdə hüququn aliliyini “siyasi məqsədəuyğunluqdan asılı olaraq müəyyən edilən və ikili standartlar nümunəsi olan qaydalara əsaslanan hansısa “nizam” ilə əvəz etməyə çalışırlar”.35 ABŞ Prezidenti D.Trampın Suriyanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsi olan Colan təpələri üzərində İsrailin suverenliyini birtərəfli şəkildə tanımaq qərarı bu cür yanaşmaya parlaq nümunə ola bilər.

Heç də təsadüfi deyil ki, D.Trampın bir çox ölkələr tərəfindən pislənmiş bu qərarını Ermənistanda beynəlxalq münasibətlərdə sərhədlərin toxunulmazlığı və bütövlüyü prinsipinin “yerində yaranmış vəziyyət və yerində baş vermiş fakt” prinsipi ilə əvəz edilməsi prosesinin başlanğıcı kimi qiymətləndiriblər.36 Qeyd edək ki, ermənilər tərəfindən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı ən əsas arqument və Azərbaycana əsas təzyiq vasitəsi kimi bədnam “hərbi-siyasi reallıqlar” (yəni, işğal edilmiş ərazilər) amilindən istifadə etmək cəhdi atəşkəs rejimi haqqında sazişin imzalanmasından dərhal sonra başlayıb.

Ədalət naminə qeyd edilməlidir ki, bu təzyiqə baxmayaraq, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələ heç vaxt praktiki müstəvidə qoyulmayıb. Bir məsələni anlamaq olmur: əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəsarət etmirsə, beynəlxalq birlik isə bunun heç vaxt baş verməyəcəyini çoxsaylı qətnamələr vasitəsilə birmənalı şəkildə göstərirsə, onda hansı tanıma haqqında söhbət gedə bilər! Təsadüfi deyil ki, Paşinyanın şəxsində yeni erməni dövləti bunu başa düşərək uydurma bəhanələrlə qondarma rejimin nümayəndələrini danışıqlar prosesinə cəlb etməyə çalışır.

Təəssüf ki, erməni tərəfi danışıqlar prosesinin artıq uzun illər “hər şey, yaxud heç nə” prinsipinə əsaslanmasından istifadə edərək, nizamlamanın mahiyyətini faktiki olaraq Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsindən, özü də Azərbaycanın tərkibindən kənarda müəyyən olunmasından ibarət hesab edir. Bununla belə, Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmək hüququ özbaşınalıq və sərhədləri öz istədiyi kimi dəyişdirmək hüququ demək deyildir. Əks təqdirdə, dünyada milli azlıqlar olmazdı, çünki onların hamısı, hətta ən azsaylı olanları da öz müqəddəratını təyin etmək hüququndan istifadə edər, özlərini dünya birliyinin müstəqil subyektləri elan edər və beynəlxalq miqyasda tanınmalarını istəyərdilər. Ermənistan bununla barışmalı olacaq ki, Dağlıq Qarabağın erməni əhalisi kimi milli azlıqların öz müqəddəratını təyin etməsi yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla mümkündür.

Əlavə edək ki, Dağlıq Qarabağ ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də Azər-baycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Onlar öz bəyanatlarında Xankəndinin erməni adı ilə yanaşı, tarixi adından da istifadə edir, təkcə Dağlıq Qarabağın erməni icmasının faktiki liderləri ilə deyil, həm də Azərbaycan icmasının rəhbərləri ilə görüşlər ­keçirir və Azərbaycan ərazisindən regiona səfərlərini “sərhədin deyil, qoşunların təmas xəttinin keçilməsi” adlandırırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağ “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” kimi göstərilir. Başqa beynəlxalq təşkilatların sənədlərində də analoji ifadələrə rast gəlmək olar. Əgər Ermənistanda sətirarası məna oxumağı və bütün bu nüansları görməyi hələ də öyrənməyiblərsə, onda dünya birliyinin onları dəstəkləmədiyini başa düşmək üçün qoy heç olmasa bunun heç bir eyham olmadan açıq şəkildə deyildiyi sənədlərə müraciət etsinlər.

Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub.
Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq. Məsələn, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə üstələyib, Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın analoji göstəricilərindən 20 dəfə, əhalisi isə 3,3 dəfə çoxdur.37
Təəssüf ki, erməni cəmiyyəti münaqişəyə münasibətini rasionallaşdırmağa və münaqişənin ədalətli həllinin real iqtisadi faydasını görməyə hələlik özündə güc tapmayıb. Bu arada “BE Berlin Economics GmbH “konsaltinq şirkətinin Berlin qərargahı 2019-cu ilin yanvarında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırma hazırlayıb.38 Həmin sənədə əsasən, Ermənistan üçün sülhün əsas iqtisadi faydaları, məsələn, aşağıdakı sahələrdə ola bilər:
• dövlət maliyyələri, çünki hərbi və müdafiə xərclərinin azaldılması büdcə vasitələrinə qənaət edilməsinə, büdcə kəsirinin kəskin azalmasına və sosial sahədə xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər;
• energetika və su təsərrüfatı, çünki iki ölkənin enerji sistemləri birləşdiriləcəyi halda elektrik enerjisinin istehsalı daha ucuz başa gələr, bu isə Ermənistan üçün xüsusilə faydalı olardı;
• maliyyə bazarları və investisiyalar, çünki münaqişənin həlli birbaşa xarici sərmayələrin artmasına, kredit reytinqinin yaxşılaşmasına və faiz dərəcələrinin azalmasına gətirib çıxaracaq;
• ticarət, çünki Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ikitərəfli ticarətin və tranzitin genişlənməsinə gətirib çıxaracaq. Bu da Ermənistandan Türkiyəyə illik ixracı 123 milyon dollara, Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payını isə 13 faizə çatdırmağa imkan verəcək.

Ermənistanın üzləşdiyi məlum iqtisadi çətinliklərdən başqa, orada demoqrafik vəziyyətin pisləşdiyini də xatırlatmaq yerinə düşər. Statistik məlumatlar əhalinin qocaldığını, doğum sayının azaldığını və miqrasiya səviyyəsinin artdığını göstərir. Məsələn, 2017-ci ildə Ermənistanı təqribən 35-40 min adam tərk edib və geri qayıtmayıb.39 M.Babayanın fikrincə, gənclərin “diaspora qoşulma” istiqaməti götürməsi o deməkdir ki, “Ermənistanın müharibə və işğal üzərində qurulmuş idealı, xüsusən də münaqişənin yenidən başlanması təhlükəsinin daim mövcud olması fonunda onları cəlb etmir, çünki “insanlar ən qiymətli kapitaldır və əhalinin ölkədən sabit axını Ermənistanın onsuz da inkişafdan qalmış iqtisadiyyatının gec-tez daha da zəiflədəcək” . 40
Əlbəttə, Ermənistan xüsusən də yaşama ölkəsinin dəyişdirilməsi üçün zəruri xərclərin qloballaşma ilə əlaqədar bütün dünyada kəskin azaldığı bir vaxtda mühacirət problemləri ilə üzləşən yeganə ölkə deyil. Lakin genişmiqyaslı mühacirət, ilk növbədə, bunu təsdiq edir ki, ölkə daxilində həyat şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparmaqdansa, onun hüdudlarını tərk etmək daha sadə həll yoluna çevrilir, çünki demoqrafik problemlər, ilk növbədə, siyasi, iqtisadi, sosial, mənəvi-psixoloji və digər sistemli problemlərə görə yaranır. Ermənistana gəlincə, bu, birbaşa münaqişənin nəticələri ilə bağlıdır. “Qalib” ölkənin “uğurları” ilə “məğlub” ölkənin real uğurları arasındakı kəskin təzad bir daha göstərir ki, erməni siyasətçilərin B.H.Liddel-Qartın sözlərinə diqqət yetirmələrinin vaxtı artıq çoxdan çatıb. O, tamamilə ədalətli olaraq qeyd edir ki, “qələbə özünün həqiqi mənasında dünyanın müharibədən sonrakı quruluşunun və xalqın maddi durumunun müharibədən əvvəlkindən daha yaxşı olmasını nəzərdə tutur” . 41

Azərbaycanı münaqişəyə təhrik etmiş ölkə milli suverenlik potensialını itirə-itirə çox böyük çətinliklə dolanır. Özü də bütün bunlar “arzusunun çin olduğu” bir vaxtda baş verir. “Pirr qələbəsi” erməni cəmiyyətinə çox baha, o cümlədən qan bahasına başa gəlib.

Erməni cəmiyyəti etiraf etməlidir ki, firavanlığa və tərəqqiyə aparan yol uydurma fərqlər, əsassız iddialar zəminində toqquşmalardan deyil, qarşılıqlı fəaliyyətdən keçir. Ermənistanın siyasi liderləri, diasporunun rəhbərləri başa düşməlidirlər ki, erməni xalqının və dövlətinin xoşbəxtliyi, firavanlığı və gələcəyi qonşu dövlətlərlə dinc yanaşı yaşama, mehriban qonşuluq ruhunun dəstəklənməsi ilə bağlıdır. Məsələn, Avropanın müharibədən sonrakı təcrübəsi göstərdi ki, müharibə və məhrumiyyətlərə baxmayaraq, ərazi bütövlüyü, dövlətlərin suverenliyi və milli azlıqların hüquqlarının müdafiəsi prinsiplərinə əsaslanaraq sülh əldə etmək olar və bunu etmək lazımdır.

Ermənistan rəhbərliyi və erməni cəmiyyəti çoxdan etiraf etməlidir ki, “müstəqil Arsax” məhvi labüd olan perspektivsiz ideyadır, onu həyata keçirmək cəhdi artıq qanlı müharibəyə və hər iki tərəfdən on minlərlə insanın həlak olmasına gətirib çıxarıb. Dərk etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın geri qalmasının, dərin yoxsulluq içində yaşamasının, ölkədən “beyin axını”nın və ən başlıcası isə Ermənistanın başqa dövlətlərdən dərin asılılığının həm birbaşa, həm də dolayı səbəbidir” . 42

Bu gün Ermənistan onu da etiraf etməlidir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Azərbaycanın işğal edilmiş ərazilərinə məhz Ermənistan nəzarət edir. Avropa İnsan Haqları Məhkəməsinin “Çiraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarı da bunu təsdiq edir . 43

Bu kontekstdə xatırlatmaq lazımdır ki, Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, işğal edilmiş Dağlıq Qarabağda və ətraf yeddi rayonda Yerevan tərəfindən yaradılmış oyuncaq rejim həm Azərbaycan Respublikasının qanunvericiliyini, həm də beynəlxalq hüququ kobud şəkildə pozan qeyri-qanuni fəaliyyətlə geniş məşğul olur. Son illər bu problemin ətraflı nəzərdən keçirildiyi bir sıra hesabatlar dərc edilib.
Məsələn, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ildə dərc edilmiş “Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət” adlı hesabatında Azərbaycan ərazisinin bir hissəsinin işğalı və onu ilhaq etmək cəhdləri haqqında ətraflı informasiya təqdim olunub, əsas etibarilə erməni siyasi elitasının qazanc götürməsi məqsədinə xidmət edən qeyri-leqal iqtisadi fəaliyyət təsvir olunub, habelə belə qanunazidd fəaliyyətin hüquqi nəticələri göstərilib.44 Bu hesabat faktiki olaraq Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş işğalçı rejimin cinayətkar mahiyyətini təsdiq edən faktların ətraflı nəzərdən keçirildiyi ilk sənəddir.

Bu halda qeyd etməliyik ki, əgər bu hesabat bütövlükdə açıq mənbələrdən olan informasiya əsasında hazırlanıbsa, indiyədək məlum olmayan faktlara əsaslanan daha bir neçə sənəd də 2019-cu ildə dərc edilib.
İlk növbədə, “Azərkosmos” dövlət şirkəti ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatı qeyd etmək istərdim.45

Peykdən çəkilmiş şəkillər sübut edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii ehtiyatları istismar edir, regionun infrastrukturunu dəyişdirir, yeni yollar və irriqasiya sistemləri inşa edir, irimiqyaslı kənd təsərrüfatı işləri aparır. Özü də Dağlıq Qarabağa bitişik rayonlarda, erməni əhalinin heç vaxt yaşamadığı yerlərdə də qeyri-qanuni fəaliyyət aparılır.

Britaniyalı müəllif Harrold Keynin haqlı olaraq “Narko-Qarabağ” adı ilə nəşr etdirdiyi kitabı da Azərbaycanın işğal altındakı ərazilərində vəziyyətə həsr olunmuş daha bir əhəmiyyətli araşdırmadır.46

Müəllif bu əsərində Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı çoxsaylı faktlar gətirir, məsələn, narkotik ticarətini, təbii ehtiyatların amansızcasına istismarını, silah qaçaqmalçılığını, insan alverini, çirkli pulların yuyulmasını və digər cinayətlərin geniş spektrini ətraflı təsvir edir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, habelə sabiq prezident Serj Sarkisyanın yaxın qohumları barəsində açılan cinayət işləri Ermənistanın əvvəlki hakimiyyət orqanlarının cinayətkar mahiyyəti haqqında H.Keynin məlumatlarını təsdiq edir və iri cinayətlərdə bu şəxslərin əli olduğunu göstərir.

Aydın məsələdir ki, müstəqil siyasətçilər və ekspertlər, beynəl­xalq təşkilatların və KİV-lərin nümayən­dələri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətə işıq salan belə araşdırmalara etinasız yanaşmamalıdırlar. Bəlkə o vaxt ikili standartlara son qoyular və müvafiq beynəlxalq strukturlar belə cinayətkar əməlləri pisləmək üçün daha təsirli tədbirlər görərlər.

Əlbəttə, yalnız Azərbaycan ərazilərini işğaldan tam azad etməklə bu cinayətkar fəaliyyətin qarşısını tamamilə almaq olar. Görünür, bu, 1990-cı illərin əvvəlində hərbi əməliyyatlar dalğasında hakimiyyətə gəlmiş və status-kvonun saxlanılmasını perspektivsiz hesab edən Levon Ter-Petrosyanı prezident vəzifəsindən devirmiş R.Koçaryanın və S.Sarkisyanın planlarına daxil deyildi. Bununla belə, qeyd etmək lazımdır ki, 1993-cü ildən sonrakı illərdə Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilərək təkcə iqtisadi cəhətdən deyil, hərbi cəhətdən də xeyli möhkəmlənib və bu da 2016-cı il aprelin əvvəlində nümayiş etdirilib, o vaxt Azərbaycan Ordusu Ermənistan tərəfinin provokasiyasına cavab olaraq işğal altındakı ərazilərin bir hissəsini azad edib.
Çox güman ki, məhz 2016-cı ilin aprel hadisələri Ermənistanda hakimiyyətin “məxməri inqilab” nəticəsində növbəti dəfə dəyişməsinin səbəblərindən biri olub. Kriminal ­Koçaryan-Sarkisyan rejiminin yerinə gələn Ermənistanın yeni rəhbərliyi xalqa korrupsiyaya qarşı mübarizə və sosial-iqtisadi islahatlar aparılacağını vəd edib. 2018-ci il dekabrın 9-da vaxtından əvvəl keçirilmiş parlament seçkilərində N.Paşinyanın “Mənim addımım” blokunun inamlı qələbəsindən, onun özünün isə 2019-cu il yanvarın 14-də baş nazir seçilməsindən sonra optimistlər belə bir fikir söylədilər ki, məhz Qarabağ kökləri olmayan N.Paşinyan erməni xalqından mandat alaraq münaqişənin nizamlanmasına nail ola bilər. Lakin N.Paşinyanın bir-birinə zidd olan bəyanatları bunun əksini göstərir. Bunu belə bir fakt sübut edir ki, baş nazirin ilk piar-addımlarından biri öz oğlunu Azərbaycanın işğal edilmiş ərazilərinə əsgəri xidmətə göndərməsi və münaqişə ilə bağlı bir sıra populist bəyanatlar verməsi olub.

Paradoks bundadır ki, N.Paşinyan faktiki olaraq əvvəlki kriminal rejimin mövqeyini müdafiə edərək fəal surətdə nizamlama prosesinə qoşulub, 2018-ci il sentyabrın 28-də Düşənbədə MDB Sammiti “məkanında” Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşün təşəbbüskarı olub. Nəticədə, tərəflər arasında birbaşa rabitə xəttinin qurulmasına və təmas xəttində gərginliyin bir qədər azalmasına kömək etmiş şifahi razılaşmalar əldə olunub. Sonra daha iki qeyri-rəsmi görüş olub (2018-ci il dekabrın 6-da Sankt-Peterburqda və 2019-cu yanvarın 22-də Davosda), paralel olaraq hər iki ölkənin xarici işlər nazirlərinin görüşləri keçirilib.

N.Paşinyan çoxsaylı çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunaraq, danışıqlar formatının dəyişdirilməsinin və “Dağlıq Qarabağın rəhbərliyi”ni, əslində isə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq rejimin danışıqlar prosesinə cəlb edilməsinin zəruri olması barədə tezis irəli sürüb. Beynəlxalq vasitəçilər tamamilə ədalətli olaraq N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirmək cəhdini rədd etdilər və Ermənistan tərəfi martın 29-da Vyanada Azərbaycan tərəfi ilə Dağlıq Qarabağın nümayəndələri cəlb olunmadan danışıqlar aparmalı oldu. Beləliklə, bu rəsmi görüşdə N.Paşinyanın iştirakının özü, habelə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşün nəticələrinə dair birgə bəyanatı mövcud danışıqlar formatının dəyişilməz olduğunu bir daha təsdiq etdi.

Bununla əlaqədar qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında bu məsələyə toxunub. Məsələn, Prezident 2019-cu il aprelin 30-da Nazirlər Kabinetinin iclasındakı giriş nitqində vurğulayıb ki, danışıqlar formatı dəyişilməz olaraq qalır, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama bir daha onu göstərir ki, münaqişənin yalnız iki tərəfi var.47 Prezident, həmçinin deyib: “Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır”.48

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ermənistanda daxili siyasi mübarizənin ciddi amilidir. L.Ter-Petrosyanın acınacaqlı aqibəti Azərbaycanın işğal olunmuş ərazilərini Qarabağın statusu məsələsi həll olunmadan azad etməyin lehinə çıxış etməyə risk edən hər hansı siyasətçini hətta uzun illər keçəndən sonra da qorxudur. Ermənistanda belə mövqedən çıxış etmək milli maraqlara xəyanət kimi qəbul olunur. Buna görə də təəccüblü deyil ki, Vyanada son danışıqların nəticələri ermənilər, habelə bir sıra ermənipərəst ekspertlər tərəfindən birmənalı qəbul edilməyib. Münaqişə tərəflərinin əhalisinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsi barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əksini tapmış informasiya erməni cəmiyyətində, bir sıra siyasətçilər və əvvəlki hakimiyyətin nəzarət etdiyi KİV arasında qeyri-adekvat reaksiya doğurub. Onlar baş nazir N.Paşinyana birləşərək, onu xəyanətdə və Azərbaycanla gizli sövdələşmədə ittiham ediblər.

15 Yenə orada.
16 Р.Мехтиев. Нагорный Карабах: история, прочитанная по источникам. М.: Аквариус, 2014, с.262-263.
17 Армяно-азербайджанский нагорно-карабахский конфликт. Официальный сайт Президента Азербайджанской Республики - https://ru.president.az/azerbaijan/karabakh (дата обращения: 27 мая 2019 г.).
18 Резолюция 822 (1993), принятая Советом Безопасности на его 3205-м заседании. 30 апреля 1993 года - https://undocs.org/ru/S/RES/822(1993) (дата обращения: 27 мая 2019 г.); Резолюция 853 (1993), принятая Советом Безопасности на его 3259-м заседании. 29 июля 1993 года. - https://undocs.org/ru/S/RES/853(1993) (дата обращения: 27 мая 2019 г.); Резолюция 874 (1993), принятая Советом Безопасности на его 3292-м заседании. 14 октября 1993 года - https://undocs.org/ru/S/RES/874(1993) (дата обращения: 27 мая 2019 г.); Резолюция 884 (1993), принятая Советом Безопасности на своем 3313-м заседании. 12 ноября 1993 года - https://undocs.org/ru/S/RES/884(1993) (дата обращения: 27 мая 2019 г.).
19 МИД Азербайджана: Однозначная позиция мирового сообщества, отображающая неизменность формата переговорного процесса, служит серьезным посылом для Армении. Тrend.az, 21 марта 2019. - https://www.trend.az/azerbaijan/politics/3035966.html (дата обращения: 27 мая 2019 г.).
20 Заявление действующего председателя ОБСЕ. Лиссабонский документ 1996 года. Приложение 1, ОБСЕ, 1996. С. 14 - https://www.osce.org/ru/mc/39543?download=true (дата обращения: 27 мая 2019 г.).
21 Р.Мехтиев. Нагорный Карабах: история, прочитанная по источникам. М.: Аквариус, 2014, с.268.
22 Вниманию Пашиняна: Статья Тер-Петросяна, которая лишила его власти. 21 Мая, 2018 - http://www.1news.az/news/vnimaniyu-pashinyana-stat-ya-ter-petrosyana-kotoraya-lishila-ego-vlasti (дата обращения: 27 мая 2019 г.).
23 Л.Тер-Петросян. Война или мир? Время призадуматься // «Будущее Армении, отношения с Турцией и Карабахский конфликт», 2018, с.37.
24 Yenə orada, s.39.
25 Л.Тер-Петросян. Дебаты с оппонентами внутри правительства о необходимости решения Карабахского конфликта // «Будущее Армении, отношения с Турцией и Карабахский конфликт», 2018, с.48-49.
26 Yenə orada,s.49.
27 Yenə orada, s.51-53.
28 Заключительный акт. Совещание по Безопасности и Сотрудничеству в Европе. Хельсинки 1975, сс. 4-6, 8 - https://www.osce.org/ru/ministerial-councils/39505?download=true (дата обращения: 27 мая 2019 г.).
29 Yenə orada, s.4.
30 Yenə orada. s. 6.
31 Yenə orada. s. 8.
32 Bax, məsələn: Press Statement by the Co-Chairs of the OSCE Minsk Group on the Upcoming Meeting of President Aliyev and Prime Minister Pashinyan, 9 March 2019 - https://www.osce.org/minsk-group/413813 (дата обращения: 27 мая 2019 г.).
33 Lessons learned for the OSCE from its engagement in Ukraine. Interim Report and Recommendations of the Panel of Eminent Persons on European Security as a Common Project. June 2015, p. 5 - https://www.osce.org/networks/164561?download=true (дата обращения: 21 мая 2019 г.).
34 R.Mehdiyev. İkili standartların dünya nizamı və müasir Azərbaycan. Bakı, Sərq-Qərb Nəşriyyat evi, 2015, s.34-37.
35 Р.Мехтиев. Постбиполярный мир в условиях неустойчивых глобальных процессов. 1 news.az, 31 января, 2019 - http://www.1news.az/news/opublikovana-pervaya-glava-gotovyascheysya-k-pechati-monografii-akademika-ramiza-mehtieva (дата обращения: 27 мая 2019 г.).
36 Что означает признание Голанских высот частью Израиля? lragir.am, 30.03.2019 - https://www.lragir.am/ru/2019/03/30/145298/ (дата обращения: 27 мая 2019 г.)
37 Разница между уровнем экономики Азербайджана и Армении достигла рекордного показателя. Trend.az, 28 декабря 2018 - https://www.trend.az/business/economy/2999902.html (дата обращения: 27 мая 2019 г.)
38 The Economic effect of a resolution of the Nagorno-Karabakh conflict on Armenia and Azerbaijan. 15 June 2018. BE Berlin Economics GmbH - https://berlin-economics.com/the_economic_effect_of_a_resolution_of_the_nagorno-karabakh_conflict/ (дата обращения: 27 мая 2019 г.)
39 Демограф: Уровень рождаемости в Армении сокращается и продолжит сокращаться - https://www.panorama.am/ru/news/2019/02/27/Рождаемость-в-Армении-сокращается/2078775 (дата обращения: 27 мая 2019 г.)
40 М.Бабаян Нагорно-карабахский конфликт: культурно-психологические последствия. Вестник Кавказа, 15 апреля 2019г. - https://vestikavkaza.ru/analytics/Nagorno-karabakhskiy-konflikt-kulturno-psikhologicheskie-posledstviya.html (дата обращения: 27 мая 2019 г.)
41 Б.Г.Лиддел Гарт. Стратегия непрямых действий, 2008 - https://www.e-reading.club/bookreader.php/34118/Liddel_-_Strategiya_nepryamyh_deystviy.html (дата обращения: 27 мая 2019 г.)
42 The Washington Times: За пределами «бархатной революции» в Армении https://azertag.az/ru/xeber/The_Washington_Times_Za_predelami_barhatnoi_revolyucii_v_Armenii-1261942 (дата обращения: 27 мая 2019 г.)
43 Case of Chiragov and others v. Armenia (Application no. 13216/05). European Court of Human Rights. Grand Chamber. Judgment (Merits). Strasbourg, 16 June 2015, p.68 (дата обращения: 27 мая 2019 г.)
44 Report of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan entitled “Illegal economic and other activities in the occupied territories of Azerbaijan”, 2016 -http://www.mfa.gov.az/files/file/MFA_Report_on_the_occupied_territories_March_2016_1.pdf (дата обращения: 27 мая 2019 г.)
45 Illegal Activities in the Territories of Azerbaijan under Armenia’s Occupation: Evidence from Satellite Imagery. 2019 - https://azercosmos.az/storage/brochures/February2019/dx2c0FfrOG1j1ml7pRH7.pdf (дата обращения: 27 мая 2019 г.)
46 Harrold Cane. Narco Karabakh. Inside the global nexus for transnational crime. 2019 - http://narcokarabakh.net/en/news/book_launched (дата обращения: 27 мая 2019 г.)
47 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). 30 aprel 2019-cu il. https://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_sedrliyi_ile_Nazirler_Kabinetinin_ilin_birinci_rubunun_yekunlarina_ve_qarsida_duran_vezifelere_hesr_olunan_iclasi_kechirilib__YENILANIB_VIDEO-1276350
48 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə nitqi . Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 10 may 2019-cu il - https://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_anadan_olmasinin_96_ci_ildonumune_ve_Heyder_Aliyev_Fondunun_yaradilmasinin_15_illiyine_hesr_olunmus_tenteneli_merasim_kechirilib__Azerbaycan_Prezidenti_Ilham_Aliyev_ve_birinci_xanım_Mehriban_Aliyeva_merasimde_istirak_edibler_YENILANIB_2_VIDEO-1280918
49 Сопредседатели МГ ОБСЕ подчеркнули необходимость принятия мер по подготовке населения конфликтующих сторон к миру. 1news.az, 16 Января, 2019 - http://1news.az/news/sopredsedateli-mg-obse-podcherknuli-neobhodimost-prinyatiya-mer-po-podgotovke-naseleniya-konfliktuyuschih-storon-k-miru (дата обращения: 27 мая 2019 г.)

Sirr deyil ki, istər R.Koçaryan, istərsə də S.Sarkisyan erməni cəmiyyətini birləşdirmək və şəxsi hakimiyyətlərini möhkəmləndirmək üçün Qarabağ münaqişəsindən bacarıqla istifadə edirdilər. N.Paşinyan da “Qarabağı öz siyasi rəqiblərinə qarşı mübarizə vasitəsinə çevirərək, son vaxtlar “DQR”də yeni Ermənistana qarşı yaranmaqda olan “narazılıq” mövzusu ilə getdikcə daha açıq spekulyasiya edir. Məsələn, o, hansısa bir sui-qəsdin mövcud olması barədə versiyanı açıq səsləndirib. Guya, həmin sui-qəsdin mahiyyəti Qarabağda yeni müharibə törədilməsindən, “təhlükəsizlik zolağı”ndakı bəzi ərazilər üzərində nəzarətin itirilməsindən və hərbi uğursuzluqlara, o cümlədən yeni hakimiyyət üçün bundan irəli gələn siyasi nəticələrə görə məsuliyyətin Paşinyan hökumətinin üzərinə qoyulmasından ibarətdir . 50

Təsadüfi deyil ki, mümkün sui-qəsd haqqında informasiya “1 mart” işi üzrə konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın sabiq prezidenti R.Koçaryan barəsində qətimkan tədbiri məhkəmə tərəfindən dəyişdiriləndən sonra ortaya çıxıb. Məhz sabiq prezident hələ həbsdən azad edilməmişdən əvvəl “Reuters” agentliyinə yazılı müsahibəsində bəyan edib ki, “güclü müxalif qüvvələr Ermənistanın yeni hakimiyyət orqanlarına meydan oxumaq üçün birləşirlər”. Bu zaman ümidvar olduğunu bildirirdi ki, həmin qüvvələr sırasında olacaq.51 Ehtimal ki, müxalif təşkilata parlamentdəki və parlamentdənkənar qüvvələr, bir sıra siyasətçilər, “Prezident Robert Koçaryanın tərəfdarları ittifaqı”nı yaratmış siyasi təşkilatların rəhbərləri və nümayəndələri daxil olacaqlar.52 Onu da qeyd edək ki, digər sabiq prezident Serj Sarkisyanın Ermənistan Respublika Partiyasının (ERP) tərəfdarları da xeyli fəallaşıblar. Eyni zamanda, nəzərə almaq lazımdır ki, R.Koçaryanın azadlıqda olması N.Paşinyanın reytinqinə də birbaşa təsir göstərir.

Əlbəttə, Dağlıq Qarabağın Ermənistanda devrilmiş rejimin yerli nümayəndələri olan məmurları hazırda Ermənistanın yeni hakimiyyətinin dəstəyindən məhrum olub, Dağlıq Qarabağda hakimiyyətdə olan qüvvələr cəmiyyətə təsirini itirib. Lakin Arsaxdan olan tanınmış xadim David Karabekyan sosial şəbəkələrə istinadla yazır ki, “yerli generalitetin nümayəndələri Arsax mənşəli Yerevan oliqarxlarından birinin bağ evində məxfi görüş keçiriblər. Görüşdə Nikol Paşinyanı istefaya göndərəcəklərinə and içiblər” . 53

Bununla yanaşı, qeyd etmək lazımdır ki, R.Koçaryanın zaminliyə götürülməsi və girov müqabilində azadlığa buraxılması ilə bağlı B.Saakyanın və A.Qukasyanın demarşı göstərir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim indiki baş nazirə birbaşa təhdiddir. Bununla əlaqədar, N.Paşinyanın məhkəmə sisteminə “cərrahi müdaxilə”nin başlanması barədə 2019-cu il mayın 20-də verdiyi bəyanat Ermənistanın daxili siyasət məkanını “DQR” nümayəndələrinin təsirindən qorumaq cəhdidir. Lakin N.Paşinyan unutmamalıdır ki, silahlı quldur dəstələrinin törəməsi olan, “dinc Azərbaycan əhalisinə qarşı çoxsaylı cinayətlər törətmiş Qarabağ klanı silaha və silah gücünə rifah əldə etməyə öyrəşib”.54 Zənnimcə, Ermənistanda hakimiyyət uğrunda əsl savaş hələ qabaqdadır.

Hazırda Ermənistanda baş verən hadisələr Yerevanda indiki hakimiyyətlə “Qarabağ klanı” deyilən dəstənin nümayəndələri arasında ciddi ixtilafların olduğunu təsdiq edir və təəssüf ki, danışıqlar prosesinə də mənfi təsir göstərir. Görünür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi kontekstində Paşinyan hökumətinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimlə Ermənistan arasındakı bütün qarşılıqlı münasibətlər sisteminin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsidir.

Nəzərə almaq lazımdır ki, Ermənistanın sabiq prezidentləri R.Koçaryandan və S.Sarkisyandan fərqli olaraq, N.Paşinyan əslən Dağlıq Qarabağdan deyil və görünür, bu gün onun həm işğal edilmiş ərazilərin geri qaytarılmasına, həm də Dağlıq Qarabağın gələcək statusuna dair qərarların birtərəfli qaydada qəbul edilməsi üçün yetərincə siyasi nüfuzu yoxdur. Bundan əlavə, hətta rusiyalı ekspert Sergey Markov hesab edir ki, N.Paşinyan “sülh prosesində irəliləməyi çox istəyir, lakin şəxsən öz vəziyyətinə görə qorxur. Odur ki, Bakı ilə gələcək kompromisə görə məsuliyyəti öz üzərindən ataraq, bu qeyri-populyar qərarı bir növ Qarabağın erməni əhalisinin özünün üzərinə qoymağa meyillidir” . 55

Ola bilsin, N.Paşinyan məhz buna görə separatçı rejimin nümayəndələrinin danışıqlar prosesində iştirakı məsələsini daim qaldırır, çünki bu gün Ermənistanda Respublika Partiyası, “Daşnaksütyun Erməni İnqilabi Federasiyası”, “Sasna srer” nümayəndələrinin simasında əsas müxalif qüvvələr, eləcə də qondarma “DQR”in indiki “rəhbərləri” bu fikri dəstəkləyirlər. Özü də erməni tərəfi Dağlıq Qarabağın Azərbaycan icmasının hüquqlarına etinasız yanaşır, icmalararası danışıqlar formatına qarşı qətiyyətlə çıxış edir və hesab edir ki, Arsax əhalisinin və oradan didərgin salınmış azərbaycanlıların siyasi hüquqları bərabər tutula bilməz” . 56
Ermənistanın indiki hakimiyyət orqanlarının qarşısında duran daha bir mürəkkəb çağırış “əhalinin sülhə hazırlanması” ideyasını populyarlaşdırmaqdır. Özü də ermənilərin onilliklər ərzində sülh tərəfdarı olduqlarını bəyan etmələrinə baxmayaraq, cəmiyyəti sülhə hazırlamaq çağırışına onların reaksiyası əsla birmənalı olmayıb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan hətta cəmiyyətdəki məğlubiyyətçilik əhval-ruhiyyəsinin onu təəccübləndirdiyini bildirərək qeyd edib: “Biz həmişə demişik ki, sülhə şərait yaradan mühit lazımdır, çünki bir tərəfdən, sülh haqqında, digər tərəfdən isə düşmənçilik, yaxud üstəlik gərginliyin daha da eskalasiyası haqqında danışıqlar aparmaq mümkün deyil” . 57

Erməni cəmiyyətinin sülhə hazırlanmasının nə dərəcədə vacib olduğunu başa düşmək üçün Ermənistanda öz missiyasını başa çatdırmış ABŞ səfiri Riçard Millsin verdiyi müsahibə ilə tanış olmaq kifayətdir. O, diplomata xas olmayan qeyri-adi səmimiyyətlə deyib: “Uzun illər mənim hökumətim (yəni, ABŞ hökuməti) hesab edirdi ki, ərazilər lap əvvəldən gələcəkdə “sülh müqabilində torpaq” formulu çərçivəsində istifadə olunması üçün işğal edilib”. Sonra əlavə edib ki, “bu variantın daha əsla dəstəklənmədiyini görəndə çox təəccüblənib”. 58
Bizə isə 1990-cı illərin əvvəllərində qondarma “hərbi uğurlar”, Qarabağın “müstəqilliyi”nin müqabilində labüd olan “müvəqqəti” çətinliklər, “pis” türk qonşular və s. haqqında tezislərin Ermənistanda ictimai mənlik şüurunun və özünüidentifikasiyanın ayrılmaz tərkib hissəsinə çevrilərək, müasir Ermənistanın milli prioritetlərinin formalaşması sistemini əhəmiyyətli dərəcədə deformasiyaya uğratmasından xəbəri olmayan səfirin sadəlövhlüyünə təəccüblənmək qalır. Bir növ çıxılmaz vəziyyətin yaradıldığını və indiki şəraitdə bu vəziyyətdən çıxmaq üçün çox böyük səylər tələb olunduğunu başa düşmək çətin deyil.

Qeyd edildiyi kimi, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk rəsmi danışıqlar keçirilib. Bu danışıqların yekunları ehtiyatlı nikbinlik hissi yaradır. İki ölkənin xarici işlər nazirlərinin və Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd edilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki lider nizamlama prosesinin bir sıra mühüm məsələlərinə dair fikir mübadiləsi aparıb, sülhə kömək edən vəziyyətin yaradılmasının əhəmiyyətini vurğulayıb, atəşkəs rejiminin möhkəmləndirilməsinin və birbaşa rabitə mexanizminin təkmilləşdirilməsinin zəruri olduğunu yenidən təsdiq edib, habelə humanitar sahədə bir sıra tədbirlər işləyib hazırlamaq barədə razılığa gəlib.59

Prezident İlham Əliyev görüşdən sonra TASS agentliyinə müsahibəsində qeyd edib ki, nəticəyə hesablanmış substantiv danışıqları davam etdirmək lazımdır: “Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”. Prezident, həmçinin deyib: “Əsas odur ki, danışıqlar prosesinə yeni start verilib və “danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”.60

Vyana görüşünün ardınca aprelin 15-də Moskvada Rusiya XİN-in başçısı Sergey Lavrovun, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti danışıqlar keçirilib. Ermənistan, Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin, habelə Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd edildiyi kimi, tərəflər təmas xəttində, xüsusən, “kənd təsərrüfatı işlərinin aparıldığı zaman” sabitliyi təmin etmək, “həbsxanada saxlanılan şəxslərin yanına qohumlarının buraxılması üçün qarşılıqlı əsasda tədbirlər görmək” barədə razılığa gəliblər, habelə insanlar arasında əlaqələrin yaradılması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri barədə konkret fəaliyyətə başlamağa hazır olduqlarını bildiriblər”.61

Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov görüşün yekunlarına əsasən onu da bildirib ki, Azərbaycan danışıqlarda diqqəti “erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması” üzərində cəmləşdirib, Ermənistan isə status və təhlükəsizliklə bağlı məsələlər irəli sürüb”.62 Bununla əlaqədar bir daha qeyd etmək olar ki, Ermənistan tərəfindən xoş məram nümayiş etdiriləcəyi və Azərbaycanın işğal altında olan rayonlarının azad edilməsinə başlanacağı təqdirdə, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verilməsi məsələsini müzakirə etməyə hazırdır.
Son görüşlər barəsində müəyyən qədər nikbin olsam da, hər halda bunu vurğulamağa məcburam ki, danışıqlar prosesinin indiki mərhələsi asan olmayacaq. Ermənistanın rəsmi şəxslərinin bir-birinə zidd bəyanatları, o cümlədən həmin ölkənin müdafiə naziri D.Tonayanın məsuliyyətsiz bəyanatı bunu təsdiq edir. O, martın 29-da Nyu-Yorkda ABŞ-ın erməni icmasının nümayəndələri ilə görüş zamanı bildirib ki, “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə - yeni ərazilər” formulu ilə əvəz edir.

2019-cu il martın 1-də Azərbaycanın işğal edilmiş ərazilərində olmuş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan qondarma “DQR”in məskunlaşdırma proqramını onun təhlükəsizliyinin əsas qarantlarından biri kimi səciyyələndirərək deyib: “Bununla da biz bütün erməni xalqına və bütün dünyaya açıq şəkildə bəyan edirik ki, bizim bir qarış belə torpaq qaytarmaq niyyətimiz yoxdur, əksinə, bizim torpaqlarda bizim həmvətənlərimiz yaşamalı və bizim ölkəmizi abadlaşdırmalıdırlar”.63

Bununla əlaqədar xatırlatmaq lazımdır ki, Ermənistan artıq uzun illərdir Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz yaşayış məskənlərinin yaradılmasına yönəlmiş siyasət yürüdür. Bu, ATƏT-in 2005-ci və 2010-cu illərdə keçirilmiş iki missiyası tərəfindən də təsdiq edilib. Məsələn, ATƏT-in Minsk qrupu həmsədrlərinin səhra qiymətləndirmə missiyasının Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərinə dair 2010-cu il tarixli məruzəsinin xülasəsində qeyd edilir ki, “kiçik yaşayış məntəqələrində, Laçın və Kəlbəcər şəhərlərində yaşayan insanların ümumi sayı təqribən 14 min nəfərdir”.64 Həmsədrlər qiymətləndirmə missiyasının işinin nəticələrinə görə tərəflərin liderlərini bu ərazilərdə hər hansı fəaliyyətdən çəkinməyə çağırsalar da, Ermənistanın hakimiyyət orqanları məskunlaşdırma siyasəti yürütməyə və Azərbaycanın işğal edilmiş ərazilərini məskunlaşdırmağa davam edirdilər. Belə ki, erməni mənbələrinə əsasən, “Suriyada müharibə başlayandan etibarən Ermənistana 17 mindən çox erməni və suriyalı qaçqın köçüb” , onların bir hissəsi Dağlıq Qarabağda yerləşdirilib.65

Ermənistanın yeni iqtidarının yüksək vəzifəli nümayəndələrinin adıçəkilən bəyanatlarına qayıdaraq inanmaq istəyirsən ki, onlar, ilk növbədə, “daxili auditoriya”ya və diaspor nümayəndələrinə ünvanlanıb. Digər tərəfdən, müdafiə nazirinin “ambisiyalı formulu” təhlil edilən zaman hətta erməni ekspertlər də etiraf edirlər ki, “iqtisadi inqilab, sosial, demoqrafik sahələrdə dönüş yaradan inkişaf olmasa, David Tonoyanın bəyanatı praktiki tətbiq imkanı olmayan qələbə ritorikası olaraq qalacaq”.66

Rusiyanın “Eurasia Daily” (EADaily) informasiya agentliyinin materialında haqlı olaraq qeyd edilir ki, “əgər Qarabağa dair danışıqlar pozulsa və Azərbaycan münaqişə zonasında hərbi fəallığını gücləndirsə, ilk növbədə, erməni xalqının çox böyük ümidlər bağladığı Paşinyanın özü siyasi zərər çəkəcək”. Eyni zamanda, bu materialın müəllifi N.Arutyunyan hesab edir ki, “Qarabağ münaqişəsinin nizamlanmasında əhəmiyyətli müsbət dəyişikliklər “Qarabağ klanı” deyilən və liderləri iki sabiq prezident – həbsdə olan Robert Koçaryan və ötən il Paşinyan tərəfindən devrilmiş Serj Sarkisyan olan klanın mövqelərini kəskin zəiflədəcək”.67

Bir-birinə zidd olan çoxsaylı bəyanatlara əsasən, N.Paşinyan münaqişənin nizamlanması kontekstində də praktiki addımlar atmayacaq. Bunu qondarma “DQR” nümayəndələrinin danışıqlarda iştirak məsələsini vaxtaşırı qabartmaq cəhdləri təsdiq edir. Bu da Azərbaycanda tamamilə haqlı olaraq substantiv danışıqlardan yayınma cəhdləri kimi qiymətləndirilir. Faktiki olaraq N.Paşinyan problemin həllini uzatmaq mövqeyi tutub (Koçaryanın və Sarkisyanın taktikası). Məsələn, N.Paşinyan münaqişə zonasında atəşkəsin 25 illiyi ilə əlaqədar mayın 12-də müraciətlə çıxış edərək yenə də bildirib: “Münaqişənin sülh yolu ilə nizamlanmasına dair konkret danışıqlar və nəticə yalnız o halda mümkün ola bilər ki, Dağlıq Qarabağ nümayəndələri sonda onun statusunu müəyyənləşdirəcək və orada yaşayan insanların təhlükəsizliyini təmin edəcək prosesə cəlb olunsunlar”.68

N.Paşinyan yorulmadan təkrar edir ki, “Dağlıq Qarabağ probleminin hər hansı həlli erməni xalqı üçün, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır” çağırışı cavabsız qalır.69 N.Paşinyandan bunu soruşmaq maraqlı olardı: O, “Dağlıq Qarabağ xalqı” kimi birmənalı olmayan anlayışa əzəldən bu torpaqda yaşayan etnik azərbaycanlıları da daxil edirmi? Axı, aydın məsələdir ki, münaqişənin hər hansı həlli Dağlıq Qarabağın Azərbaycan icmasının maraqları nəzərə alınmadan Azərbaycan üçün məqbul sayıla bilməz.
N.Paşinyanın belə bir mühakiməsi daha sadəlövh görünür ki, münaqişə barədə onun öz baxışı var, amma münaqişənin həllinə “erməni xalqının öz baxışı olmalıdır, çünki bu məsələni baş nazir və ya bir hökumət deyil, məhz o, həll etməlidir”.70 Aydın məsələdir ki, məhz N.Paşinyan bu ölkədə real hakimiyyətə sahib olan baş nazir kimi bu problemin həlli ilə bağlı öz nöqteyi-nəzərini erməni xalqına təqdim etməlidir. N.Paşinyanın özünün də etiraf etdiyi kimi, bu problem (gündəlikdə duran iqtisadi inqilabla yanaşı) erməni dövləti qarşısında duran başlıca çağırışdır. 71

Tamamilə haqlı olaraq belə bir hiss yaranır ki, N.Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə məsuliyyəti özgəsinin üzərinə qoymağa çalışır, çünki gah bəyan edir ki, Qarabağ adından danışıqlar aparmaq hüququ yoxdur, gah da erməni xalqına müraciət edərək bildirir ki, Qarabağ problemini elə onun özü həll etməlidir. Bu, onu göstərir ki, N.Paşinyan “Dağlıq Qarabağ münaqişəsini praktiki olaraq həll etmək istəmir və bunun üçün müxtəlif bəhanələr axtarıb tapır. Bu bəhanələr şüar kimi gözəl səslənsə də, praktiki baxımdan əsassızdır”. 72

N.Paşinyan nizamlamanın baza prinsiplərini və elementlərini təftiş edərək bildirir ki, “Azərbaycanın bu prinsiplərlə bağlı təqdim etdiyi interpretasiyalar bizim üçün qəbuledilməzdir”.73 Mənə elə gəlir ki, Minsk qrupunun həmsədrləri burada, o cümlədən erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və beynəlxalq təhlükəsizlik zəmanətinin verilməsinə cavab olaraq məcburi köçkünlərin qaytarılması kimi nizamlama elementlərinin birinci növbədə həyata keçirilməsi məsələsində qəti nümayiş etdirməlidirlər.
Bununla belə, əgər Ermənistan sivil demokratik dövlət kimi görünmək istəyirsə, onda öz silahlı qüvvələrini beynəlxalq hüququn əsas norma və prinsiplərinə müvafiq surətdə Azərbaycanın hamı tərəfindən tanınmış sərhədlərinin hüdudlarından kənara çıxarmalıdır. Bundan sonra Azərbaycan danışıqlar prosesinə Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin cəlb olunması məsələsini nəzərdən keçirə bilərdi. Əks təqdirdə, Ermənistanın yeni hakimiyyətinin qeyri-konstruktiv ritorikası sayəsində biz yenə də danışıqlar prosesinin növbəti dəfə çıxılmaz vəziyyətə düşməsi ilə üzləşəcəyik.

Sonda bir daha vurğulamaq istərdim ki, N.Paşinyan tərəfindən anons edilmiş “iqtisadi inqilab” və Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə və ədalətli şəkildə nizamlanmadan baş verməyəcək.

Bu kontekstdə amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan müdrik sözlərini Ermənistanın siyasi liderlərinə xatırlatmaq yerinə düşər. O deyib: “Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!” . Qeyd edək ki, C.F.Klark bu fikri çox rəmzi adı olan “Dövlət xadimi axtarılır!” sərlövhəli məqaləsində yazıb.

Düşünürəm ki, bu mürəkkəb dövrdə erməni cəmiyyətinə, sadəcə, növbəti rəhbər deyil, məhz dövlət xadimi lazımdır. N.Paşinyana gəlincə, “Ermənistanın tarixində “müsbət dəyişikliklərə imza atan milli lider” kimi qalması üçün onun yalnız bir variantı var: Qarabağ münaqişəsini həll etmək”. Paşinyan “erməni cəmiyyətinin siyasi elitanın şıltaqlığından”, “davam edən Qarabağ müharibəsindən”, “iqtisadi problemlərdən, yoxsulluqdan və islahatların keçirilməməsindən yorulduğunu” etiraf etsə, belə lider ola bilər. Ən başlıcası N.Paşinyan açıq etiraf etməli və erməni cəmiyyətinə izah etməlidir ki, Ermənistanın bugünkü problemlərinin və onun inkişaf perspektivlərinin olmamasının əsasında həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi durur. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qeyri-qanuni kriminal rejim də bu münaqişənin birbaşa nəticəsidir. Bu gün məhz bu rejim və onun başlıca himayədarları R.Koçaryan və S.Sarkisyan münaqişənin nizamlanması yolunda başlıca maneədir.

Ümid edək ki, Ermənistanın yeni rəhbərliyi, nəhayət, bu faktı dərk edəcək və Ermənistanın birinci prezidentinin acı təcrübəsini nəzərə alaraq, çoxdan gözlənilən sülhü əldə etmək istiqamətində əməli addımlar atacaq.

50 Bax. Гегель Г.В. Ф. Политические произведения. М. 1978, стр. 153.
51 Пашинян усмотрел «заговор»: новый беспорядок весеннего обострения, еadaily.com, 26 мая 2019 г. - https://eadaily.com/ru/news/2019/05/26/pashinyan-usmotrel-zagovor-novyy-besporyadok-vesennego-obostreniya (дата обращения: 27 мая 2019 г.)
52 Кочарян: Мощные оппозиционные силы объединяются, чтобы бросить вызов новым властям Армении», rus.azatutyun.am, 08 мая 2019 - https://rus.azatutyun.am/a/29928927.html (дата обращения: 27 мая 2019 г.)
53 «Союз сторонников Роберта Кочаряна» провел первую встречу, ru.1in.am, 12 мая 2019 - https://ru.1in.am/1258760.html (дата обращения: 27 мая 2019 г.) Внутриполитические интриги в Арцахе и вокруг Арцаха. «Lragir.am» 25 мая 2019 г. - https://www.lragir.am/ru/2019/05/25/149206/ (дата обращения: 27 мая 2019 г.)
54 От карабахского клана Пашиняна может спасти только Азербайджан, day.az,17 мая 2019 - https://news.day.az/politics/1120535.html (дата обращения: 27 мая 2019 г.)
55 Эксперт Сергей Марков: Пашинян и готов был бы пойти на существенные уступки Алиеву, но боится... Moscow-baku.ru, 31.03.2019 - https://moscow-baku.ru/news/politics/ekspert_sergey_markov_pashinyan_i_gotov_byl_by_poyti_na_sushchestvennye_ustupki_alievu_no_boitsya_/ (дата обращения: 27 мая 2019 г.)
56 Наира Айрумян. Креативные методы Карабахского урегулирования, «Lragir.am» 20 декабря 2018 - https://www.lragir.am/ru/2018/12/20/139958/ (дата обращения: 27 мая 2019 г.)
57 Зограб Мнацаканян считает возвращение Арцаха за стол переговоров практической задачей. Armenpress.am, 28 Январь, 2019 - https://armenpress.am/rus/news/962199/ (дата обращения: 27 мая 2019 г.)
58 U.S. Ambassador Mills: I Leave Inspired and Hopeful. Evnreport.com, Oct 15 2018 - https://www.evnreport.com/politics/u-s-ambassador-mills-i-leave-inspired-and-hopeful (дата обращения: 27 мая 2019 г.)
59 Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. 29 mart 2019-cu il. Azərbaycan Respublikası Dövlət İnformasiya Agentliyinin saytı – https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Vyanada_Rusiyanin_TASS_informasiya_agentliyine_musahibe_verib_ (дата обращения: 27 мая 2019 г.)
60 Joint Statement by the Foreign Ministers of Azerbaijan, Armenia, and Russia, and the Co-Chairs of the OSCE Minsk Group. 15 April 2019. The official website of the OSCE - https://www.osce.org/minsk-group/417281 (дата обращения: 27 мая 2019 г.).
61 Эльмар Мамедъяров: На встрече в Москве были приняты определенные решения. 1news.az, 16 апреля, 2019 - http://1news.az/news/el-mar-mamed-yarov-na-vstreche-v-moskve-byli-prinyaty-opredelennye-resheniya (дата обращения: 27 мая 2019 г.)
62 Аналитик: Политически взаимодополняемые заявления министра обороны и директора СНБ Армении направлены на обуздание воинственности Баку. Russia-armenia.info, 1 апреля 2019 - http://www.russia-armenia.info/node/57215 (дата обращения: 27 мая 2019 г.)
63 Executive Summary of the “Report of the OSCE Minsk Group Co-Chairs’ Field Assessment Mission to the Occupied Territories of Azerbaijan Surrounding Nagorno-Karabakh” - https://www.osce.org/mg/76209?download=true (дата обращения: 27 мая 2019 г.)
64 Армине Аветисян. «Повышенная безопасность»: Армянские поселенцы в Нагорном Карабахе». Оc-media.org, 3 октября, 2018 - https://oc-media.org/ru/povyshennaya-bezopasnost-armyanskie-poselency-v-nagornom-karabakhe/ (дата обращения: 27 мая 2019 г.)
65 Н.Пашинян: Народы Армении, Арцаха и Азербайджана достойны мира и прогресса https://eadaily.com/ru/news/2019/05/12/pashinyan-narody-armenii-arcaha-i-azerbaydzhana-dostoyny-mira-i-progressa (дата обращения: 27 мая 2019 г.)
66 Никол Пашинян: “Мы предлагаем Азербайджану повестку мира, а не войны”. “Независимая газета”, 25 апреля 2019 г. - http://www.ng.ru/ideas/2019-04-24/16_7565_ideas01.html (дата обращения: 27 мая 2019 г.)
67 Пашинян: В карабахском вопросе должно быть видение армянского народа. News.am, 22.04.2019 - https://news.am/rus/news/508613.html (дата обращения: 27 мая 2019 г.)
68 Никол Пашинян: “Мы предлагаем Азербайджану повестку мира, а не войны”. “Независимая газета “. 25 апреля 2019 года - http://www.ng.ru/ideas/2019-04-24/16_7565_ideas01.html (дата обращения: 27 мая 2019 г.)
69 Эксперт: Россия не должна смотреть через “армянские очки” на ситуацию в нагорно-карабахском конфликте. https://moscow-baku.ru/news/politics/ekspert_rossiya_ne_dolzhna_smotret_cherez_armyanskie_ochki_na_situatsiyu_v_nagorno_karabakhskom_konf/ (дата обращения: 27 мая 2019 г.)
70 Выступления и послания Премьер-министра РА. 27.03.2019. Официальный сайт Премьер-министра Армении - http://www.primeminister.am/ru/statements-and-messages/item/2019/03/27/Nikol-Pashinyan-Speech (дата обращения: 27 мая 2019 г.)
71 James Freeman Clarke. Wanted, a Statesman! In: Old and New magazine, December 1870, № 6, p.644
72 Карабах - шанс для Пашиняна: сможет ли лидер революции стать лидером нации? EADaily, 16 апреля 2019 - https://eadaily.com/ru/news/2019/04/16/karabah-shans-dlya-pashinyana-smozhet-li-lider-revolyucii-stat-liderom-nacii (дата обращения: 27 мая 2019 г.)
73 Тамилла Нуриева. Зроби це сам. Газета «Каспiй», 25 апреля 2019 -http://www.kaspiy.az/news.php?id=102168 (дата обращения: 27 мая 2019 г.)

Ramiz MEHDİYEV
​Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər