5 İyun 2019 17:55
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi olduqca mühüm hüquqi hadisədir. Erməni diasporunun və lobbisinin kifayət qədər güclü və təsir imkanına malik olduğu bir ölkədə belə bir hüquqi addımın atılması presedent olaraq tarixi əhəmiyyətə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Fransa inzibati məhkəməsinin qərarını Ermənistanın, erməni diasporu və lobbisinin hüquqi müstəvidə bu ölkədəki ən böyük məğlubiyyəti kimi də qiymətləndirmək olar:

“Təbii ki, bu qənaətimi əsaslandıran səbəblər var. Fransada erməni vəkillərdən ibarət çox ciddi bir şəbəkə fəaliyyət göstərir. Onlardan biri qondarma soyqırımı ilə bağlı qanun layihəsinin müəllifi, Jak Şirakın şəxsi vəkili və müşaviri, Nikola Sarkozinin vəkili və yaxın dostu, 2004-2005-ci illərdə Fransanın sənaye naziri olmuş Patrik Devedjyandır. Patrik Devedjyan erməni diasporuna və hüquqşünaslardan ibarət şəbəkəyə rəhbərlik edən, həmçinin erməni biznes şəbəkəsinin maraqlarını qoruyan bir şəxsdir. O, Azərbaycana və Türkiyəyə nifrəti ilə seçilir. Qondarma erməni soyqırımı və işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimin “qanuniləşdirilməsi” ilə bağlı prosesin fəal iştirakçılarından biri Fransa Məhkəmə Palatasının üzvü Sevak Torosyandır. Bu siyahını uzatmaq olar. Amma məqsədim erməni hüquqşünaslarının təqdimatı deyil. Bu nümunələri gətirməklə ermənilərin əleyhinə məhkəmə qərarının qəbul edilməsinin nə qədər mürəkkəb və çətin bir proses olduğunu diqqətə çatdırmaq istəyirəm. Çünki Fransadakı bütün erməni şəbəkəsi inzibati məhkəmənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “xartiya”nı ləğv etməməsi üçün hərəkətə keçmişdi. Lakin məhkəmə ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi”.

E.Mirzəbəyli qeyd edib ki, bu hadisənin ən önəmli cəhətlərindən biri də presedent yaratmasıdır:

“Yəni, bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə bu ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Buna Avropa Məhkəməsi haqqında müqavilə və digər hüquqi-normativ aktlar əsas verir. Qeyd etmək lazımdır ki, Fransa inzibati məhkəməsinin qərarı bu ölkənin qanunlarına və beynəlxalq hüququn təməl prinsiplərinə əsasən qəbul edilib. Amma bununla yanaşı, bu mühüm hüquqi presedentin yaranmasında Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin rolunu, ölkəmizin israrlı mövqeyini xüsusilə qeyd etmək lazımdır. Çünki Fransa məhkəmələrinin tarixində hətta erməni terrorçularına törətdikləri əməllərinə adekvat olmayan cəzalarla bağlı presedentlər də var. Bu sırada terrorçu, hərbi cinayətkar Monte Melkonyanın işi ilə bağlı presedent də var. Patrik Devedjyanın müdafiə etdiyi Melkonyan cəmi 6 illik həbs cəzasına məhkum edilmiş və 4 il sonra vaxtından əvvəl azadlığa buraxılmışdı”.


Müəllif: Səxavət

Oxşar xəbərlər